Kişi başmağı
Nümunənin reyestr kodu : SD0301000005
Keçmişdə aşılı dəri məmulatı arasında ayaqqabı (başmaq, nəleyin, məst, çəkmə, lafçın, dübəndi, qondara, çust, çarıq və s.) istehsalı başlıca yer tuturdu. Aşılanmış malın (gön, sağrı, ətvi, tumac, müşkü və s.) xeyli hissəsi məhz ayaqqabı istehsalına sərf olunurdu. Məmulat növləri üzrə sənətdaxili ixtisaslaşma ilə əlaqədar ayaqqabı istehsalının müstəqil sənət səciyyəsi daşıyan müxtəlif sahələri (başmaqçılıq, çəkməçilik, çustçuluq, çarıqçılıq, pinəçilik və s.) yaranmışdı. Keçmişdə başmaq milli geyim kompleksinin başlıca ünsürünə çevrilmişdi. Bu səbəbdən də ayaqqabı istehsalında başmaqçılıq mühüm yer tuturdu.
Yayılma arealına görə, şəhər əhalisinin geyim dəstində əsas yer tutan kişi başmağı “mərdanə başmaq” adı ilə məlum idi. Əsasən iri sənət mərkəzlərində peşəkar başmaqçılar tərəfindən istehsal olunduğundan, çarıq ilə müqayisədə baha başa gəldiyindən, kənd əhalisinin böyük əksəriyyəti başmaqdan istifadə edə bilmirdi. Aşılanmış göndən (müşkü, tumac, sağrı, ətvi, kosala və s.) bəzəksiz hazırlanan kişi başmağının başlıca müştərisi şəhər əhalisi idi. Başmağın yalnız pəncə hissəsinin üstü örtülü olurdu. Onun çitməsi dik olub, azca geriyə qatlanır, arxası isə açıq qalırdı. Hündürdaban ayaqqabı növü olan başmağın dabanına ağacdan xüsusi olaraq “dabanlıq” bərkidilir və nal vurulurdu. Qadın başmağının üstü çox vaxt məxmərdən tikilərək müxtəlif tikmə növləri ilə bəzədildiyi halda, kişi başmaqlarına bəzək vurulmurdu.
Böyük, orta (miyanə) və kiçik olmaqla, üç ölçüdə tikilən kişi başmaqlarının ən yüksək növü sağrı dəridən tikilən başmaq olmuşdur. El arasında ona çox vaxt “sağrı başmaq” deyilirdi. Azərbaycanda sağrı başmaqların istehsal mərkəzləri arasında Şamaxı, Şəki, Gəncə ilə yanaşı, Şuşa qalası da mühüm yer tutmuşdur. Məhz bu səbəbdən də Qarabağ və onun ətraf mahallarında sağrı başmağa “Qala başmağı” da deyilirdi. Sağrıdan tikilən Qala başmağı keyfiyyət etibarı ilə adi göndən tikilən başmaqdan fərqlənir və üstün tutulurdu. Sağrı dəridən sonra kişi başmağı daha çox qara rəngli müşküdən tikilirdi.
XX əsrin əvvəllərindən etibarən başmaqçılar satınalma padoş, şavro, xrom və s. kimi sənaye məmulatları da işlətməyə başlamışdılar. Başmağın altı adətən aşılı gön və sağrıdan, üzlüyü tumac və ya müşküdən olub, ülgü əsasında biçilirdi. Başmağın kənar zehi (kəfi) ətvidən, üzünün astarı müşəmbədən biçilirdi. Başmağın daban oturacağı yumşaq (elastik) olsun deyə, daban topu ilə zehin (kəfin) arasına tüktəpən vasitəsilə tük təpilirdi. XIX əsrin 30-70-ci illərinə aid edilən statistik məlumatlarda Gəncədə 75 çəkməçi və başmaqçının, Tiflisdə 100 şagirdi ilə birlikdə 201 başmaqçı və çəkməçinin, Şamaxıda 227 başmaqçının, Nuxada 147 başmaqçının işləməsi və ümumiyyətlə, bu dövrdə Azərbaycanda onların sayının 579 nəfərə çatması bu ayaq geyimi növünə olan tələbatı aydın əks etdirir.
Bir qayda olaraq, kişi başmağı qalın və davamlı gön materialından, at, uzunqulaq, qatır gönündən hazırlanır, iri ölçülü olmaqla da qadın başmaqlarından fərqlənirdi. Azərbaycan Rusiya tərəfindən işğal olunandan sonra Avropa geyim nümunələrinin tədricən yerli əhalinin məişətinə sirayət etməsinə baxmayaraq, ölkədə milli geyim dəbi qaldıqca, başmağa olan tələbat da azalmaq bilmirdi.
Kişi başmağı ölçülərinə görə böyük, orta (miyanə) və kiçik olmaqla üç qrupa bölünürdü. Hazırlandığı materiala görə və istehsal mərkəzlərinə görə də başmaqlar fərqlənirdi.
Azərbaycanda başmaqdan ayaq geyimi kimi istifadə olunmasının tarixi çox qədimlərə gedib çıxır. Belə ki, ibtidai insanlar dəridən (göndən) müxtəlif biçimli və formalı geyimlər hazırladıqları kimi, çox güman ki, ayaqqabı da hazırlamışlar. Lakin təəssüflər olsun ki, dəri (gön) torpaqda qalıb çürüdüyündən, ondan hazırlanan ayaqqabılar zəmanəmizə qədər gəlib çatmamışdır. Ancaq Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan və miladdan əvvəl XI-VIII əsrlərə aid edilən gil ayaqqabı-qablar XIX əsrdə xalqın istifadəsində olan başmaq və digər ayaqqabılarla tipoloji oxşarlıq təşkil etdiyindən, bu ayaqqabı növünün istifadə tarixinin qədimliyini əyani sübut etmədədir. İlkin orta əsrlərdə Azərbaycan xalqının ilk yazılı abidəsi olan “Kitabi-Dədə Qordud” dastanında, orta yüzillikdə Nizami “Xəmsə”sində, sonralar aşıq-şairlərin, əcnəbi səyyahların və bir çox orta əsr müəlliflərinin əsərlərində adı keçməsi başmağın həm qadın, həm də kişi ayaq geyimi növü kimi varlığını təsdiqləyir. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növü uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. XIX-XX əsrin əvvəllərində Azərbaycanın Gəncə, Lənkəran, Quba, Nuxa, Şamaxı, Şuşa, Naxçıvan (Ordubad) və b. kimi iri sənətkarlıq mərkəzləri başmaq hazırlanmasında məşhurlaşmışdılar.