Daxma (qazma) ev
Nümunənin reyestr kodu : DA0204000011
Mağara tipli yaşayış evlərinin sonrakı mərhələsini daxma (qazma), yarımqazma və yaxud Azərbaycanın Kiçik Qafqaz, Gəncəbasar və Qərb bölgələrində adlandırdıqları kimi yastıdam örtüklü pəyə evlər təşkil etmişdir. Planda düzbucaqlı olan bu tip evlər, onun sahibinin maddi vəziyyətindən asılı olaraq müxtəlif ölçülərdə tikilirdi. Dağlıq ərazilərdə son zamanlara qədər qalmaqda olan daxma (qazma, пəyə) tipli evlərin inşa qaydası bəsit olduğundan, onu hər kəs özü tikə bilirdi. Bunun üçün yamacın gündöyən səmtində kalafa qazılırdı. Kalafanın arxa və iki yan divarları yamacın dik çapılmış torpaq divarından, açıq qalmış qabaq tərəfi isə daş hörgüdən ibarət olur və burada giriş yolu qoyulurdu. Düzənlik yerlərdə inşa edilən belə qazmalarda divarların dördü də torpaqdan olurdu. Kalafa qazılıb başa çatdıqdan sonra daxmanın (qazmanın, pəyənin) dam örtüyü qurulurdu. Bunun üçün evin uzunu boyunca bir-birindən 1,5-1,7 m aralı dirəklər basdırılır, üzərinə yoğun tir (kərən) atdıqdan sonra kalafa divarlarının üstünə “hərmə” (pasna) adlanan yastı ağaclar uzadılırdı. Hərmənin qoyulması dam örtüyünün ağırlığı altında torpaq divarın uçulub-tökülməsinin qarşısını alırdı. Bir ucu hərmənin, digər ucu isə kərənin üzərinə qoyulan pərdilər vasitəsilə dam çardağı qurulur, üstünə carcı, avar döşəndikdən sonra kalafanın içərisindəki torpaq dam örtüyünün üstünə atılıb möhkəm tapdalanırdı. Adətən, bu tip evlər yastıdamlı tikildiyindən, ayrım etnoqrafik qrupu arasında ona “yastı öy” deyirdilər.
Daxma (qazma, pəyə) tipli yaşayış evləri ictimai inkişafın sonrakı mərhələlərində inşaat ənənələrinin zənginləşməsi nəticəsində təkmilləşərək yeni variantlarda təzahür etmişdir. Bu təkmilləşdirilmiş formalardan biri ondan ibarətdir ki, dik çapılmış divarın qarşısında hərmə (pota) dirəkləri basdırılır, hərmə ağacları həmin dirəklərin üstünə qoyulurdu. Belə olduqda qazmanın davamlılığı artır, torpaq divara dam örtüyünün təzyiqi azalırdı. Digər formada isə, divarboyu basdırılmış hərmə dirəklərinin arası çubuq və ya qarğı ilə hörülür, üzəri suvanırdı. Sonralar onu daş hörgüsü əvəz etmişdir.
Ayrımlarda qazma evlərin inkişafın sonrakı mərhələsində pəyəbaşı, daha sonra şeşə öylük və ya qaradam kimi tipləri də meydana gəlmişdir. Qazma ilə qaradam tipli evlər arasında aralıq (keçid) mərhələsini təşkil edən pəyəbaşı tipli tikililərin xarakterik xüsusiyyəti ondan ibarət idi ki, burada ümumi bir tavan altında həm yaşayış evi, həm də mal-qara yerləşirdi. Yaşayış üçün nəzərdə tutulan otaqlar mal-qara saxlanılan yerdən bir-iki pillə (20-30 sm) hündürdə tikilirdi.
Süni mağaraların inkişafının sonrakı mərhələsini təşkil edən daxma (qazma) evlərin Azərbaycanda üç müxtəlif tipi olmuşdur. Etnoqraf Q.T.Qaraqaşlının bölgüsünə görə, belə daxma (qazma) evlər dam örtüyünün quruluşuna görə bir-birindən fərqlənirdilər. Müəllif tarixi ardıcıllığa əsaslanaraq düzbucaqlı planda tikilən birinci tip daxma (qazma) evi “yastı öy” və yaxud “pəyə” adlandırır. Adından da göründüyü kimi, bu ev tipinin dam örtüyü yastı olub, qalın torpaq qatı ilə örtülürdü. Onlar o qədər də əlverişli olmayıb, yağış və qar suyunu içəri sızdırırdı. İkinci tip daxma (qazma) ev kvadratşəkilli tikilərək “şeşə öylük” adlanırdı. Onun dam örtüyü torpaq səthindən yuxarıya doğru ucalan künbəzvari formada qurulurdu. Birinci tip daxma (qazma) evə nisbətən ikinci tip daha əlverişli olub, təbiətin sərt şıltaqlığına qarşı dayanıqlı hesab olunurdu. Üçüncü tip daxma (qazma) evin dam örtüyü “balıqbeli” formasında qurulurdu. Ona “balıqbeli” və yaxud “şirvanı” ev deyirdilər. Hər üç daxmanın (qazmanın) kalafasına doğru enən maili giriş yolunun üzərində çardaq da qurulurdu.
Azərbaycanda süni mağara tipli yaşayış yerlərinin Neolit (Yeni daş) dövründən istifadə olunduğunu, onun da təkmilləşmiş formasının daxma (qazma) olduğunu nəzərə alsaq, deyə bilərik ki, bu tip evlər təxminən həmin dövrdən yaşayış evi fonduna daxil olmuşdur. Tunc dövründən başlayaraq düzənlik ərazilərin də məskunlaşması ilə əlaqədar daxma (qazma) tipli evlərin yayılması daha intensiv şəkil almışdır. Bunu arxeoloji qazıntılardan aşkar edilən ev qalıqları da sübuta yetirir. 1956-1957-ci illərdə Sarıtəpə yaşayış yerində arxeoloji qazıntılar zamanı uzunluğu 9 m, eni isə 4,6 m olan dördkünc formalı tikinti aşkar edilmişdir. Bu bina təpənin şimal yamacında yerləşdiyindən, onun şərq, cənub və qərb divarları yarımqazma forması almışdır. Binanın divarları çubuqdan hörülmüş, üst səthi saman qatılmış palçıqla suvanmışdır. Bu tip evlər uzun əsrlər boyu Azərbaycanın bütün bölgələrində mövcud olmuş, hazırda isə kənd yaşayış yerlərində qalmaqda olan belə primitiv konstruksiyalı evlər təsərrüfat məqsədləri üçün istifadə edilir.