AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Təkəlduz tikmə

Nümunənin reyestr kodu : SD0606000001

Təkəlduz Azərbaycanda geniş yayılmış bədii tikmə növlərindən biridir. Bu tikmələrdə nəbati və həndəsi motivli bəzəklər müxtəlif rəngli sapların köməyi ilə parça üzərinə ilməvari ilgəklər vasitəsilə işlənir. Təkəlduz tikmələrdə bəzəklər, adətən, iki üsulla – “gəzmə” və “doldurma” yolu ilə parça üzərinə köçürülür. Mürəkkəb naxışlı bəzəklərdə bu üsullar bəzən birgə tətbiq olunur.

Təkəlduz ustaları sağanaqqarmaq (qüllab) adlanan iki sadə əmək alətindən istifadə edirdilər. Hər hansı bir məmulat və ya parçanın üzərinə naxış salmaq üçün parça sağanağa tarım çəkilir, sonra kağız üzərində hazırlanmış kompozisiyanın kənar, gəzmə xətləri karandaş və ya təbaşirlə parçanın üzərinə köçürülür. Köçürmə zamanı əvvəl kompozisiyanın gəzmə xətləri tikilir, sonra naxış və ornamentlərin içərisi doldurulur. Təkəlduz tikmələr üçün ağac qulplu xüsusi metal milçədən və müxtəlif rəngli saplardan istifadə olunur. Sağanaqda tikildiyinə görə təkəlduz tikmlərə çox vaxt “sağanaqlı tikmə” də deyilir.

Təkəlduz tikmələrdə nəbati motivli naxışların bir-birinə hörülməsindən əmələ gələn mürəkkəb quruluşlu kompozisiyalardan, real formada verilən qızıl gül, qönçə, qərənfil və s. naxışlarından, eləcə də kompozisiyanı bədii surətdə tamamlayan qoşa quş təsvirlərindən geniş istifadə olunur. Divar üçün nəzərdə tutulmuş təkəlduz tikmələrin ara sahəsi nəbati motivli göl, müxtəlif heyvan təsvirləri ilə bəzədilir, kompozisiyanın ətrafı haşiyə ilə örtülür. Təkəlduz məmulatlarında nadir hallarda gülabdan, kuzə, ətirqabı, sürmədan, daraq, qayçı və s. məişət əşyalarının, həmçinin səma cisimlərinin (günş, ay, ulduz) təsvirlərinə də rast gəlinir. Təkəlduz tikmələrin bəzək ünsürləri haşiyə, göl və ara bəzəyi olmaqla bir-birindən fərqlənir. Tikmə prosesində əvvəlcə haşiyə bəzəkləri üzrə naxışın əsas xətləri işlənir, daha sonra ara boşluqlar doldurulur. Gözəl kompozisiya, zəngin rəng koloriti, simmetrik naxış və ritmlər Azərbaycan təkəlduz nümunələrinin səciyyəvi xüsusiyyətləridir. Bunların ən yaxşı nümunələri Azərbaycan Tarix Muzeyində, Azərbaycan Dövlət İncəsənət Muzeyində və s. bu gün də saxlanılır.

Təkəlduz tikmənin yerliyi, əsasən, birrəng (yekrəng) məxmər, qanovuz, darayı və s. yerli ipək parçalardan ibarət olur. Tikmə sapı, əsasən, ipək və kecidən hazırlanır. Bundan əlavə, bəzən “yalınqat” əyrilmiş yun ipdən də tikmə sapı kimi istifadə edilir. Bir qayda olaraq, tikmə sapı naxış kompozisiyasının rəng uyarından asılı olaraq, əvvəlcədən müvafiq rənglərə boyanır. Boyaq üçün bitki mənşəli boyaqlara üstünlük verilir. Nəbati boyaqlar rənginin parlaqlığı və şəffaflığı ilə seçilir. Xalçaçılıq sənətində olduğu kimi, tikmə ustaları da yerli və kənardan gətirilmə nəbati boyaqların xüsusiyyətlərinə, onlardan boyaq əldə etmə qaydalarına, habelə boyama texnologiyasına dərindən bələd idilər.

Qədim tarixə malik təkəlduz tikmə üsulu Azərbaycanda müxtəlif məişət əşyalarının (balınc, mütəkkə, döşək üzləri, pərdə, çarpayı örtüyü, hamam boxçası, məcməyi örtüyü, tənbəki torbası, divar xalçası, həmçinin qadın bəzək və kişi paltarlarının) bədii tərtibatında və bəzək işlərində tətbiq edilmişdi. Təkəlduz sənətinin əsas istehsal mərkəzləri Təbriz və Şəki şəhərləri olsa da, Quba, Bakı, Gəncə, Şamaxı və Şuşa şəhərlərində də geniş yayılmışdı. XIX əsrə Şəkidə təkəlduzla məşğul olan 80-ə yaxın emalatxana fəaliyyət göstərirdi. Bu dövrdə təkəlduz üsulu ilə bəzədilmiş məişət əşyaları qonşu ölkələrə, eləcə də Rusiyaya ixrac olunurdu.