AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bulaqüstü tikili

Nümunənin reyestr kodu : DA0204000023

Bulaq – yeraltı içməli suların heç bir müdaxilə olmadan sərbəst surətdə yer səthinə çıxmasından əmələ gələn təbii axara deyilir. Bulaqlar müxtəlif olur. Tempraturu 20 dərəcəyə qədər olan bulaqlar “soyuq bulaq”, 20-37 dərəcəyə qədər olanlar – “subtermal bulaq”, 37-42 dərəcə olanlar – “termal bulaq”, 42 dərəcədən yuxarı olanlar isə “isti bulaq” adlanır. Belə bulaqlar Azərbaycanın dağlıq və dağətəyi kəndlərinin yerləşdiyi Böyük və Kiçik Qafqaz dağları civarında, eləcə də Talış dağları ətəklərində daha çoxluq təşkil edir. Azərbaycanda bulaq əvəzinə bəzən “çeşmə” ifadəsindən də istifadə olunur. Müxtəlif daşyonma üsullarından (qaraçapma, cümməçapma, dişəmə, cilalama) istifadə edən daşyonma ustaları xatirə abidələrinin (məzar daşları, bulaqüstü tikililər) hazırlanmasında həkkaklarla müştərək işləyirdilər. Xüsusilə xeyrat bulaqlarının bulaqüstü tikili daşlarının (qıstab, hovuz və novça) hazırlanmasında daşyonan usta-sənətkarların xidməti böyük idi.

Bulaqüstü tikilinin ən əsas elementi “qıstab” hesab olunurdu. Qıstab tikilisi bir və ya bir neçə bir-birinə yaxın azsulu təbii bulaqların bir hovuzda cəmləşdirilməsi, orada duruldulması, çirklənmədən qorunması və istifadəsinin rasional qaydada təşkil olunmasına xidmət edirdi. Qıstab tikilisi bişmiş kərpicdən və yaxud da daşdan inşa olunur, kvadrat və ya dairəvi formada düzəldilir, üstü bağlanır və müxtəlif sututar həcmdə olurdu. Adətən, qıstabın daşlarını daşyonan usta səliqə ilə sifarişə uyğun şəkildə yonub hazırlayır, bənna isə onun tikintisi ilə məşğul olurdu. Qıstabın fasad divarında yer səthindən 60-100 sm hündürlükdə suyu bayıra buraxmaq məqsədilə dəlik qoyulurdu. Bir çox qıstablarda bu dəlik bəzən saxsı, dəmir və ya çuqun boru və su kranı ilə təchiz olunur, bəzən də bunlarsız olurdu. Azsulu bulaqların suyunu kifayət qədər çox toplamaq məqsədilə qıstab dəliyi ya tıxacla tıxanır, ya da kranla bağlanırdı. Bu dəlikdən başqa, qıstabın ön (fasad) və ya üst divarında böyük ölçülü digər bir dəlik də qoyulurdu ki, bu dəlik həm rezervuarın içərisindəki havanın dövr etməsinə, həm də artıq qalan suyun kənarlaşdırılmasına imkan verirdi. Bu dəlikdən həmçinin qıstaba qulluq edən səxs rezervuarın təmizlənməsi və təmir işləri məqsədilə girib-çıxmaq üçün istifadə edirdi. Adətən, üst divarda qoyulan bu dəliyin ağzına ağacdan qapı düzəldilir, bəzən də daş plitə və ya taxta ilə örtülürdü. Qıstabın ön tərəfində daşdan uzunsov düzbucaqlı təknəni xatırladan nov yerləşdirilirdi. Onu da daşyonanlar xüsusi səliqə ilə yonub düzəldirdilər. Bulağın suyu bu nova axıb tökülürdü. Daş nov dolduqda, dupduru bulaq suyu novun yuxarı tərəfində qoyulmuş dəlik və ya ensiz kəsikdən axıb gedirdi. Nov, bir qayda olaraq, mal-davarın suvarılması üçün istifadə edilirdi. Bəzən nov içərisi oyulmuş bütöv və bərk gövdəli ağacdan, bəzən taxtadan, əksər hallarda bütöv tuf daşından, bəzən isə bərk tikinti materiallarından hazırlanır, uzunluğu təxminən 100-250 sm, eni 40-80 sm, dərinliyi isə 25-60 sm olurdu. Azərbaycanda mövcud olan əksər bulaqların qıstabı olmasa da, çoxunda suyun toplanıb axıdılmasıi üçün daş nov qoyulmuşdur.

Bulaqların daşla hörülmüş qənşər divarları əksər hallarda müxtəlif məzmunlu barelyeflər, flora və fauna aləminin ornamentləri, həndəsi füqurlar, xətlər, ərəb və Azərbaycan əlifbası ilə yazılan epiqrafik yazılarla işlənirdi. Çox zaman da bulaqdan uzaqda yerləşən yaşayış məntəqələrinə suyu çatdırmaq üçün saxsı tünkdən, dəmir və çuqun borudan, eləcə də sadəcə olaraq ağac novdan istifadə edilirdi. Bəzən bulaq suyundan çox uzaq məntəqələrin əhalisinin istifadəsi üçün ayrıca olaraq kəhriz kürəbəndini xatırladan yeraltı su kanalı da çəkilirdi ki, onu hər tərəfdən daş plitələrlə və ya bişmiş kərpiclə hörürdülər. Bütün bunların hamısı bulaqüstü tikililər kompleksinə daxil edilən elementlər idi.

Uzaq keçmişdən insanlar bulaq sularından məişətdə və təsərrüfatda səmərəli istifadə etmək üçün daşişləmə ustalarına müraciət etmiş, onun üzərində bulaqüstü tikililər inşa etdirmişlər. Ənənəvi sənət sahələrinin ən qədim və arxaik növü olmaq etibarilə daşişləmə sənəti XIX əsrə çatanadək əsaslı dəyişikliklərə uğramış, onun tarixi kökləri qədim insanın təşəkkül tapdığı ilk dövrlərə gedib çıxır. Azıx, Damcılı, Tağlar, Daşsalahlı və digər Paleolit abidələrindən aşkar edilmiş maddi mədəniyyət qalıqları, xüsusilə bəsit daş alətlər Azərbaycanın qədim sakinlərinin Daş dövründəki ilk sənət-peşə həyatından soraq verir. İbtidai-icma quruluşunun dağılması, ilk sinifli cəmiyyətin yaranması və xüsusilə də dəmirin kəşfindən sonra ənənəvi daşişləmə sənətinin ən geniş yayılmış sahələrindən biri daşyonma, əsasən də daş üzərində oyma sənəti olmuşdur. Daşişləmə sənətinin daşyonma, oyma, bənnalıq, şəbəkəçilik, həkkaklık, heykəltəraşlıq, xəttatlıq, nəqqaşlıq və s. sahələri arasında daşyonanlar bulaqüstü tikililərin hasilə gətirilməsində xüsusi seçilmişlər. K.Xatisov XIX əsrin sonlarında Zaqafqaziyada (Cənubi Qafqazda) daşişləmə sənətinin ən çox inkişaf etmiş mərkəzləri arasında Bakı, Naxçıvan, Qazax, Cəbrayıl və Şamaxı qəzalarını xüsusi olaraq qeyd etmişdir. Daş mədənlərinə yaxın olan kəndlərdə daşdan həmçinin hovuz, nov, novça (şırdan), axur, qıstab və s. hazırlandığı qeydə alınmışdır. Hovuz, novça və qıstab əsasən bulaqüstü tikililərdə istifadə olunurdu. Bulaqüstü tikililər, adətən xeyrat məqsədilə bulaqların üzərində varlı şəxslər tərəfindən inşa etdirilirdi. Belə bulaqüstü tikililər orta əsrlərdə daha çox meydana gəlmişdir. Sovet dönəmində Böyük Vətən Müharibəsi cəbhələrində həlak olmuşların, vaxtsız vəfat etmişlərin və b. xatirəsinə xatirə-xeyrat bulaqları inşa edilmişdir. Müstəqillik illərində isə xatirə-xeyrat bulaqları üzərindəki tikililər, bir qayda olaraq, 20 yanvar və Qarabağ döyüşləri şəhidlərinin xatirəsinə ucaldılmışdır.