Qurşaq
Nümunənin reyestr kodu : SD0304000021
XIX əsr kişi geyim komplektində mühüm yer tutan qurşaq imkandan asılı olaraq, müxtəlif növ parça materialından düzəldilirdi. İrəvan azərbaycanlılarının geyim dəstində eni 62 sm, uzunu 242 sm olan qırmızı rəngli, ağ-qara çiçəkli çitdən hazırlanmış qurşaq mühüm yer tutmuşdur. Mötəbər şəxslər, ruhani, tacir və baqqallar, bir qayda olaraq, arxalığın üstündən qurşaq dolayır, kasıblar qayış-kəmər, varlılar isə qızıl kəmər, gümüş təkbənd bağlayırdılar. Kişi qurşaqları ya yer hanasında zərif quzu yunu ipindən toxunur, ya da parçadan tikilirdi. Ortayaşlı kişi qurşağının eni təxminən 2-3 qarış, uzunluğu isə 3-4 arşın olurdu. Müxtəlif əhali təbəqələrini bağladıqları qurşağın rənginə görə ayırmaq mümkün idi. Belə ki, varlılar Kirman şalından hazırlanan ağ qurşaq, din xadimləri yaşıl, yoxsul və ortabab əhali isə qonur, qəhvəyi və qara rəngli qurşaq bağlayırdılar.
Qurşağın qatlarından, adətən, cib kimi istifadə olunurdu. Keçmişdə ağ və digər yekrəng qurşaqlar daha geniş yayılmışdı. Lazım gələndə ondan süfrə, örtük, kəfən kimi də istifadə etmişlər. Arxalıq sərbəst halda geyildikdə onun belinə, adətən, qurşaq bağlanardı. Keçmiş məişətdə ipək və ya keci qurşaqlar dəb olmuşdur. Abşeron kəndlərində və Bakı şəhərində varlı kişilər bellərinə dəvə yunundan toxunma “dügürd” parçadan qurşaq bağlayarmışlar. “Dügürd qurşaq” həm də ənənəvi geyim dəstində sosial zümrə fərqlərinin mühüm göstəricilərindən biri idi. Əyninə mahud paltar (şalvar, köynək, arxalıq, çuxa) geyən, başına sür papaq qoyan, ayaqlarına sağrı, başmaq, yaxud “qunclu” uzunboğaz çəkmə geyən kişilər bellərinə, adətən, dügürd qurşaq bağlayardılar. Qurşaq, xüsusilə ruhani şəxslər, tacir, baqqal, arşınmalçı və b. arasında geniş yayılmışdı.
Keçmişdə qurşaqlar rənginə (ağ, yaşıl, qonur, qəhvəyi, sarı, narıncı, qızılı, qara); hazırlanmasında istifadə olunan materialın növünə (ipək, şal), ip, dəvə yunu (dügürd qurşaq) və ölçülərinə görə bir-birindən fərqləndirilirdi. Orta əsrlərdə altunlu, bəzəkli, qurquma (qurama), qotazlı qurşaqlar da mövcud olmuşdur.
Bel geyimi kimi qurşağın adına hələ “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlinir. Tədqiqatçılar qeyd edirlər ki, qurşaq geyim dəstini tamamlayan elementlərdən biri olub, oğuz igidləri tərəfindən də istifadə edilirdi. Dastanda Qazılıq Qoca oğlu bəg Yegnək haqqında “qara quş ərdəmlü, qurqurma qurşaqlı, qulağı altun küpəli” təyinləri işlədilir. Mütəxəssislər dastanda adı keçən “qurqurma qurşağ”ın “qurama qurşaq” olduğunu və kəmər parçadan diaqonal boyunca kəsilmiş zolaqlardan calanaraq hazırlandığını ehtimal edirlər.
Azərbaycanda İslam dininin bərqərar olması ilə qurşaq dini zümrəyə mənsub molla, əfəndi, axund, müfti, seyid və b. əhali arasında kütləviləşməyə başlamışdır. Bütün orta əsrlər boyunca belə sarınan qurşaq haqqında məlumatları dövrün qələm sahiblərinin əsərlərindən, təsvirlərdən, miniatürlərdən və s. əldə etmək mümkündür. XVI əsr geyim mədəniyyəti haqqında bəhs edən müəlliflər yazırlar ki, bu dövr “geyimlərinin maraqlı ünsürlərindən biri də üst geyimlərə (xələt, qəba) beldən bağlanan qurşaqlar idi. Qurşaqları həm kişilər, həm də qadınlar bağlayırdılar. Təbriz miniatürlərində biz bu qurşaqların müxtəlif növlərinə rast gəlirik. Əsas etibailə qurşaqlar ipək parçadan və yaxud qızılı-gümüşü saplarla toxunmuş xara parçalardan hazırlanırdı. Daha şox bəzənilən qurşaqlar qızılı, sarı, yaşıl, narıncı rəngdə olardı. Bu qurşaqların uzunu çox vaxt 4-5 metrə, eni 40-50 sm-ə çatarmış. Qurşaqların axırı qəşəng qotazlar ilə bitərmiş”. XVI-XVII əsrlərdə qızılbaşların arxalıq geyinərək bellərinə çox iri qurşaq sarımağı və qurşağın üstündən gilənar rəngli şal bağlamaqları da mənbələrdə qeyd olunur.
Türkiyə əhalisinin milli geyimlərini araşdıran V.P.Kurılyov ipəkdən uzun və rəngarəng qurşaqların türk qadın və kişilərinin milli geyimlərinin ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləyir. Qadınlar onu kəmər yerindən sinələrinin ortasına kimi xalatın üstündən sarıyırdılar. Özlərinə məxsus bütün gərəkli əşyaları qurşaqda saxlayırdılar. Müəllif R.Yetişən adlı tədqiqatçıya istinadən yazır ki, qadınlar ancaq öz dəfnlərində xərclənə biləcək və “ölümlük paraları” adlandırdıqları kəfənlik pullarını xalata sarıdıqları qurşaqda saxlayırdılar. Gəlinlik geyim dəstinə daxil olan qurşağı hər bir gəlin özü hazırlamalı idi. Qurşaq Orta Asiya xalqları arasında da geyim elementi kimi vacibliyini qoruyub saxlayırdı. Göründüyü kimi, qədim dövrlərdən kişi və qadın geyim dəstində tamamlayıcı element olan qurşaq öz mühafizəkarlığını XX əsrin əvvəllərinə qədər qoruyub saxlamış, hazırda ondan dini zümrəyə mənsub olanlar geyimlərində istifadə edirlər.