Muncuq
Nümunənin reyestr kodu : SD0303000014
Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif adlarla tanınan muncuq – müxtəlif rəngli, yuvarlaq və qeyri formalı şüşə, plastik kütlə və ya qiymətli daşlardan hazırlanaraq sapa düzülüb boyuna, biləyə və qulağa taxılan dənəvər bəzək növünə deyilir. Qadın bəzəklərinin böyük əksəriyyətini boyun və sinə (döş) bəzəkləri təşkil edirdi. Bunlar həm bahalı daşlardan (mirvari, serdolik, şəvə, kəhrəba, füruzə, qızıldaş, mərcan, zümrüd və s.) tərtiblənən muncuqlardan, həm qiymətli metallardan (qızıl, gümüş), həm də daş-qaşla (cəvahiratla) əlvan metalların kombinəsindən xüsusi incəliklə hazırlanırdı. Boğaz bəzəyi kimi qarabatdaq sadə və ətəkli olmaqla iki variantda hazırlanırdı. Sadə qarabatdağı, adətən, rəngli muncuqları (xüsusilə də “” formalı “qum muncuğu”nu) sapa (ipə) nəfis şəkildə düzməklə hazırlayır və boğaza kip bağlayırdılar. Bəzən belə muncuqlar bir neçə sıra hazırlanırdı ki, onun da hər cərgəsi “hel” adlanırdı. Şübhəsiz ki, sadə (muncuqlu) qarabatdaq aztavanalı, ətəkli qarabatdaq isə kübar qadınlarının, tacir-tüccar əyalının sevimli bəzək-zinət elementi olmuşdur. “Gərdənbağı” isə narın muncuqlardan düzülmüş ətəkli bəzək növü olub, sinəyə qədər çatırdı. Maddi cəhətdən imkansız qadınlar bəzənmək xatirinə hətta adi muncuqdan, tuncdan, misdən, iydə və xurma çəyirdəklərindən muncuq boyunbağı düzəldib boyunlarına taxırdılar.
Muncuq tikmə sənətində də geniş istifadə edilirdi. Tikmə naxışların geniş yayılmış tipoloji növlərindən biri də muncuqlu tikmə idi. Təkbətək, yaxud düzüm halında istifadə olunan rəngbərəng muncuqları müəyyən nəqş motivi üzrə məmulat üzərinə bənd etməklə, lazımi bəzək növü əldə edirdilər. Muncuqlu tikmə texnikası ilə ən çox qadın başmaqları, pul və tənbəki kisəsi, möhür, daraq, qayçı, sürmə qabı və s. bəzədilirdi. Muncuqlu tikmə habelə, araqçın, çutqu, düyməçə kimi baş geyimlərinin bəzədilməsində də istifadə edilirdi. Müxtəlif rəngli xırda muncuqlarla bəzədilən muncuqlu tikmə növündən Şuşa, Gəncə, Şamaxı və qismən Bakı şəhərlərində geyim və xırda məişət əşyalarının bəzədilməsində istifadə edilirdi.
Muncuq qol (bilərzik) və qulaq bəzəkləri (sırğa) funksiyasını da yerinə yetirirdi. Arxeoloji qazıntılardan əldə olunan muncuq bilərziklər indi istifadə olunan muncuq bilərziklərin tam oxşarıdır. Sırğa (tana) növləri qulağın “niçək” adlanan aşağı hissəsinə qulaq pipiyinə bağlanırdı. Bunun üçün, bir qayda olaraq, kiçik yaşlarından qızların qulaq pipiyini küllə ovub keyidir, sonra saplı iynənin arxa tərəfi ilə onu deşir, oradan keçirilən sapa 1-2 ədəd muncuq taxırdılar. Deşilmiş yer bitişməsin deyə, sapı tez-tez yağlayır və tərpədirdilər. Qulağa muncuq sırğa (cəvahir, yaqut, mirvari, almaz və s., hətta brilyant qaşlı muncuq sırğa) taxmaq Azərbaycanda uzun müddət dəb olmuşdur.
Muncuğun mahiyyəti təkcə bəzək olmaqla məhdudlaşmır. Bəzi muncuqlar, xüsusilə də rəngli şüşələrdən və qiymətli metallardan hazırlanmış muncuqlar (göz muncuğu, sarılıq muncuğu, möhrə muncuğu, süleymani, babaqulu muncuğu, şəvə muncuğu və s.) xəstəlikdən (bədnəzərdən), şər qüvvələrdən qorunmaq məqsədi güdürdü. Bunların müəyyən dini-mistik dünyagörüşü və təfəkkür tərzi ilə bağlılığı xalq arasında onlara güclü inam yaratmışdı. Belə asmaların hər birinin müəyyən mühafizə gücü olduğunu xalq dəfələrlə sınaqdan çıxarmışdı. Məsələn, şəvə muncuğu, inama görə, uşağı qarabasmadan, sarılıq muncuğu sarılığa tutulmaqdan, göz muncuğu bədnəzərdən, möhrə muncuğu mədə ağrısından, babaqulu muncuğu şərdən və bədbəxtlikdən qoruyurdu. “Süleymani” adlı qoruyucu məmulat altı künclü metalın (əsasən gümüşün) içərisinə yerləşdirilmiş muncuq olub, həm paltardan asılır, həm də yatan zaman uşağın başının altına qoyulurdu. Bu muncuq uşağı bəd ruhlardan (hal anası, şeşə, vurğun və s.) qorumaq üçün düşünülmüşdü. Q.P.Vasilyeva haqlı olaraq yazır ki, müxtəlif materiallardan (gümüş, muncuq, ağac) hazırlanan bu bəzəklər uşaq anadan olduğu ilk gündən onun boynuna, əllərinə, ayaqlarına, papağına və paltarına bəndlənirdi.
Qədimlərdən üzü bəri məişətdə istifadə olunan muncuqlar hazırlandığı materialın növünə (tunc, dəmir, gümüş, qızıl, sümük, sürmə, mineral – əqiq, aqat, xrizopraz, kvarsit, eləcə də qiymətli və yarımqiymətli daşlar, pasta və şüşə tərkibli maddələr, şüşə, balıqqulağı və s.), formasına (doğrama, silindr, mərciyəoxşar, şar, yastı, xırda, boruşəkilli, arpa, atbaşı, quş, toxa, balta, çoxüzlü prizma, ellips və s.), rənginə (ağ, qara, göy, sarı, yaşıl, qırmızı, mavi, çəhrayı və b.) görə müxtəlif qruplara bölünürdü. Mavi pastadan olan muncuqlar Azərbaycana Misirdən gətirilirdi. Muncuqların arasında Aralıq dənizi, Hind okeanı, Van və Urmiya göllərindən gətirilən balıqqulağı və sümük mənçəli muncuqlar da olmuşdur.
Azərbaycanın Gədəbəy, Mingəçevir, Xocalı, Çovdar, Qızılvəng, Binəqədi, Xanlar və b. arxeoloji abidələrindən aşkar edilmiş, müxtəlif materiallardan düzəldilmiş çoxsaylı muncuqların tədqiqi göstərir ki, miladdan əvvəl II minilliyin sonu – I minilliyin başlanğıcında muncuqdan məişətdə bəzək qismində geniş istifadə edilmişdir. Gözmuncuğu hələ miladdan əvvəl I minilliyin ortalarından yayılmağa başlamış və bu günümüzdə də istifadə olunmaqdadır. Bu ənənəvi bəzək növü qoruyucu vasitə kimi həm ayrıca, həm də digər növ muncuq boyunbağıların orta hissəsinə keçirilməklə istifadə olunurdu. Müxtəlif yarımqiymətli daşlardan hazırlanmış çoxüzlü prizma, ellips, çoxcəhətli muncuqlar hazırlandığı daşların rənginə müvafiq olaraq ağ, qara, göy, sarı, yaşıl, qırmızı, çəhrayı və b. rənglərdə olurdu. Azərbaycanda aşkar edilmiş arxeoloji abidələr içərisində eramızın IX əsrinə aid olan və XII-XIV əsrlər hüdudunda intensiv inkişaf edən “Muncuqlutəpə” adlı arxeoloji abidə də mövcuddur. Abidə, burada aşkar edilmiş müxtəlif formalı və materialı baxımından da fərqlənən muncuqların zənginliyinə görə belə adlandırılmışdır. “Azərbaycan dilinin izahlı lüğəti”də qeyd edildiyi kimi, Qazax bölgəsində muncuq “bıjı”, Naxçıvanda “çəçik” (qadınların topuqlarına bağladıqları muncuq), Bakıda “gud”, Quba-Xaçmazda “küci”, Kürdəmirdə “qadama” adı ilə məlum olmuşdur.