AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Balış üzü

Nümunənin reyestr kodu : SD0600000002

Balış (nazbalış) ailə məişətində gündəlik işlədilən yataq və istirahət dəsti içərisində əhəmiyyətli yerlərdən birini tutur. Qonaq otaqlarında, saray və məscid hücrələrində, ibadət zallarında, məbədlərdə, təkyə və ziyarətgahlarda, karvansaralarda, bir sözlə, yatmaq və dincəlmək gərək olan hər yerdə balışa ehtiyac duyulmuşdur. Balışı, bir qayda olaraq, ev quşlarının, bəzi hallarda isə vəhşi quşların tükündən hazırlayırdılar. Toyuq, qaz və ya ördəyin yolunmuş yumşaq tüklərini yuyub qurudur, sonra onu dördbucaqlı formada, müxtəlif ölçülərdə biçilib tikilən, tükkeçirməz qalın ağ və ya bezdən olan balış astarının içərisinə doldururlar. Bundan sonra balış astarının üzünə balış üzlüyü deyilən xüsusi örtük çəkilirdi. Adətən balış üzlüyü də astar kimi biçilib-tikilir, astardan 1-3 sm böyük olurdu ki, astar çəkilmiş balış üz örtüyünün içərisinə sərbəst yerləşdirilə bilsin.

Keçmişdə balış üzlüyü və astarının bir yerdə tikilməsi təcrübəsi də olmuşdur. Astardan fərqli olaraq balış üzlüyü əlvan və parlaq parçalardan (qanovuz, atlaz, mahud, zərxara və s.) hazırlanır, üzəri təkəlduz, doldurma tikiş, pilək və güləbətin tikmə üsulu ilə bəzədilir, ağız hissəsinə ilgək-düymə tikilərək ətrafı köbələnirdi. Ən yüksək keyfiyyətli və yumşaq balış qu quşunun tükündən hazırlanmış “qu tükü balışı” hesab olunurdu. Belə balış, adətən, “nazbalış” qismində əziz qonaqların, ağsaqqalların və ailə başçılarının istirahəti üçün təklif edilirdi.

MATM Etnoqrafiya Fondunda çoxlu miqdarda balış üzlükləri (EF – 6053, 7688, 4227, 8412, 6662, 4244, 2867, 4059, 4143 və s.) mühafizə olunur ki, onlardan bəziləri ilə tanış olsaq, bu yataq və istirahət ləvazimatı haqqında təsəvvürlərimiz əyani qaydada reallaşar. Bu saxlanclar içərisində gəlin cehizliyi üçün nəzərdə tutulan və varlı ailələrə məxsus olan balış üzlükləri xüsusilə seçilir. Adətən, hər bir gəlinin cehizlik boxçasında böyük diqqətlə və zövqlə hazırlanan bir neçə belə balış üzünün olması vacib sayılırdı. 1966-cı ildə 206 №-li akta əsasən şuşalı şair, musiqiçi, rəssam və həkkak Mir Mövsüm Nəvvabın qız nəvəsi Ağayeva Simuzər Məhəmməd qızından alınan balış üzünün (EF-5741) üstü yaşıl rəngli mahud parçadan, astarı isə bənövşəyi rəngli, ağ zolaqlı qanovuz parçadan tikilmişdir. Üzərində müxtəlif rəngli ipək saplarla və piləklə tikmələri vardır. Ortada – dairə içərisində səkkizguşəli ulduz, dörd küncündə isə üç ləçəkli yarpaq naxışı vardır. Ətrafına tutulmuş çəhrayı rəngli burma qaytan balış üzünün ümumi görünüşünü daha da gözəgəlimli edir. Üzəri ipək sapla toxunmuş digər bir balış üzünün (EF-5705) səthi paxlava naxışlıdır. Üzərində müxtəlif rəngli qanovuzdan quramanı xatırladan üçbucaqlar düzəldilmişdir. Üçbucaqların uclarına ilmə və altı ədəd – üçü çəhrayı və üçü də yaşıl düymə bənd edilmişdir. Balış üzlüyünün ağız hissəsinə qırmızı qanovuzdan köbə də tikilmişdir. Gəlin cehizliyi içərisində nazbalış üzlüklərinə daha çox üstünlük verildiyindən, Muzeydəki əksər balış üzlüklərinə bu cür tərtibat verilmişdir. Onlardan biri (EF-6892) tikmə məmulatı olub, qırmızı rəngli mahud parça üzərində pilək və müxtəlif rəngli saplarla doldurma tikişləri vardır. Ölçüsü 93 sm x 75 sm olan və astarsız tikilən nazbalış üzünün üstünə nabati və heyvani təsvirlər tikmələnmişdir.

Ümumiyyətlə, keçmişdə cavan qız-gəlinlər həyatları boyu böyük həvəs və hövsələ ilə əllərində olan müxtəlif növ bədii təsvir vasitələrindən istifadə edərək, öz geyim və məişətlərini bəzəyib, könül oxşayan yaraşıqlı hala salmağa çalışardılar. Qızlar, adətən, gələcək adaxlı və ya nişanlıları, habelə onların ailə üzvləri üçün pul kisəsi, tənbəki kisəsi, üzərlik qabı, saat qabı, daraq qabı, yük üzü, mütəkkə üzü, müxtəlif növ örtük və pərdələr, sürmədan, ətir qabı və qələmdan kisəsi, canamaz, möhür qabı, quran qabı, qayçı qabı, araqçın, külah, təsək, habelə zimpuş, at çulu, o cümlədən də yastıq (balış) üzü kimi cer-cehiz tədarük edib bəzəyərdilər. Hazırda cehiz tədarükü təlabatı satınalma fabrik-dükan malları ilə ödənilir. İndi daha çox sintetik (sellofan) və ortopedik yastıqlar istehsal olunur.

Keçmişdə yataq dəstinə daxil edilən balış adi balış (saya), cehizlik balış (bəzəkli) və nazbalış (qu tüklü balış) olmaqla üç tipoloji qrupda təsnif olunmuşdur.

Yataq dəsti kimi balışdan nə vaxtdan istifadə edildiyini söyləmək çətindir. Belə güman etmək olar ki, bəşərin mədəniyyət mərhələsinə keçidilə əlaqədar olaraq oturaq məskunlaşan tayfa və nəsillər yatmaq və dincəlmək qayğısına da qalmış, bunun üçün yataq ləvazimatları hazırlamışlar. İlkin orta əsrlərdə isə artıq mütəkkə və balışdan istifadə gündəlik təlabata çevrilmişdir. Orta əsr miniatür sənəti nümunələrində istrahət zamanı şahzadələrin balışdan istifadə etdiyinin şahidi oluruq. Dədə Qorqud zamanından üzü bəri cehiz vermə adəti olmuş və cehiz dəstinə balış (balış üzlüyü) də daxil edilmişdir.