AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xirqə

Nümunənin reyestr kodu : SD0304000028

Xirqə (xırka) – sufi dərvişlərinin üst geyim növü olub (çuxaya bənzər uzun ətəkli geyim) xırda parça hissələrindən və zolaqlarından tikilmiş, astarı adətən qoyun dərisindən, bəzən də xəzdən olan geyimdir. Bəzən xirqəni cübbənin altından geyilən içi pambıqlı qısa geyim kimi də təqdim edirlər, amma əksər halda xirqə dərvişlərin geyindiyi uzun üst paltarı kimi təqdim edilir. Sufilikdə təriqət mürşidi, piri tərəfindən xirqənin geyindirilməsi bir ritual olub, müridin əziyyətlərə qatlaşaraq təhsilini (müridlik mərhələsini) başa vurmasının göstəricisi idi. Başqa sözlə desək, xirqə, haqq yolçusunun ləyaqəti yoxlanılıb təsdiq ediləndən sonra təriqət mürşidi və piri (buna "piri-xirqə" deyilir) tərəfindən ona bağışlanırdı. Sufilər xirqə geyindirmək ənənəsinin Həzrət Məhəmməd peyğəmbər (s.) dövründən məlum olduğunu iddia etmişlər. Onların fikrincə, Həzrət Məhəmməd peyğəmbər (s.) bir neçə köynəyin parçalarından qara rəngli kiçik bir geyim hazırlamış və Ümmi-Xalid adlı bir qadına geyindirmişdir: bununla da xirqə geyindirmək dəbinin əsasını qoymuşdur.

Sufi mənbələrində üç cür xirqədən söhbət açılır: iradət xirqəsi, təbərrük xirqəsi və vəlayət xirqəsi. İradət xirqəsini müəyyən bir səviyyəyə çatmış müridin əyninə mürşid geyindirir və bununla da Allah-Taalanın lütfünə nail olduğunu ona müjdə verir. Başqa sözlə desək, mürid seyrü-süluk yolunda nailiyyətlərinə uyğun olaraq, iradət xirqəsini özü qazanır. Təbərrük xirqəsini mürid öz şeyxindən (mürşidindən) xahiş edir. Yəni şeyxə qarşı duyduğu məhəbbət üzündən ondan bir xatirə və yadigar olaraq xirqəsini istəyir. Əgər mürid bu cür hədiyyəyə layiqdirsə, mürşid təbərrük xirqəsini ona bağışlayır. Vilayət xirqəsini isə mürşid, özündən sonra naib və canişin kimi görmək istədiyi və müridlər arasında ən üstün bildiyi şəxsə rəhbərlik rəmzi kimi verir.

Dərvişlər, müridlər arasında xirqə geyinmək böyük fəxarət sayılırdı. Ömər Sührəverdinin təbirincə desək, “xirqə geyinmək mürşid ilə mürid arasında bir bağlantı və müridin nəfsi ilə özü arasında mürşidin hakimiyyətini qəbul etməsidir”. Xirqə geyən salik elə bil ki, nəfsini mürşidinə təslim edir, onun əmr və göstərişlərinə boyun əyir, yalnız onun tövsiyələrinə uyğun hərəkət edirdi. Bu həm də Allah və Rəsulunun hökmü altına girmək demək idi. İlk dövrlərdə sufilər yalnız ağ rəngdə xirqə geyinirdilər. Sonralar ağ parçanın tez kirləndiyini və yuyulmağa möhtac olduğunu nəzərə alaraq rəngli xirqələr geyinməyə başladılar. Sufilərin fikrincə, ağ geyimin savabı çox olsa da, onu yumaq insanı ibadətdən ayırır və təriqət işləri üçün insanın az vaxtı qalır. Buna görə də zaman keçdikcə, sufilər kirlənməyə qarşı daha davamlı olan parçalara (xüsusilə, mavi və göy rəngli) üz tutdular. Ümumiyyətlə, sufilikdə təmizliyə və paklığa riayət etmək əsas şərtlərdən sayılırdı. Sufi hər nə geyinirsə-geyinsin, mütləq təmizliyi qorumalıdır.

Sufi dərvişlərinin üst geyim növü olan xirqə üç cür olmuşdur: iradət xirqəsi, təbərrük xirqəsi və vəlayət xirqəsi. Xirqələr həm də rənginə (ağ, göy və mavi), ətək quruluşuna (uzun ətək və qısa ətək), materialına (yun parça, ipək parça, astarı pambıqdan və qoyun dərisindən olan və xəzli xirqə) bir-birindən fərqlənirdilər.

Xirqə üst kişi geyim növü İslam mədəniyyəti bərqərar olduğu dövrdən (VII-VIII əsrlərdən) Azərbaycanda məlum olmuş, sufiliyin əsas atributlarından biri kimi dərviş geyimləri dəstinə daxil edilmişdir. “Dini terminlər lüğəti”ndə xirqə dərviş üst paltarı, “xirqəpuş” isə xirqə geyinən dərviş, zahid kimi qeyd olunur. “Ərəb və fars sözləri lüğət”ində isə xirqənin ərəb sözü olduğu, bu sözlə ifadə olunan geyimin dərvişlərin geydikləri üst paltar, cübbənin altından və gecə köynəyinin üstündən geyilən pambıqlı paltar kimi izahı verilir. İbn əl-Əsir özünün “Əl Kamil fi-t-tarix” əsərində azərbaycanlı əhalinin tatarların böyük padşahına verdiyi xirqədən bəhs edir və qeyd edir ki, azərbaycanlı dərzilər indiyə qədər misli görünməmiş gözəl xirqələr tikdilər. Onların üzünü gözəl və zərli atlasdan, astarını samur və qunduz dərisindən tikdilər.

Təbriz şəhərinin kişi əhalisinin – dərvişlərin dini geyimləri arasında xirqə də vardı. Bəzən yun xirqəyə “dərq” də deyilirdi. Onun üzərinə müxtəlif parçalardan yamaq salınırdı. Bütün bu deyilənlərdən məlum olur ki, xirqə təkcə dərviş geyimi olmamış, mülki əhali də ondan yararlanmışdır. Maraqlıdır ki, qonşu Türkiyənin müasir geyim növlərindən bəhs edən V.P.Kurılyev xirqənin pambıq astarlı qısa gödəkçə olduğunu və Türkiyə kəndlərində soyuq havalarda yaşlı qadınların geydiyini qeyd edir.