AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qadın şalvarı

Nümunənin reyestr kodu : SD0305000006

Əməli əhəmiyyət kəsb edən və rahat geyim növü olan şalvar mütəhərrik elat məişətinə müvafiq həyati ehtiyacdan yaranmışdır. Köçəbə məişət tərzinin minik nəqliyyatı ilə bağlı olması bu geyim tipini zəruri etmişdi. Bu mənada qadın şalvarı köçəri məişət tərzinə məxsus geyim növü sayılır. Elat qadınları bir qayda olaraq, darbalaq şalvarın üstündən mütləq tuman geyərmişlər. Tumanın uzun ətəyi hərəkətə mane olmasın deyə, adətən, onun dal ətəyini paçanın arasından yuxarı çəkib nifənin qabaq tərəfinə sancırdılar. Beləliklə, gen tuman iki balaq şəklinə düşürdü. Keçmişdə Şirvan qadınları, xüsusilə padarlar “cütbalaq” adlanan və hər balağı beş-altı taxtadan ibarət biçilmiş bu cür şalvar geyinərmişlər. Muğanda da cütbalağı ən çox elat qadınları geyərmişlər. Bu da onların yenə minik vasitələrindən çox istifadə etməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Dövlət Tarix Muzeyində bir neçə dəst qadın şalvarı mühafizə edilməkdədir. Köçəbə həyat tərzinə məxsus qadın şalvarları (cütbalaq) ilə yanaşı, XVI yüzillikdən üzü bəri Azərbaycanın kübar qadın əhalisi arasında kütləvi surətdə geyilən şalvar dabana qədər çatan gen şalvarlar olmuşdur. Kişilərdə olduğu kimi, qadınların da şalvarları ayaq tərəfindən dar, yuxarısı enli olurdu. Lakin kişi şalvarlarından fərqli olaraq qadın şalvarlarının ayaqları iki-üç barmaq enində başqa bir qalın parça ilə tikilərdi. Qadın şalvarlarının beldən büzməsi olardı ki, onun da içərisindən qəşəng hörmə qaytan keçirib bağlardılar. Hər bir qadının öz zövqünə müvafiq olaraq bu qaytanın ucundan sallanan qotazlar müxtəlif rəngdə olardı.

Azərbaycanda zaman-zaman geyinilən qadın şalvarı hər balağı beş-altı taxtadan ibarət cütbalaq, üst tumanın qabaq ətəyini paça arasından keçirib qabaqda nifəyə sancmaqla alınan “yalançı şalvar” və kübar qadınların geydikləri ayağı dar, yuxarı hissəsi gen olan şalvar kimi təsnif olunur.

Qədim və antik dövrə aid mənbələrdə qadın şalvarı haqqında məlumatlar demək olar ki, yoxdur. “Kitabi-Dədə Qorqud” dastanında artıq qadınların da kişilər kimi şalvar geydiklərindən bəhs edilir. XI yüzilliyə aid M.Kaşğari “Lüğət”ində də “üm” adlanan şalvarın həm kişi, həm də qadın geyimi olduğunu öyrənirik. Qadınların otra yüzilliklərdə şalvar geydikləri miniatür təsvirlərindən də aydın görünür. Etnoqraf Ş.Bünyadova yazır ki, miniatürlərdən birində təsviri olan qadının əynindəki şalvarın biçim və tikilmə tərzi müasir dövrdə tikilənlərdən fərqlidir. Bu cür şalvarların daha enli olanlarına Türkiyə kəndlərində indi də rast gəlmək olur. XVI yüzilliyin 70-ci illərində çəkilmiş “Qoca kişinin gözəl qızla görüşü” miniatüründə təsvir edilmiş qız qızılı tikməli, tünd bənövşəyi rəngli şalvar geyinmişdir. 1666-cı ildə Azərbaycanda olmuş fransız səyyahı J.Şarden yazırdı ki, Şərq qadınları kişilər kimi uzunluğu topuğa qədər olan şalvar geyinirlər. Ona görə də onlar rəqs edərkən əl-ayaqlarından başqa, bədənlərinin heç bir yeri görünmür. Eyni faktı 1623-cü ildə Azərbaycanda olmuş moskvalı tacir F.A.Kotov da təsdiq edərək qeyd edir ki, burada bütün qız və qadınlar şalvar geyinir. Şalvarın uzunluğu ya dizə, ya da dabana qədər olurdu. Şalvar ya saya, ya da güllü parçadan tikilirdi. Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinə çəkilmiş illüstrasiyada Şirin əynində şalvarla təsvir olunur. Şalvarın balağına üç sıra eninə bəzək-köbə tikilmişdir.

Göründüyü kimi, bütün orta əsrlər boyu qadınlar da kişilər kimi sərbəst hərəkətə rəvac verən şalvar geymiş, döyüş və güləş meydanlarında özlərini sınamışlar. XIX-XX əsrin əvvəllərində də şalvar qadın geyim dəstinin ayrılmaz tərkib hissəsi olmuşdur. Kübar qadınlarının çöl-bayır, toy-şənlik geyim dəstində həmişə şalvara yer olmuşdur. Bu günümüzdə də qadınların geyim dəstində şalvar önəmli yer tutmaqdadır. Qonşu Türkiyədə də qadınlar arasında şalvar geniş istifadədə olmuşdur. Onu xalat adlanan geyimin altından geyirdilər. Bel yerində onu “uçkur” adlanan tumanbağı ilə bağlayırdılar. Şalvarın ayağını da belə bağla bağlayırdılar. Adətən, bir şalvarın tikilməsi üçün mavi, yaşıl, qırmızı, bəzən qara rəngdə 3-4 metr pambıq və ya ipək parça gərək olurdu. Maraş və Konya bölgəsində gəlinin toy xalatı və şalvarının eyni rəngdə olması mütləq idi. Türkiyədə qadınlar “çinti” adlanan sırıqlı şalvar da geyirdilər.