AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Düymə

Nümunənin reyestr kodu : SD0303000004

Geyim bəzəklərinin ən geniş yayılmış növlərindən biri düymələrdir. Etnoqrafik ədəbiyyatda düymələr qəlibkarlıq üsulu ilə hazırlanmış dairəvi formalı və qoza düymələrə bölünür. Bundan əlavə, Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Etnoqrafiya fondunun materialları əsasında ipək sapdan hazırlanmış düymələrdən də istifadə olunduğunu söyləmək mümkündür. Əsasən zərgərlər tərəfindən hazırlanan metal düymələr müxtəlif forma və naxış elementlərinə malik olmaqla, həm Azərbaycan zərgərlik incəsənətinin yüksək səviyyəsindən soraq verir, həm də yüksək estetik-bədii zövqə malik Azərbaycan qadınının bəzək elementlərindən istifadə bacarığının rəngarəngliyini təsdiqləyir.

Adətən qızıl, gümüş, mis və bürüncdən hazırlanan düymələrin estetik gözəlliyini artırmaq məqsədilə onlara müxtəlif daşlardan qaşlar da əlavə edilir. MATM-in Etnoqrafiya fondunda saxlanılan tökmə üsulu ilə hazırlanmış düyməyə arxa hissədə paltara tikmək üçün ilgək lehimlənmişdir. Diametri 1,6 sm. olan bu düymənin üzəri nəbati təsvirlidir və qarasavadla örtülmüşdür. Eyni üsulla hazırlanmış 3 sm-lik diametrə malik digər düymənin estetik baxımlılığını artırmaq üçün mərkəzi hissəsində qübbənin içərisində qırmızı rəngli şüşədən qaş qoyulmuşdur. Qübbənin ətrafı boyunca qıvrım bəzək elementi bəndlənmişdir. Düymənin qalan hissəsi nəbati naxışla tərtiblənmiş, üzəri qarasavadla örtülmüşdür. İlgək düyməyə lehimlənməklə birləşdirilmişdir. Bu tipli düymələr, bir qayda olaraq, zərbetmə üsulu ilə hazırlanmışdır.

Azərbaycan zərgərlik sənətinin geniş yayılmış və qədim tarixə malik olan döyməqəlib və şəbəkəçilik üsulu ilə hazırlanmış məmulatlar arasında düymələr də özünəməxsus yer tutmuşdur. MATM-in Etnoqrafiya fondunda şəbəkə üsulu ilə hazırlanmış düymələrin bir neçə nümunəsi mühafizə olunmaqdadır. Belə düymələr varlı qadınların geyim dəstinə daxil olaraq geyimlərə xüsusi gözəllik və dəbdəbə bəxş edirdi. Onlar əsasən çəpkən, arxalıq kimi çiyin geyimlərində istifadə edilirdi. Misdən şəbəkə üsulu ilə hazırlanmış düymə fondun nadir materiallarından biri olmaqla, sənətkarlıq baxımından da diqqəti cəlb edir. Düymənin şar forması kəsb edən baş hissəsinə firuzə qaş oturdulmuşdur. İlgəyə doğru getdikcə yığılaraq armudvari forma alan düymələr 3 sm uzunluqdadır və istənilən geyimə gözəllik bəxş etməyə qabildir. Şəbəkə üsulu ilə hazırlanmış düymələrin digər bir nümunəsi də öz unikallığı ilə heç də əvvəllkindən geri qalmır. Bu düymələr iki hissədən ibarət olmaqla hazırlanmışdır. Düymənin baş hissəsi şəbəkə üsulu ilə hasilə gətirilmiş qozadan ibarətdir. Qoza qəlibkarlıq istehsal üsulu ilə hazırlanmış konusvari boruya lehimlənmişdir. Düymənin qurtaracağına geyimə bəndləmək üçün ilgək lehimlənmişdir. Ümumi uzunluğu 5 sm-dən ibarət olan düymələr misdən düzəldilmişdir.

Muzeyin Etnoqrafiya fondunda tökmə şəbəkə texnikası ilə hazırlanmış düymələrə də tez-tez təsadüf olunur. Belə düymələr adətən gül formasında tökülməklə ilgək bir baş düyməyə lehimlənirdi. Tökmə şəbəkə üsulu ilə hazırlanmış digər düymə xalq arasında “qoza düymə” adı ilə tanınır. Belə düymələr ucuz başa gəldiyindən kasıb təbəqə qadınları da geyimlərində ondan istifadə edirdilər. Etnoqrafiya fondunda mühafizə olunan bu tip düymə nümunəsi çox işləndiyindən üzərindəki naxış elementləri deformasiyaya uğrayıb. Atmaqol arxalıq və çəpkənlərin qollarına da bəzən xırda düymələr düzmək adət halını almışdı. Ənənəvi milli geyimlərə əlavə olunan atmaqollar dekorativ səciyyə daşıdığından, onlar ehtiyac yarandıqda düymələnirdi.

Qadın geyim bəzəklərinin vacib elementi olan düymə materialına görə tunc, sürmə, sümük, sədəf, ağac, mis, dəmir, qızıl, gümüş və ipək sapdan hazırlanan düymə; formasına görə dairəvi, yarımkürəvi, konusvari, yastı və qoza düymə; istehsal texnologiyasına görə isə qəlibkarlıq üsulu ilə hazırlanmış düymə və şəbəkəçilik üsulu ilə hazırlanmış düymə kimi qruplaşdırılır.

Miladdan əvvəlki dövrlərə aid Mingəçevir, Xanlar, Xaçbulaq, Qazax, Çovdar ərazilərdə aparılan arxeoloji qazıntılar zamanı çoxlu miqdarda düymələr əldə edilmişdir. Bu qədim düymələr tunc, sürmə, sədəf, sümük və ağacdan hazırlanaraq forma etibarilə yarımkürəvi, yastı və konusvari görkəmdədir. Onların bəzilərinin üzərinə konsentrik halqalardan ibarət qabarıq naxışlar da vurulmuşdur. MATM-in Xüsusi fondunda mühafizə olunan qızıl və gümüş düymələr Azərbaycanda əsrlər boyu düymədən istifadəni əyani sübut edir. Qızıl düymədən kütləvi şəkildə istifadə olunmasa da, əhalinin varlı təbəqəsi belə qiymətli düymələri antik dövrdən etibarən geyim dəstinə əlavə edə bilmişdir. XX əsrin 20-30-cu illərindən sonra geyim mədəniyyətində baş verən dəyişikliklər (yaxası qızıl-gümüş düyməli, çarpaz-çarışqalı arxalıq, nimtənə, pullu çəpkən, ləbbadə, küləcə, baharı kimi geyimlərin kütləvi istifadədən çıxması) və sovet üsul-idarəsinin bahalı düymələrdən istifadəni əngəlləməsi nəticəsində onlar əridilərək yeni dəbə uyğun məmulat istehsalına sərf olunmuş, əvəzində isə sümükdən, buynuzdan, sədəfdən və b. materiallardan hazırlanan düymələr məişətə daxil olmuşdur.