AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kürk

Nümunənin reyestr kodu : SD0304000009

Mövsümi kişi geyimləri arasında aşılı qoyun dərisindən tikilən kürk özünəməxsus yer tuturdu. Əsasən maldar elatların mövsümi geyim növü olan kürk qaba aşılanmış 4-5 qoyun dərisindən kustar üsulla hazırlanır, tikişləri kobud olur, üzərində heç bir bəzək-naxış elementi olmurdu. Çox zaman belə kürklər əhalinin özü tərəfindən biçilib-tikilirdi. Кaval kürk isə yüksək keyfiyyətlə zərif aşılanmış 9-10 qoyun dərisindən yunu içəri olmaqla biçilib-tikilir, dekorativ bəzək səciyyəsi daşıyan qolları və ətəyi topuğa qədər uzun olurdu. Qolları bütöv (yalançı) olduğundan onu çiyinə salmaqla geyinirdilər. Кaval kürk varlı zümrələrin və şəhər əhalisinin geyim dəstinə daxil idi. Belə kürkdən zəvvar və çarvadarlar səfər zamanı yatacaq kimi də istifadə edirdilər. Bu geyim növünün varlı zümrələrə aid olmasını Naxçıvan bölgəsində geniş yayılmış “kürküm var, mülküm var!” deyimi də təsdiq edir.

Bir qayda olaraq, kürkün üzü onu geyən şəxsin yaş mənsubiyyətinə uyğun olaraq qırmızı, sarı, qara, qəhvəyi rənglərlə boyanır və əlvan rəngli ipək saplarla naxışlanırdı. Aşılanmış qoyun dərisindən tikilən və uzun zaman istifadəyə yararlı olan kürk vaxtilə milli geyim növləri içərisində həm də ən qiymətli hədiyyə hesab olunurdu. Qiymətli hədiyyə kimi onu əziz qonağa, hörmətli şəxslərə bağışlayırdılar. Görkəmli Azərbaycan şairi M.P.Vaqif dostlarından birinə yazdığı mənzum məktubunda Şirvan hakiminin ona hədiyyə olaraq bir kürk göndərdiyindən bəhs etmişdir. Kürk həm də miras kimi atadan oğula qalırdı.

Azərbaycanda kürk mövsümi səciyyəli geyim növü olsa da, yaşlı özbəklər kürkdən isti aylarda da istifadə edirdilər. XIX əsrdə Azərbaycanın Bakı, Gəncəbasar, Şirvan, Şəki və Qarabağ bölgələrində varlı zümrələrinin bayramlıq geyim dəstində nadir hallarda xəzdən tikilmiş kürkə də təsadüf edilirdi. “Xəz-əzəmi” adlanan belə kürk növündən digər türk xalqları da istifadə etmişdir. Mahmud Kaşğarlının “Divanü lüğat-it-türk” əsərində qeyd olunur ki, türklər arasında “içmək” adlanan və quzu dərisindən tikilən kürklər geniş yayılmışdı. Onlar həmçinin samur və sincab dərisindən də kürk geyirdilər. Türklər sincaba “tiğun”, samura isə “kiş” deyirdilər. Bunların dərisindən tikilən kürk isə “içuk” adlanırdı. Heç şübhəsiz ki, XI əsrdə geyilən “içuk” ilə XIX əsrin “xəz-əzəmi” tipli kişi üst geyimləri arasında tipoloji oxşarlıq olmuşdur.

Azərbaycanda kürkün müxtəlif biçim üsulu ilə hazırlanan “кaval kürk” (buna bəzi etnoqrafik bölgələrdə “sallama kürk” və “üzlü kürk” də deyirdilər) və “geyinmə kürk” (“çoban kürkü”) kimi iki növü geniş yayılmışdı. Ən varlı zümrələrin əyinlərində nadir hallarda rast gəlinən “xəz-əzəmi” də ayrıca bir kürk növü hesab olunurdu.

Kürkün geyim növü kimi istifadəsinin dərinin emalı (aşılanması) ilə eyni dövrdən (Tunc dövründən) başladığını güman etmək olar. Hələ daş dövründə, ovçuluğun ilk çağlarından etibarən vəhşi heyvan dərisi insanların məişətinə daxil olmuşdur. İbtidai insanlar heyvan dərisindən bürüncək, yatacaq və digər bəsit məişət ləvazimatı kimi istifadə etmişlər. Bu vaxta qədər isə dəri bürüncəklər kürkü əvəz etmişdir. Xalq arasında “кaval kürk” daha çox “Xorasan kürkü” adı ilə məlum idi. Onu Xorasana, Məşhədə, Ərdəbilə, Kərbəlaya gedən zəvvarlar gətirirdilər. Bundan başqa, belə kürkü Ön Asiyadan gətirilən zərif aşılanmış dəridən yerli sənət mərkəzlərində (Gəncə, Şuşa, Şamaxı, Bakı, Naxçıvan) sifarişlə işləyən usta-kürkçülər də hazırlayırdılar. Adətən kürkçülər həm sifarişlə iş görür, həm də bazar üçün məhsul istehsal edirdilər. Bununla belə, Azərbaycanda kürk istehsalı heç zaman kustar sənət və xırda əmtəə istehsalı səviyyəsindən yüksəyə qalxmamışdır.