AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cütbalaq

Nümunənin reyestr kodu : SD0304000006

Azərbaycanın ənənəvi milli qadın geyimi kompleksində cütbalaq (taylı tuman) adlı qadın geyimi özünün bir çox xüsusiyyətlərinə görə qədim qadın geyimlərindən olub, müasir qadın tumanlarından fərqlənmişdir. Cütbalaq adətən, tünd rəngli parçalardan (göy, palıdı, qara, qırmızı) iki ayrıca balaq kimi biçilir, xiştəklə (miyança) birləşdirilir, beldə saxlanması üçün yuxarı hissəsi büzülərək orada “nifə” tikilir və nifədən keçirilən “tumanbağı” vasitəsilə bağlanırdı. Cütbalağın hər bir tayı 2-4 taxta parçadan hazırlanırdı. Bunun üçün 4 m-dən 8 m-ə qədər parça gərək olurdu. Balaqlarının gen olmasını, sərbəst hərəkət üçün imkan yaratmasını, qadın orqanizmini yaxşı mühafizə etməsini nəzərə alaraq bəzi tədqiqatçılar cütbalağı məhz köçmə həyat tərzi keçirən xalqlar arasında meydana gəldiyini qeyd edirlər.

Məişət şəraitindən və maddi imkandan asılı olaraq cütbalaq həm alt paltarı, həm də üst geyimi kimi istifadə olunurdu. Onu adətən tünd rəngli çit parçadan tikir, bəzən balaqları büzmə edilir, bəzən də açıq saxlanılırdı. Cütbalağın balaqları açıq saxlandıqda, qadınlar at minərkən həm sərbəst hərəkət etmək, həm də soyuqdan qorunmaq üçün əyinlərinə geydikləri cütbalağın balaqlarını badışın içinə yığır, badışın rəngli ipləri ilə onu ifçin şəkildə bağlayırdılar. Belə olduqda qadın geyimi, bir növ, kişi geyimini xatırladırdı. Bəzən çöl-təsərrüfat və məişət işləri zamanı aran kəndləri qadınları da badışdan istifadə edirdilər. Təsərrüfat və məişət işlərində qadınlar mühüm rol oynadıqlarından, onlar da hərəkətə mane olmasın deyə, taylı tumanın (cütbalağın) balaqlarını corabın üstündən geydikləri badışın içərisinə qoyub, iki yerdən badış ipləri vasitəsilə topuğa kip şəkildə sarıyırdılar.

Çütbalağın elə bir təsnifatı yoxdur. Onlar məhəlli xüsusiyyətlərinə, ölçülərinə, parça materialına və rəng harmoniyasına görə bir-birindən fərqlənsələr də, mahiyyət etibarilə eyni funksiyanı yerinə yetirmişlər. Bu qadın geyim tipi Azərbaycanın ayrı-ayrı bölgələrində cütbalaq, ikibalaq, taylı tuman, cüttuman, şəltə və b. adlarla məlum olmuşdur.

Geyim üzrə tədqiqatlar aparmış mütəxəssislərin qənaətinə görə cütbalaq tipli qadın geyiminin Azərbaycanda yayılması iki min ildən yuxarı yaşı vardır. Belə hesab olunur ki, bu geyim beldə saxlanan geyimlərin ən arxaik formasıdır. Mingəçevirdə aparılmış arxeoloji qazıntıların nəticələrindən məlum olur ki, cütbalaq tipli qadın geyiminin burada istifadə olunması miladdan əvvəl I minilliyin sonları, miladın ilk minilliyinə təsadüf edir. Burada qazıntı aparmış arxeoloq S.M.Qazıyev 1941-ci ildə küp qəbirindən gənc qıza aid sümük qalıqları aşkar etmiş, onun ayaq sümüyündə tunc ayaq bəzəyinin (xalxal) altından parça qalıqları tapmışdır. Arxeoloq belə hesab edir ki, bu parça qalığı gənc qızın əynində olan cütbalağın və ya qadın şalvarının qalıqlarıdır. Belə arxeoloji artefaktlardan biri də 1937-ci ildə Mingəçevirdən professor E.A.Poxomov tərəfindən qeydə alınmışdır. Bu faklar bir daha təsdiq edir ki, cütbalaq tipli qadın geyimi uzun əsrlər boyu qadın geyimlərinin əsas tərkib hissəsi olmuş, XX əsrin 50-60-cı illərinə qədər maldar-elat qadınlarının geniş istifadəsində olmuşdur. Cütbalaq geymədikdə isə elat qadınları ata sərbəst minmək üçün çox zaman geydikləri uzunətək nifəli tumanın dal ətəyini paça arasından keçirib tumanın nifəsinin ön tərəfinə bənd edərək onu cütbalaq şəklinə sala bilmişdilər. Son zamanlar köçmə (köçəbə) həyat və məişət tərzinin aradan çıxması ilə əlaqədar cütbalağa tələbat da azalmışdır. Bu tip geyim hazırda şəhər mühitinə uyğunlaşdırılmış, müasir geyim dəbinin bir hissəsinə çevrilmişdir. XIX-XX əsrin əvvəllərində isə ondan bütün Azərbaycan bölgələrinin maldar-elat və kənd qadınları istifadə etmişlər.