Çust
Nümunənin reyestr kodu : SD0301000007
Gön-dəri məmulatından hazırlanan çust həm kəndli məişəti üçün əlverişli olması, həm də ucuz başa gəlməsinə görə vaxtilə kənd əhalisi arasında geniş yayılmışdır. Şəhər əhalisinin də yoxsul və ortabab təbəqələri başmaq almaq iqtidarında olmadıqlarından, çox vaxt çusta üstünlük verirdilər. Çustun altlığı aşılı göndən, üzlüyü tumac və ya kosaladan tikilir və gündəlik geyilən yüngül ayaqqabı növü sayılırdı. Alt hissəsi düz, daban döşəməsi yumşaq, üstü isə bəzəksiz tikilən çust həm də dözümlüyünə görə digər ayaqqabı növlərindən üstün sayılırdı. Çust xüsusilə yağmurlu-qarlı havalarda əhalinin ayaq geyiminə olan tələbatını yaxşı ödəyirdi. Başmağa nisbətən ucuz başa gəldiyinə görə kənd əhalisi üçün daha sərfəli ayaq geyimi idi. Məhz bu səbəbdən onu əhalinin bütün təbəqələri əldə edib geyinə bilirdi.
Dağ kəndlərində çust qoca kişilərin ayağında yaxın zamanlaradək qalmaqda idi. Xüsusilə yağmurlu şəraitində, bataqlı-gölməçəli kənd yollarında çust arxası açıq başmaqdan üstün tutulurdu. Belə ki, çustun pəncə üstü ilə yanaşı, daban çevrəsi də bağlı biçilib tikilirdi. Çust tikən ustalar adətən çustluq ipi qalın götürür, yaxşıca mumda “yedirdir”, sonra çəkməçi iynəsinə saplayaraq bizlə açılmış deşiklərdən tikmə işini davam etdirirdilər. Bir qayda olaraq çustun ülgüsünün götürülməsi və biçmə prosesini çustçu usta, tikmə işini isə kargər və şagird yerinə yetirirdi. Əhali üzlüyü qara meşindən olan çustu daha yüksək və davamlı ayaqqabı hesab edirdi.
Çust kəndin qadın və kişi əhalisinin, şəhərin isə əksər kişi əhalisinin ayaq geyimi idi. Onu hasilə gətirildiyi materialın növünə görə də fərqləndirirdilər.
Çust yerli əhalinin məişətinə çox gec, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, ticarət əlaqələri nəticəsində “çuvyak” adı ilə daxil olsa da, əməli cəhətdən sərfəli olduğuna görə tezliklə onun kütləvi istehsalına başlanılmış və bütün bölgələrdə geniş yayılmışdır. Quba bölgəsində o, “kalış” adı ilə tanınırdı. Etnoqraf İ.Məmmədova Təbriz şəhər əhalisinin ayaq geyimləri arasında çustun da olduğunu qeyd edərək, bu ayaqqabıların XIX əsrin 30-cu illərində Qarabağdan Təbrizə köçənlərin əsasını qoyduğu Çustduzan (Çust tikənlər) məhəlləsində istehsal edildiyini yazır.
Çustu, adətən, ayağa corab geyindikdən sonra onun üstündən geyinirdilər. Gündəlik geyinilən çust Azərbaycanın bütün bölgələrində, xüsusilə Şəki, Şirvan, Gəncəbasar, Qarabağ, Quba, Bakı-Abşeron bölgələrində XIX-XX əsrin ortalarına qədər dəbdə olan ayaq geyimi olmuşdur. Dağlıq Şirvanın Lahıc qəsəbəsində isə pinəçi Qulamhüseyn kişi XX əsrin 80-ci illərinə qədər çust tikməklə məşğul olmuşdur. Azərbaycanda çustçuluq bir sənət növü kimi öz fəaliyyətini təxminən 100-150 ilə qədər qoruyub saxlaya bilmişdir. XIX əsrin sonu-XX əsrin əvvəllərindən başlayaraq xalqın geyim dəstinə rus və Avropa ayaq geyimlərinin tədriclə daxil olması, həm kişi, həm də qadın ayaq geyimi olan qaloşun kütləvi istehsalı çarıq, patava, dolaq, başmaq, məst və s. ayaq geyimləri kimi çustu da sıxışdırıb məişətdən çıxarmış, ayaq geyimlərində keyfiyyət dəyişiklikləri əmələ gəlmişdir. Yüngüllüyü, yumşaqlığı, ucuz başa gəlməsi və dözümlüyü bu gün də qaloşun kənd əhalisinin ayaq geyimləri içərisində üstünlüyünü qoruyub saxlayır.