Kurqan
Nümunənin reyestr kodu : DA0204000017
Arxeologiyada “kurqan” sözü tək və çoxsaylı dəfnlər, habelə, xatirə (cənazəsiz, kenotaf) qəbirlərin, müxtəlif dəfn tikililərinin (qazma, yarımqazma tipli qəbir kameralar, daş qutu qəbirlər, yerüstü və yeraltı sərdabələr, katakomba, çapma və s.) üzərində daşdan, torpaqdan və qarışıq (daş-torpaq) materialdan ucaldılmış süni təpəni ehtiva edir. “Kurqan” termini, əsasən, Şərqi Avropa və keçmiş SSRİ respublikalarının elmi və elmi-populyar ədəbiyyatında istifadə edilir. Beynəlxalq elmi ədəbiyyatda, əsasən, latın köklü “tumulus” (təpə), ingilis dilli elmi ədəbiyyatda isə ingiliscə “burial mound” (dəfn, qəbir təpəsi) sözü işlədilir. Dilçilər kurqan sözünün türk dillərindən kök götürdüyü fikrini qəbul edirlər, sözün şumer (“kurqal” – “dağ”), hind-iran (“gorxana”) və hətta, slavyan (“kur” morfemi – “tüstüləmək”) dillərindən kök götürməsi ehtimalları təsdiqini tapmır. Tarixçi, etnoloq və türkoloqlara görə, türk dillərində bu söz iki mənada – “qurmaq” və ya “qorumaq” mənasında izah edilir. Arxeoloji ədəbiyyatda “kurqan” termini fərqli anlamlarda işlədilir. Bəzi arxeoloqlara görə, kurqan anlayışı yalnız qəbirin üzərini örtən süni təpəni, digərlərinə görə, qəbirlə birgə süni təpə bütövlükdə dəfn abidə kompleksini ehtiva edir. Konsensus kimi bu çeşiddən olan qəbirlərin “kurqan tipli qəbir abidəsi” kimi təsnifatda qeyd edilməsi geniş yayılmışdır. İdeal variantda kurqan süni təpədən (örtük), kromlexdən (mərkəzində qəbirin yerləşdiyi daşlardan qurulmuş böyük dairə) və qəbir konstruksiyasından (qəbirdən, qəbir kamerasından, dromosdan – kameraya gedən dəhlizdən) ibarətdir.
Arxeologiyada kurqanlar ölçülərinə görə (kiçik, orta, böyük ölçülü və nəhəng) təsnif olunur.
Kurqan tipli qəbir abidəsini qurmaq adəti Arktika və Avstraliya qitələri istisna olmaqla, digər qitələrdə hamısında müşahidə olunub. Son tədqiqatlara görə, Şimali Avrasiyada ən sıx və çoxsaylı kurqan qrupları (Tunc dövründən son orta əsrlərədək) müasir Xakasiya (Rusiya Federasiyası) ərazisində, Cənubi Avrasiyada isə, miladdan əvvəl III minilliyin sonu-II minilliyin ilk rübünə aid, şərti olaraq “şumer kurqanları” adı ilə Bəhreyndə qeyd edilib. Kurqan tipli qəbir abidəsinin qurulması ənənəsi müxtəlif dövrlərdə və dünyanın müxtəlif yerlərində konvergent – biri digəri ilə genetik bağı olmayaraq müstəqil yaranaraq tarixi gedişatda oxşarlığa malik təzahürdür.
XXI əsrədək arxeologiyada hesab edilirdi ki, Avrasiyada ən qədim kurqanlar Maykop, Yamnaya, Sredniy Stoq arxeoloji mədəniyyətləri arealında yerləşib. XXI əsrin əvvəlində isə, radiokarbon analizlərə görə, belə bir fikir irəli sürüldü ki, kurqan tipli qəbir abidəsi Maykop arxeoloji mədəniyyətində peyda olmuş və sonra Yamnaya mədəniyyətində davam etmişdir. BTC boru xəttinin çəkilişi ilə bağlı Azərbaycan Respublikasının Ağstafa rayonu ərazisində Soyuqbulaq kurqanlarının aşkar edilməsi mövcud nəzəriyyənin dəyişilməsinə gətirib çıxarmışdır. Hal-hazırda mövcud fikrə görə, Avrasiyada ən qədim kurqan tipli qəbir abidələri Şimali Ubeyd-Uruk mədəni ənənələrinin Mesopotamiyadan şimala, tarixə və məkana görə hərəkəti dinamikasında peyda olur. Son tədqiqatların nəticələrinə görə, Avrasiyada ən qədim kurqanlar Cənubi Qafqazda - Azərbaycanın şimal hissəsində: şimal-qərbdə Soyuqbulaq kurqanları (Ağstafa rayonu), şimal-şərqdə Seyidli kurqanı (Xaçmaz rayonu), Gürcüstanda Kavtisxevi kurqanı son xalkolit (eneolit) dövrünün Leylatəpə mədəniyyətinin qəbir tipi kimi qeyd edilib və miladdan əvvəl IV minilliyin birinci yarısına aiddir. Leylatəpə mədəniyyəti kurqanları ilə Maykop mədəniyyəti kurqanlarının genetik əlaqəli və ya konvergent mənşəli olması barədə müxtəlif fikirlər vardır.
Yazılı mənbələrdə Avrasiyanın tarixi etnoqrafiyasında kurqan tipli qəbir abidələri hunlardan başlayaraq daha çox tarixi türk xalqlarında qeydə alınmışdır. Kurqanların qurulması və kurqan nekropolunun quruluşu barədə son tarixi etnoqrafik məlumat da türk xakaslara aiddir. Belə ki, alman-isveç mənşəli rus səyyahı Yakov İohann Lindenau XVIII əsrin 30-cu illərinin sonu-40-cı illərdə səyahət qeydlərində xakaslarda “seku” adlı nəsil kurqanı və ya kurqan nekropolu inşa etmək ənənəsini təsvir edib. Kurqan dəfn ənənəsi Volqaboyunda tarixi qıpçaq, oğuz tayfalarında hətta islam dininin qəbulundan sonra da uzun müddət mövcud olmuşdur (kurqan örtüyü altında qəbirdə Qiblə istiqamətində dəfn). XIX əsrdə islam adətləri üzrə mərhumlarını torpaq qəbirlərdə dəfn edən müsəlman qazaxlarda kurqanların talan edilməsi böyük günah hesab edilirdi. İstisna deyil ki, daha qədim kurqan tipli qəbir abidələri Avrasiyanın digər ərazilərində də aşkar edilə bilər. Amma hələlik son xalkolit (eneolit) dövrü Leylatəpə mədəniyyətinin qəbir abidələrinin bir tipi olan Soyuqbulaq kurqanlarının aşkar edilməsilə Azərbaycanın ərazisi Avrasiyada erkən kurqanların peyda olması arealı kimi elmi dövriyyəyə daxil olmuşdur.
-
Şimali Azərbaycanın tunc dövrü kurqan...
Pərviz Qasımov
2017
-
Şimali Avrasiyada kurqan dəfn adətinin yaranma areali
Pərviz Qasımov
2015
-
Azərbaycanın qərb bölgəsində Leylatəpə...
Nəcəf Müseyibli
-
Cənubi Qafqazın eneolit və tunc dövrü kurqan mədəniyyətinin...
Pərviz Qasımov
2011
- Tərtibçi və biblioqrafiya