AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Məxmər

Nümunənin reyestr kodu : SD0401010004

Orta əsrlərdə Azərbaycanda xam ipəkdən güləbətinsiz toxunan ipək parçaların çox geniş çeşidləri (atlaz, tafta, darayı, kisəyi, fitə, qanovuz, alaca və s.) içərisində taftasayağı toxunan məxmərin də öz xüsusi yeri olmuşdur. Məxmər parça özünəməxsus toxuma texnikası, rəng və bəzək-nəqş xüsusiyyətlərinə malik idi. Məxmər parça görünüşcə üzü qısa xovlu və parlaq ipək parça olub, çox zaman varlı geyimlərinin hazırlanmasında istifadə olunurdu. Azərbaycanın ənənəvi ipək parçaları arasında mürəkkəb istehsal texnikasına malik olan və bu səbəbdən də baha başa gələn məxmərin başlıca müştəriləri feodal cəmiyyətinin hakim təbəqələri idi. Əvvəllər məxmər parçadan hazırlanan libaslar yalnız zadəganlar tərəfindən geyilirdi. Onların dəbdəbəli məişət tərzi üçün məxmər ən münasib bahalı parça növü sayılırdı. Məxmərin qısa xovları onu xoşagələn, ürəyəyatımlı etmişdi.

Orta əsrlərdə Təbriz şəhəri məxmər parçaların başlıca istehsal mərkəzinə çevrilmişdi. Mənbələrdə Təbriz şəhərindən Rusiyaya ixrac olunan müxtəlif çeşidli məxmər parçalar arasında çox vaxt “Təbriz məxməri” adı ilə təqdim olunan məxmər parçaya da təsadüf edilirdi. Keçmişdə məxmər, adətən, “həlil məxmər” adı ilə müxtəlif rəng çalarında (qırmızı, qızılı, zoğalı, göy, mavi, abı, yaşıl, qəhvəyi və s.) toxunmuşdur. Bəzən məxmər güləbətin sap qatışığı ilə də toxunurdu. Həlil məxmər ev məişətində (boxça, örtük, süfrə, pərdə və s.) və qadın geyim dəstində istifadə olunmaqdan əlavə, həm də müxtəlif növ tikmələrdə yerlik material kimi işlənmişdir. XVII əsrdə Azərbaycan şəhərlərində məxmər parçanın çox müxtəlif çeşidləri və rəngləri toxunurdu. Məxmər parçaların saya çeşidi ilə yanaşı, “gülməxmər” və “zərməxmər” kimi çeşidləri də olmuşdur. Onlar, adətən, bir dəzgahda ikili qalınlıqda şaquli düzülmüş çox yumşaq və parlaq olan ipliklələ xovlu toxunduğundan, nisbətən ağır və bahalı parça sayılırdı.

Məxmər parçalar rənglərinə, çeşidlərinə, toxunma texnikasına, adlarındakı müxtəlifliyə, istehsal məkanına görə fərqlənirdilər.

Məxmər parça orta əsrlərdən məlumdur. Güman edilir ki, məxmər parça ilk dəfə Kəşmirdə (Hindistan) toxunmuş, sonralar Bağdad (İraq), Qahirə (Misir) və başqa şəhərlərə yayılmış, Genuya, Florensiya və Venesiya vasitəsilə Avropaya – Qərb dünyasına keçmişdir. 1618-ci ildə Azərbaycanda olmuş rus səfirliyinin başçısı Fyodor İsakoviç Leontev tərəfindən rus çarı Mixail Romanov üçün alınmış hədiyyə-mallar arasında məxmər parçaların “çerçar məxmər” (tünd qırmızı məxmər), “hamar məxmər”, “albalı rəngli məxmər”, “rəngli, hamar, zolaqlı məxmər”, “hamar, sarı-dəmiri məxmər”, “qara məxmər”, “hamar, yaşıl məxmər” və s. növləri olmuşdur. Məxmər parçaların üzərində naxışlar və müxtəlif heyvanların, eləcə də vəhşi heyvanların, mələklərin, bütün yaraq-əsləhəsi ilə döyüşçülərin və yaxud da klassiklərin əsərlərindəki qəhrəmanların təsvirləri verilirdi. Sankt-Peterburqda (Rusiya) Dövlət Ermitajında bir məxmər cübbə qorunub saxlanılır. XVI əsrə aid olan bu məxmər cübbənin üzərində məhəbbətin güclü təsiri ucbatından ağlını itərərək çöllü-biyabanlara düşmüş Məcnunun – dahi şair Nizaminin “Leyli və Məcnun” poemasının qəhrəmanının heyvanlar və vəhşi heyvanlar arasında təsviri toxunmuşdur. Təbriz, Şamaxı, Ərdəbil, Gəncə və başqa Azərbaycan şəhərləri XIX əsrin sonlarına kimi məxmər parça istehsalında qabaqcıl yerlərdə olmuşlar. Onların istehsal etdiyi parçalar əsasən Venesiya, Niderland, Fransa, Rusiya və b. ölkələrə ixrac olunmuşdur.