AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Börk

Nümunənin reyestr kodu : SD0302000008

Türk xalqlarının, eləcə də azərbaycanlıların milli baş geyimləri kompleksində börk geniş yayılmışdır. Bəzən papaq sözünün sinonimi kimi də işlənən börkün Azərbaycanda müxtəlif formalarına rast gəlsək də, onun ilkin forması milad təqviminin əvvəllərindən başlayaraq üçbucaq formalı göndən tikilmişdir. Bu üçbucağın oturacağı paralel olaraq köbə əmələ gətirməklə üstə qatlanır, üçbucaq şəklində başa bürünərək katetləri bir-birinin üstünə tikilirdi. Üçbucağın təpəsi isə şiş uclu olurdu. Varlı kişilərə məxsus olan və yerli börkçü-ustalar tərəfindən tikilən bu papaqlar öz formasına görə həm də XIX-XX əsrin əvvəllərində “şikarı papaq”, “qacarı papaq”, “qoçu papağı” və “qələmi papaq” adlanırdı. “Qələmi papaq” yastı formalı “daqqa papaq”dan fərqli olaraq bütöv dəridən hündür şiş papaq formasında tikilirdi.

Börk baş geyimi parçadan tikildikdə 4-6 üçkünc formalı parça hissələri götürülür, ülgünü elə seçirdilər ki, papaq şiş formada hasilə gətirilirdi. Tikmə zamanı papağın hissələrini bir-birinə birləşdirərkən tikiş izlərini “itirmək” və kobud görüntüsünü aradan qaldırmaq üçün tikiş yerlərinin arasına qaytan qoyularaq prosesi başa çatdırırdılar. Belə olanda papağın estetik görüntüsü artır, baxanın gözünü yormurdu. Adətən, keçədən tikilən, üstü dəbilqə kimi dəyirmi olan börkü sadə əmək adamları, dəridən və parçadan tikilən şiş görkəmli papağı isə əsilzadələr, bəylər, yüksək zümrəyə məxsus kişilər qoyardılar.

Ənənəvi kişi baş geyiminin ən vacib elementi sayılan papaq (börk) keçmişdə əməli vəzifə daşımaqla yanaşı, həm də qeyrət, namus, şərəf və igidlik rəmzinə çevrilmişdi. Xüsusilə sür dəridən tikilmiş börk geyən kişilər nəinki ədalətsiz bir iş görməyi özlərinə rəva bilməz, hətta başqalarının haqsız əməlinə dözməyib, onu cəzasız buraxmağı öz qeyrətlərinə sığışdırmazdılar. Məhz bu səbəbdən də keçmiş məişətdə qeyrət və hünər rəmzi sayılan papaq (börk) səhər tezdən gecə yatana qədər kişilərin başında qalardı. Hətta süfrə ətrafında çörək yeyən zaman da kişilər onu başlarından çıxarıb kənara qoymazmışlar. Tarix boyu davam edən ənənəyə görə, yalnız gecə yatağa girib yatan zaman papaq başdan çıxarılardı. Hətta ahıl və qoca kişilər gecələr yatan zaman başlarına papağı əvəz edən təsək və ya külah (şəbkülah) qoyardılar.

Börklər hasilə gətirildiyi materialın növünə görə (gön-dəri, keçə və parça) bir-birindən fərqlənirlər.

Börkdən istifadənin Azərbaycanda qədim tarixi vardır. Belə ki, onun ən qədim nümunələrinə tarixi Azərbaycan ərazisi olan indiki Ermənistanda miladdan əvvəl II minilliyə aid arxeoloji abidədən tapılmış kəmərlər üzərindəki kişi təsvirlərinin başında rast gəlmək olur. İlk türk ensiklopediyası hesab olunan Mahmud Kaşğarinin divanında baş geyimi kimi əsasən “börk”, “sukarlac börk” (şişpapaq), “kuymaç börk” ifadələri işlədilir. Burada həmçinin “börkün burtalanması”, yəni qızıl parçaları ilə bəzədilməsindən də bəhs olunur. Ana kitabımız, ilk yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında börk ifadəsinə Qaraca Çobanın dilindən bu şəkildə rast gəlirik:

Başındakı turulğanı nə öyərsən mərə kafir,

Başımdakı (keçə) börkümcə gəlməz mana.

Bu baş geyimini qazaxlar “börük”, təbrizlilər “börgü” adlandırırlar. Onları dəridən, keçədən və parçadan tikirdilər. Bəzi tədqiqatçılar börkün adının türk xalqlarının totemlərindən biri olan “boz qurd” – “börü”, “böri”nin adından törəndiyini iddia edirlər. Bəzi tədqiqatçılar isə onun “bürümək”, “bürük” sözlərindən yarandığını söyləyirlər.