AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qadın üst köynəyi

Nümunənin reyestr kodu : SD0304000031

Qadın üst geyim tiplərinin əsas elementlərindən biri üst köynəyi idi. Azərbaycanın bütün etnoqrafik bölgələrində üst köynəyi ayrı-ayrı məhəlli xüsusiyyətləri (bunlar özünü xırda detallarda göstərirdi) nəzərə almasaq, demək olar ki, ümumi səciyyə kəsb etmişdir. O, kəsmə və tuniki biçim üsulunda tikilərək, qollarının ağzı bilərzikli və yelpazəli olurdu. Sahibinin iqtisadi imkanından asılı olaraq, qadın üst köynəyi bahalı parçalardan (qanovuz, darayı, bursa, atlaz, mov, xara, alışı), həmçinin ucuz başa gələn pambıq, yun və kətan parçalardan (satin, fay, şal, çit) tikilir, qoltuğunun altına isə fərqlənən parçadan xiştək qoyulurdu. Adətən yelpazəli üst köynəyi boyunduruqsuz olur, yaxa və boyun kəsiyinin ətrafına üstü rəngli saplarla işlənmiş yaxalıq tutulurdu. Bəzən bu cür dekorativ bəzək elementləri (“sarımabafta”, “hərəmi”, “qaragöz”, “qaytan” və s.) üst köynəyinin qollarının ağzına (bilərziklərinə və ya məcələrinə) və yan çapıqlarına (peş) da vurulurdu. Köynəyin qabaq ətəyinə üstü metal qulplu sikkələr (qızıl və gümüş abbasılar) və müxtəlif döymə, basma və kəsmə bəzəklərlə (midaxıl, pilək, zərənduz-çaxma pilək və s.) zəngin olan “ətəklik” tikilirdi. Belə köynəklərin ətəyi, bir qayda olaraq, tumanın üstündən salınırdı.

Qolları bilərzikli (məcəli) köynəyin yaxası düzbiçimli olub, boyunduruqlu tikilirdi. Gürcüstan Dövlət Muzeyinin fondunda saxlanılan sarı rəngli təbii ipəkdən (qanovuz) hazırlanan belə köynəklərin birinin ətəyinə iki formada bəzək (gümüşdən iki qəpiklik boyda, üzərində 8 güşəli ulduz həkk olunmuş pullar və 5 çıxıntılı zınqırovu və ya insan əlinin barmaqlarını xatırladan bəzək) tikilmişdir. Bu köynəkdə xiştək qoyulmamış, buna görə də qol gövdəyə çiyin tikişləri olmadan birləşdirilmişdir. Ətək yanları çapıq tikilən köynəyin yaxa kəsiyi və bilərziyi (məcəsi) qızılı saplarla işlənmişdir. Köynəyin enli bilərziyə tikilən hissəsinə dekorativ bəzək xarakteri daşıyan “ağızlıq” əlavə olunmuşdur. Belə qadın üst köynəkləri Azərbaycanın əksər etnoqrafik bölgələri (Qarabağ, Şirvan, Muğan, Gəncəbasar, Bakı) üçün xarakterik geyim tipi olmuşdur.

Köynək tikilərkən yaş fərqi ciddi nəzərə alınır, qız və gəlinlərin köynəkləri göz oxşayan rəngli parçalardan (qırmızı, sarı, çəhrayı, bənövşəyi, yaşıl, qızılgülü və s.) yüksək zövqlə biçilib-tikilir, qadınlar tünd (göy, palıdı və s.), qoca qarılar isə qara rəngli parçalara üstünlük verirdilər.

Köynək tipli qadın geyimi ən qədim dövrlərdə bədənə sarınan sarıq şəklində olmuş, sonralar mütəmadi olaraq sənət imkanlarının artması nəticəsində köynək şəklinə düşmüşdür. Onun adına “Kitabi-Dədə Qorqud” dastanında “kömlək” şəklində rast gəlinir. Orta əsr mütəfəkkirlərindən Nizaminin, Xaqaninin, İ.Şirvaninin, Q.Təbrizinin və b. əsərlərində, miniatür sənət nümunələrində qadın üst geyimi kimi köynəyə tez-tez rast gəlinir. Qədim üst qadın geyin tipi olan köynək hazırda da xalqın istifadəsindədir. Azərbaycanın Cənub bölgəsində, Naxçıvanda, Şəki-Zaqatala bölgəsinin bir çox kəndlərində, eləcə də Quba-Qusarın dağlıq hissəsində uzunətək köynək geniş yayılmışdı. Dizdən aşağı (topuğa qədər) çatan belə köynəyin biçim üslubunda fərq olmasa da, həm uzunluğu, həm də ətəklərinin getdikcə genəlməsi ilə əvvəlki köynəklərdən fərqlənirdi. Uzun ətəkli və çoxtaxtalı tumanın üstündən geyilən belə köynəklərdə yan çapıqları da nisbətən böyük olurdu.

Ordubad bölgəsində qadın geyimlərinin tərkib hissəsi olan belə köynəklər XIX-XX əsrin əvvəllərində “oyma” adlanmışdır. Maraqlıdır ki, indi də Naxçıvan MR-də fabrik istehsalı olan qadın geyimi “oyma” adlanır. Bununla yanaşı, Ordubad qadınları qurşağa qədər çatan qısa, ilgək-düyməsiz, bütöv biçimli, nisbətən geniş ölçülü “çəpkən-köynək” adlanan üst köynəyinə də üstünlük vermişlər.

Qarabağ bölgəsində tuniki və kəsmə (doğrama) biçim üsulu ilə tikilən qadın üst köynəyinin qollarının ağzı bilərzikli və ya yelpazəli olur, qoltuğunun altına fərqli parçadan xişdək qoyulur, boynu isə həm boyunduruqlu (“dik yaxa”), həm də boyunduruqsuz olurdu. Nülufər qollu köynəklərin yaxa və boyun kəsiyinin ətrafına yaxalıq tutulur, qol ağzına və yan çapıqlarına dekorativ bəzək elementləri salınırdı.