Üzük
Nümunənin reyestr kodu : SD0303000007
Azərbaycan qadınlarının istifadəsində olan qol, bilək və barmaq bəzəkləri içərisində müxtəlif formalı “qaşlı” və “qaşsız” üzüklər (nişan üzüyü – “halqa-xatəm”, “əyrəmçə”, “barmaqcıl”, eləcə də zümrüd, firuzə, yaqut, əqiq, ləl, mirvari, cəvahir və b. qaşlı üzüklər), bilərzik və ya qolbaq-dasinələr (“həsiri”, “gül”, “eşmə”, “halqa, “yığma”, “körpü”, “xəngəli”), “qolaxçası” üstünlük təşkil edirdi. Qaşsız üzüklər içərisində xüsusilə seçilən nişan üzüyü (“halqa-xatəm”), bir qayda olaraq, ərlik qızların “gəlin barmağı”na taxılırdı. Digər üzükləri isə qadınlar yaşlarından asılı olmayaraq ya sağ, ya da sol əlin, bəzən də hər iki əlin barmaqlarına taxırdılar.
Üzük gəzdirməkdə zümrə münasibətləri özünü bütün tərəfləri ilə göstərirdi. Kasıb qadınların barmağındakı üzüklər misdən, gümüşdən hazırlanan və adi şüşə qaşları olan üzüklərdən ibarət olurdusa, varlı qadınların üzükləri, adətən, qızıldan hazırlanır, bahalı qaş-daşla süstlənirdi. Varlı qadınlarının barmaqlarında bəzən 7-8 üzüyün eyni zamanda olması da məqbul sayılırdı. Azərbaycanın qərb bölgəsində “barmaqcıl” adlanan nişan üzüyünə məhəbbət, etibar, sədaqət və vəfa rəmzi kimi xüsusi diqqət verilirdi. Adətən, xatircəmlik, nişan (bəlgə) üzüyü sayılan xatəm (halqa) təkkəbinli (monoqam) ailələrin meydana gəlməsindən sonra dəbə düşmüş, deyikli (beşikkərtmə, göbəkkəsmə) oğlanlar və qızlar arasında gələcək kəbin münasibətləri qız evinə əvvəlcədən beh kimi qoyulmuş xatəm vasitəsilə rəsmiləşdirilmişdir. Xatırladaq ki, “əyrəmçə” adlanan qaşsız üzüyü bəzən kişilər də barmaqlarında gəzdirirdilər.
Qaş materialından, habelə qaşın formasından asılı olaraq, bu qrupdan olan üzüklər müxtəlif adlarla (yaqut, zümrüd, brilyant, mivari, paxlava qaşlı üzüklər və s.) tanınırdı. İlk dövrlərdə üzüklər mis, gümüş, tunc, dəmir, sümük, nisbətən sonralar isə qızıldan düzəldilmişdir. Bəşərin ilkinlik çağlarında üzük bəzək kimi deyil, daha çox dini-sitayiş obyekti və qoruyucu vasitə mahiyyəti daşımışdır. Zaman keçdikcə üzük insanların, əksərən də qadınların ən sevimli zinət növünə çevrilmişdir. Tədqiqatlar göstərir ki, keçmişdə üzüklər döymə və tökmə üsulu ilə düzəldilir, onlara bəzən qiymətli daşlardan və şüşələrdən qaş qoyulur, zoomorf təsvirlər, həndəsi ornamentlərlə təhciz olunurdu. Onlara təkcə qadınların deyil, kişilərin də barmağında rast gəlmək olardı.
Şahların, hökmdarların barmağındakı qaşlı üzüklər təkcə zinət əşyası kimi istifadə olunmur, həm də əməli əhəmiyyət kəsb edirdi. Belə ki, onlar hökmdar möhürü kimi daha çox işlədilirdi. Buna görə də belə hasab edilir ki, qaşlı üzüklər qaşsız üzüklərə nisbətən xronoloji cəhətdən daha qədimlərə aiddir. Arxeoloji qazıntılardan əldə edilən üzük-möhürlərin xarici nümunələri də olmuşdur ki, bunlar əsasən Roma nümunəli üzüklərdir. Bu isə Roma ilə Qafqaz Albaniyasının geniş əlaqələrinə şahidlik edir.
Ta qədimlərdən üzü bəri istifadədə olan üzüklər hazırlanma materialına (mis, gümüş, tunc, dəmir, sümük, nisbətən sonralar isə qızıl), tipinə (qaşlı və qaşsız), formasına (bütöv və ya ucları bir-birinin üzərinə keçmiş üzüklər, spiral formalı üzüklər, nazik tunc lövhədən düzəldilən üzüklər, kamil sənət əsəri səciyyəsi daşıyan üzüklər və s.), istehsal texnologiyasına (döymə, qəlibkarlıq, şəbəkəçilik, savadlama, minasazlıq) və daşıdığı funksional mənaya görə (nişan üzüyü, tacidar möhür-üzüyü və s.) təsnif olunmuşdur.
Arxeoloji qazıntılardan əldə edilmiş üzük nümunələrinə əsasən onların hələ çox-çox qədimlərdən xalq məişətində istifadəsini söyləmək mümkündür. Miladdan əvvəl II-I minilliyə və eramızın ilk əsrlərinə aid edilən Mingəçevir, Çovdar, Xaçbulaq və b. arxeoloji qazıntılardan aşkar edilmiş lentvari, spiralşəkilli, ucları aşıq üzüklər, eləcə də üzəri naxışlı sümük üzüklər, dəmirdən və qızıldan düzəldilmiş üzüklər fikrimizi bir daha sübut edir. “Kitabi-Dədə Qorqud” dastanlarında üzüyün adı “yüzük” şəklində işlədilir. XII-XIII əsrlərə aid Beyləqandan tapılmış bir qaşlı üzük və qaş, Qəbələdən tapılmış üzük, Şabran şəhəri xarabalıqlarından tapılmış qızıl və gümüş üzük, eləcə də Nizami yaradıcılığında xatırlanan bəzəklər içərisində üzüyün də yer tutması (“Zümrüd qaşlı üzüklər nur saçır”) orta əsrlər Azərbaycanında üzükdən istifadənin kütləviliyini göstərir. Üzüklər (nişan-bəxt üzükləri, müxtəlif qaşlı və qaşsız üzüklər) bu günümüzdə də kütləvi şəkildə istehsal olunaraq qız-gəlinlərimizin barmaq bəzəkləri içində mühüm yer tutur.
-
Azərbaycan etnoqrafiyası
Üç cilddə, I cild
2007
- Biblioqrafiya və tərtibçi
-
Предметы украшений Азербайджана (IV-ХIII ВВ.)
Бадисабах Раджабова
1990