AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zərbaf

Nümunənin reyestr kodu : SD0401010007

“Zərbaf” sözü fars mənşəli olub, “zər” – qızıl, “baft” – parça və ya parça toxuyan deməkdir. Qiymətli metallarla parça toxuyan sənətkar anlamında işlədilir. Orta əsrlərdə bədii-texniki xüsusiyyətlərinə görə Azərbaycanın kustar ipək parçaları istehsal texnikası baxımından güləbətin və tafta toxunuşlu olmaqla iki qrupa bölünmüşdür. Azərbaycanın orta əsr şəhərlərində qızıl və gümüş telləri sarınmış güləbətin sapla çox geniş çeşiddə qiymətli ipək parçalar istehsal edilirdi. Yazılı mənbələrdə müxtəlif adlarla təqdim edilən zərbaf (parça), zərxara, diba, kimxa (kəmxa), xitayi (xətayi) və başqa güləbətin parçalar bu qəbildən idi. Güləbətin parçaların toxuma texnikasında qızıldan çəkilmiş, yaxud qızıl suyuna tutulmuş zərif metal tellər başlıca yer tutduğundan, çox vaxt bu qəbildən olan digər ipək parçaların (diba, parça, kumxa, xara, zərxara, xitayi və s.) hamısı ümumi bir ad altında “zərbaf” adlanırdı. Rus çarının Moskva Silah Palatasında saxlanılan əşyalarının təsvirini vermiş P.Savvaitov zərbafı “ipəkdən və qızıldan naxışları olan qızılı və yaxud gümüşü parça“ adlandırırdı. Orta əsrlərdə Azərbaycan şəhərlərində güləbətin sap istehsalı ilə xüsusi məşğul olan və “şirmakeş” adlanan peşəkar ustalar çalışırdı. Zərbaf karxanalarını güləbətin sapla onlar təmin edirdilər. Bəzən isə zərbafxananın özündə çalışan sirmakeşlər güləbətin hazırlayırdılar. Rusdilli mənbələrdə zərbaf bəzən “parça” adı ilə də təqdim olunmuşdur. Bu halda zərbaf, o cümlədən digər güləbətin toxunuşlu parçalar ədədi qaydada, standart ölçülərdə istehsal olunub satışa çıxarılırdı. Rusdilli mənbələrdə zərbafin top şəklində ixrac edildiyi haqqında da məlumatlar verilir. Belə ki, 1790-cı ildə Bakı və Dərbənd vasitəsilə Rusiyaya Azərbaycanın ayrı-ayrı toxuculuq mərkəzlərində istehsal edilmiş 69 ədəd və 21 top zərbaf parça ixrac edilmişdi. Hətta yazılı mənbələrdən digər ipək parçaların, məsələn, atlaz, məxmər, darayı və s. bəzən güləbətin qatışığı ilə toxunduğu məlum olur. Xüsusilə Səfəvilər dövründə zərbaf xalçaların toxunduğu da məlumdur. Zərbaf, yəni güləbətin toxunuşlu parçaların növündən asılı olaraq, onların tərkibində qızıl və gümüşün miqdarı fərqli olurdu. Yazılı mənbələrdə zərbafın orta növünün tərkibində qızıl telinin miqdarı 5%, yuxarı növündə 10%, əla növündə (“əla-ye-əla”) isə 15% faiz təşkil etdiyi xəbər verilir. Bu səbəbdən də güləbətinin əla növü ilə toxunmuş zərbaf çox yüksək qiymətləndirilməklə, hökmdar, xan, bəy, sultan saraylarının qapı, pəncərə və divarlarının bəzədilməsində istifadə olunurdu. Ondan habelə örpək, külah, arxalıq (qaftan), küləcə, xələt və digər yaraşıqlı geyimlər tikilir, hətta kəmər də düzəldilirdi.

Zərbaf parçalar istehsal texnikasına (güləbətin toxunuşlu), standart ölçülərinə (ədədi və top şəklində), tərkibindəki qızıl və gümüşün miqdarına (orta, yuxarı və əla) və eləcə də bəzək-nəqş ünsürlərinə görə bir-birindən fərqləndirilirdi.

Tafta toxunuşlu adi ipək parçalardan fərqli olaraq, güləbətin parçaların, o cümlədən də zərbafın toxuma texnologiyası daha mürəkkəb olmuşdur. Bu mənada güləbətin parçaların istehsalına xeyli gec, erkən orta əsrlərin sonu və inkişaf etmiş feodalizm dövrünün əvvəllərində başlandığı güman edilir. Bunun üçün sosial-iqtisadi zəmin məhz bu dövrdə yaranmışdır. Feodallaşma prosesi gücləndikcə, cəmiyyətin yuxarı təbəqələrinin yüksək geyim dəbləri və təntənəli məişət şəraiti “güləbətin” ilə toxunulmuş al-əlvan naxışlı, yüksək bədii keyfiyyətə malik parçalar tələb edirdi. Şəhər əhalisinin, ilk növbədə onun ali zümrələrinin kübar məişət tələbləri artdıqca güləbətin parçaların çeşidləri çoxalır, toxuma texnologiyası təkmilləşirdi. Zərbaf parça toxunması Şərqin bir sıra ölkəsində, həmşinin Azərbaycanda geniş yayılmışdır. Onun, Azərbaycanda orta əsrlərdən istifadə olunuğunu əminliklə söyləmək olar. N.Gəncəvinin “Xəmsə”sində həmin dövrün parça materialları və geyim növləri haqqında maraqlı məlumatlara rast gəlirik. Bu dövrdə yüksək keyfiyyətli parça növləri içərisində ipək parçaların geniş çeşidindən (atlas, pərniyan, qumaş, diba, gurçeşm ipəyi, şüştər ipəyi, zərbaf və s.) söhbət açan şair, onlardan dəyərli libaslar hazırlandığını, xalqın gündəlik məişətində və bayramlıq geyim dəstlərində əsas yer tutduğunu qeyd edir. XIII əsr Venesiya (İtaliya) səyyahı Marko Polo da Azərbaycan haqqında məlumatlar verərkən burada ipək və ipək məmulatlarının bolluğundan, toxunan ipək və zərxara parçalardan, bu parçalara heç yerdə rast gəlinmədiyindən, eləcə də Təbrizin ipək və zərxara parçalarından ağızdolusu danışmışdır. XV-XVI əsrlərdə Azərbaycanın Təbriz, Ərdəbil, Şamaxı, Gəncə və başqa şəhərlərində toxunmuş zərbaf parçalara Rusiyada, həmçinin bir çox xarici ölkələrdə böyük təlabat olmuşdur. Bu parça növü Azərbaycanda XVII-XIX əsrlərdə də istehsal edilmiş, ancaq XVIII əsrin ikinci yarısından etibarən ölkədə qızıl və gümüşün kəskin qıtlığı ucbatından istehsalı azalmışdır. Hazırda Bakı, Moskva, Sankt-Peterburq, həmçinin dünyanın bir sıra muzeylərində zərbaf parça nümunələri saxlanılmaqdadır.