AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mütəkkə

Nümunənin reyestr kodu : SD0606000002

Keçmişdə xalqımızın ailə məişətində işlənən zəruri məişət əşyaları – qələmkar süfrələr, nazbalışlar, gəlin xınabəndləri, ağlabənd nümunələri, örtüklər, pərdələr, yorğan-döşək dəstləri, xalça-palaz məmulatları ilə yanaşı, mütəkkə də gərəkli ailə-məişət əşyası kimi yataq və istirahət dəsti tərkibinə daxil edilmişdir. Ərəbcə “təkye” sözündən olan mütəkkə “söykənmək” deməkdir. Formasına görə mütəkkə uzunsov və girdə (yuvarlaq, dairəvi) düzəldilir, hər bir ailənin yataq dəstində yatmaq və dincəlmək üçün nəzərdə tutulurdu. Adətən, mütəkkə böyük (təxminən 80-90 sm) və kiçik (təxminən 50-60 sm) olmaqla iki ölçüdə düzəldilirdi. Mütəkkəni hazırlamaq üçün əvvəlcə yun və ya pambıq ehtiyatı görülürdü. Mütəkkəni, adətən, lifləri nisbətən gödək, zərif və yumşaq olan quzu küzəmindən düzəltməyə üstünlük verirdilər.

Mütəkkə üzlük və astar olmaqla iki hissədən ibarət biçilib tikilirdi. Əvvəlcə nəzərdə tutulmuş ölçüdə astar hazırlanırdı. Onun içərisinə yun və ya pambıq materialı doldurulduqdan sonra astarın hər iki başında düzəldilən nifə (büzmə) yerinə yun ip keçirib onu dartaraq astarın ağzını büzürdülər ki, içərisinə doldurulan yun və ya pambıq tökülməsin. İpin uclarına bəzən qotaz da taxılırdı. Mütəkkəyə xoş görkəm verməkdən ötrü onu mütəkkə üzlüyünün içərisinə salırdılar. Mütəkkə üzlüyü, adətən, bahalı və parlaq ipək parçalardan (məxmər, atlaz, qanovuz, zərxara və s.) biçilib tikilirdi. Onun da tikiş texnikası astarda olduğu kimi idi. Adətən, mütəkkə üzlüyünün iki kəlləliyi ayrı rəng parçadan, gövdəsi isə digər rəngli parçadan hasilə gətirilirdi. Bundan başqa, gəlin cehizliyi üçün nəzərdə tutulmuş mütəkkə üzlüyü xüsusi zövq ilə hazırlanır, nəbati və həndəsi naxışlı təkəlduz tikmə və bafta ilə bəzədilirdi. Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan və Şəki tikməsi hesab olunan bir mütəkkə üzü (EF-6040) bu qəbildəndir. Mütəkkə üzü olduqca nəfis işlənmiş, tünd sürməyi rəngli məxmər parça üzərində ağ və sarı ipək sapla nəbati və həndəsi naxışlı təkəlduz tikməlidir. Ortasında bir iri bütöv və iki yarım gölləri vardır. Üzlüyə sonradan çitdən astar əlavə olunmuş və bafta tikilmişdir. Adətən, istirahət üçün nəzərdə tutulan hər bir mütəkkənin yanında kiçik döşəkcə (nalça, nimdər) də olurdu. Onu bəzən eni və uzunu bərabər ölçüdə (kvadratşəkilli), bəzən də dairəvi düzəldir, üzlüyünü qurama üsulu ilə hasilə gətirirdilər.

Keçmişdə mütəkkə və döşəkcə, demək olar ki, hər bir evdə zəruri məişət əşyası kimi mövcud olmuşdur. Adətən, ailə məişətinə aid olan yemək, yatmaq, istirahət etmək, ev işləri görmək, asudə vaxt keçirmək, məşvərət, söz-söhbət, qonaq qəbul etmək və s. döşəmə üzərində icra edildiyindən giriş qapısı istisna olmaqla, döşəmənin ətrafı boyunca döşəkcə, mütəkkə və balınc düzülərdi. Mütəkkə və döşəkcə qonaq otağının da başlıca yataq və istirahət dəsti idi. Gəlin köçəcək qız üçün hazırlanan cehizliyin içərisində bir neçə dəst mütəkkə və döşəyin olması vacib sayılırdı.

Mütəkkələr ölçülərinə, bəzək-naxış xüsusiyyətlərinə, istifadə olunan parça materialının növünə və rənginə görə bir-birindən fərqlənirdi.

Mütəkkədən Azərbaycanda ilk orta əsrlərdən istifadə edildiyi ehtimal olunur. Mütəkkə keçmişdən üzü bəri saray otaqlarının, məscid hücrələri və ibadət zallarının, məbədlərin, təkyə və ziyarətgahların, karvansaraların, qonaq otaqlarının və nəhayət, ailə yataq və istirahət dəstlərinin tərkib hissəsi kimi daim tələb olunan məişət əşyası olmuşdur. Qapıya gələn qonağa hörmət göstərmək, onun qayğısına qalmaq, istirahəti üçün altına döşəkcə salıb qoltuğunun altına mütəkkə qoymaq azərbaycanlıların təmənnasız olaraq həyata keçirdikləri el adətlərindən olmuşdur. XVII əsrin türk səyyahı E.Çələbi qeyd edir ki, qonaq qalacaqları yerə getdikdən sonra bizə Təbriz xanından bir yuvarlaq güləbətinli yastıq (mütəkkə), beş dəst gecə geyimi, güləbətinli yorğan, bir boxça, əlbisə (paltar), ənbər (ətir) və bir qara miləmil əcəm atı hədiyyə gəldi. XIX əsr və XX əsrin 50-60-cı illərinə qədər evlərin daxili sahmanında ənənəvi tikmə və toxuma məmulatlarının geniş çeşidindən – müxtəlif ölçülü və formalı quramalar, divar pərdəsi və ev bəzəyi – ləməqabağı, mütəkkə, döşəkcə, nazbalış üzlükləri, gərdək torbası, pərdəbaşı, xonça örtüyü və s. geniş istifadə olunmuşdur. İndi isə onları yalnız muzeylərimizdə görmək mümkündür.