AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Belbağı

Nümunənin reyestr kodu : SD0303000019

Kişi və qadın geyimlərinin ayrılmaz tərkib hissəsini təşkil edən bel bəzəkləri, xüsusilə də toqqa və kəmərlər özünün bədii-ornamental xüsusiyyətlərinə, tətbiq məqamına, yayılma arealına və lokal fərqlərinə görə müxtəlif idi. Azərbaycanda kişi və qadın bel bəzəklərinin “ətəkli (sallama) kəmər”, “taxta kəmər”, “təkbənd”, “saltoqqa”, “suvadax toqqa”, “çilik toqqa”, “qabırğalı kəmər”, “çərkəzi”, “qarmaq kəmər”, “zərli kəmər”, “zəncirəli kəmər”, “düzmə kəmər”, “girvənkə toqqa”, “körpü kəmər”, “sikkə kəmər” və s. kimi çoxlu çeşidləri olmuşdur. Zərgərlik sənətində ağır zinətlər sırasına daxil edilən bel bəzəkləri silsiləsində belbağının da xüsusi yeri olduğunu tədqiqatçılar dəfələrlə qeyd etmişlər. “Bəndləmə” kəmərlərin qulplu sikkələrdən ibarət olan bəzək ünsürləri qayış üzərinə bəndlənirdisə, “kəsmə” pərəklərdən düzəldilmiş minalı “gül” belbağıların bəzək-nəqş ünsürləri də çox vaxt bəndləmə üsulu ilə, lakin tünd rəngli parça (sürməyi, zoğalı, yaşıl və ya qara məxmər) üzərinə bənd edilirdi. Bundan başqa, bəzən zərgərlər tərəfindən düzəldilən və “kəmərbənd” adlanan kəsmə “gül belbağı”dan da geniş istifadə olunduğu məlumdur. Onu qəlibkarlıq üsulu ilə hazırlayır, kəmərdən fərqli olaraq bəzək-nəqş dekorları təxminən 30 sm-lik hissədə cəmləşdirilirdi. İlk baxışda bu belbağı yarımkəmər təsiri bağışlayırdı.

Keçmişdə Azərbaycanın müxtəlif bölgələrində bel bəzəkləri təkcə qəlibkarlıq üsulu ilə deyil, şəbəkəçilik, savadlama, minasazlıq kimi istehsal üsullarının kombinəsi vasitəsilə də hazırlanırdı. XIX əsrin sonu-XX əsrin əvvəllərində Zaqatala bölgəsinin xalq qadın geyimlərini tədqiq etmiş etnoqraf Ə.Ə.İzmaylova qeyd edirdi ki, buranın qadınları adi günlərdə bel bəzəklərindən istifadə etmirdilər. Ancaq bayramlıq geyimlərinin tərkibində döşlüyün (fartuğun) qaytanını əvəz edən belbağının (yarımkəmərin) olması vacib şərt idi. Bölgə qadınlarının maddi vəziyyətlərindən asılı olaraq belbağı sikkə düzümlərindən və xüsusi olaraq hazırlanmış yarımkəmərdən ibarət ola bilərdi. Gümüş belbağı üzəri nəfis şəbəkəli medalyonlarla örtülmüş nisbətən oval, kəmər enində olan lövhədən ibarət olurdu. Onun uzunluğu çox da böyük olmayıb, qadının belinin yalnız arxa hissəsini tuturdu. Xüsusi olaraq hazırlanmış belə belbağı nümunələri Balakən və Zaqatala rayonlarında geniş yayılmışdı. Qax rayonunda isə belbağı – çox hissəsi sikkələrdən və yaxud adicə zəncirədən olan yarımkəmər şəklində düzəldilirdi. Qadınlar kəməri bayramlıq geyimlərinin və döşlüyün üstündən vururdular. Belə kəmər vuran zaman belbağı da bağlayırdılar. Qadının arxasınca baxdıqda adama elə gəlirdi ki, o, iki kəməri üst-üstə belinə qurşamışdır. Əslində isə onlardan biri kəmər deyil, belbağı olurdu. Böyük ehtimalla söyləmək olar ki, toqqalı kəmər Zaqatala bölgəsində belbağından sonra yayılmağa başlamışdır. Geyimi tamamlayan döşlüyün (fartuğun) qaytanını əvəz edən belbağının bəzəkli hissəsi öndə olmuş və kəməri əvəz etmişdir.

Azərbaycanda mövcud olmuş belbağılar bəndləmə (tünd rəngli parça üzərinə kəsmə bəzəklərin və sikkələrin düzümü) və “kəmərbənd” adlanan metal lövhədən tökülən belbağı olmaqla iki formada düzəldilmişdir.

Belbağının Azərbaycanda nə vaxtdan başlayaraq istifadə olunması haqqında dəqiq məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, Tunc dövründən başlayaraq kəmərin meydana gəlməsi ilə yarımkəmər rolu oynayan belbağı da meydana gəlmiş, əvvəlcə belə sarınan qurşaq, ipək və ya şaldan belbağı formasında olsa da, sonralar zərgərlik məmulatı kimi metaldan kəsmə və ya tökmə (qəlib) üsulu ilə hazırlanmışdır. Yayılma arealına nəzər salsaq, belbağının daha çox Qarabağda (şəbəkəli belbağı), Bakı, Şamaxı, Lahıc və Şəki-Zaqatala bölgəsində daha çox dəbdə olduğunu görə bilərik.