AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mirvari boyunbağı

Nümunənin reyestr kodu : SD0303000023

Azərbaycan qadınlarının boyun-sinə (yaxa) bəzəkləri içərisində sikkə düzümlü boyunbağılarla yanaşı, bahalı daşlardan (serdolik, şəvə, kəhrəba, firuzə, qızıldaş, mərcan, yaqut, zümrüd, birilyant və s.) tərtiblənən muncuq düzümlü boyunbağılar da mühüm yer tutmuşdur. Onların bir qismini mirvari muncuqlardan hazırlanan boyunbağılar təşkil edirdi. El arasında mirvari düzümündən tərtiblənən boyunbağıya inci boyunbağı da deyirlər. Mirvari (inci) yeganə bəzək əşyasıdır ki, onun emala ehtiyacı yoxdur. Məhz bu keyfiyyətinə görə əsrlər boyu təbii mirvari sonralar yaradılan süni mirvaridən baha qiymətləndirilmişdir. Təbii mirvari dəniz və şirin su mirvarisi kimi iki növdə olur. Təbii mirvari, adətən, dəniz midyalarının, şirin su molyuskalarının, bəzən də sədəf ilbizlərinin qabıqlarının daxilində əmələ gəlir. Təsadüfən çanağın içərisinə düşən kənar bir hissəcik ilbizi və digər adı çəkilən heyvanları qıcıqlandıraraq şirə buraxmasına səbəb olur. Şirə isə müəyyən zaman müddətində kənar hissəciyi əhatə edərək mirvari əmələ gətirir. Təbii mirvarilər arasında ən diqqətçəkəni və ən bahalısı gümüşü və gümüşü-yaşıl çalarlı mirvaridir. Onlara nadir hallarda rast gəlinir.

Təbii mirvarinin ağ, qızılı, qara, çəhrayı və yaşıl növləri mövcuddur. Mirvarinin keyfiyyətini rəngindən, görünüşündən və iri (xırda) olmasından müəyyənləşdirmək olur. Digər zinət əşyalarından fərqli olaraq, mirvari səliqəli və daimi olaraq istifadə edildikdə 100-150 il olduğu kimi qala bilir. Keçmişdə muncuq (mirvari) boyunbağıların hazırlanması ilə bilavasitə cəvahirsazlar məşğul olurdular. Mirvari boyunbağılar bir cərgədən başlayaraq 12 sap (ip) düzümünə qədər olur və iki formada yığılırdı. Birinci halda mirvarilər sapa (ipə) düzülərək hər iki ucu qızıl arpa muncuqla tamamlanırdı. İmkandan asılı olaraq mirvari düzümünün uzunluğu 60 sm-dən 150 sm-ə qədər olurdu. Uzun saplı (ipli) mirvarisi olan bəzi qadınlar ya onu bir neçə dəfə qat edib boyunlarına dolayır, ya da bir qat şəklində boyunlarından asıb, sinələrinin ortasında düyünləyirdilər. İkinci halda isə “şəddə” adlanan mirvari boyunbağı 9-10 cərgə topa muncuqdan ibarət olub, bir cüt arpa və ya hil muncuqla tamamlanırdı. Onu dəst (topa) halında boyundan asırdılar.

Mirvari boyunbağılar cərgəsinin sayına (1-dən 12-yə qədər), uzunluğu və ya qısalığına, boyuna salınma tərzinə, dəyərinə və inci muncuqların ölçülərinə görə bir-birindən fərqləndirilirdi. Mirvari muncuğun özü isə təbii və süni olmağına, dəniz və ya şirin su mirvarisi kimi seçilməyinə, eləcə də rənginə, keyfiyyətinə, sədəf qatının qalınlığına, parıltılı görünüşünə və s. görə müxtəlif olurdu.

Mirvari (inci) muncuq dənələri, digər qiymətli daş-qaşlar kimi, Azərbaycana uzaq keçmişdən bəri karvan ticarəti vasitəsilə kənardan (xüsusilə Şərq ölkələrindən) gətirilmişdir. Cəvahirsazlar ondan müxtəlif zinət əşyaları, o cümlədən də boyunbağı hazırlamışlar. Tarixinə gəldikdə isə, belə boyunbağılar dünyada qədimdən mövcud olmuşdur. Qədim Romada təzə evlənənləri mirvari boyunbağı ilə sarıyırdılar ki, bu da ər-arvad sədaqətinə işarə idi. Burada (Qədim Romada) onu hətta mükafat kimi də təqdim edirdilər. Belə ki, kvadriqlərin (kvadriq – iki təkər üzərində dörd ata qoşulu antik araba idi) yarışında qalib gələn yarış iştirakçısı üçqat mirvari boyunbağı ilə mükafatlandırılırdı. Qədimdə şirin su mirvarisi Rusiyada, Şotlandiyada, Almaniyada, Çində və Şimali Amerika ölkələrində əldə edilirdi. Dəniz mirvarisi istehsalının əsas mənbəyi Qırmızı dəniz, Şri-Lanka sahilləri, İran körfəzi, Hindistan, Venesuela sahilləri və Yaponiya sayılır. Dünyanın sənaye əhəmiyyətli mirvari yetişdirilən yerləri isə Mərkəzi Amerika, Şimali Avstraliya, Çin, Vyetnam və Filippin hesab olunur. Uzaq keçmişdən üzü bəri – XIX-XX əsrin ortalarına qədər təbii mirvari boyunbağılar dəyərli olduğu üçün ondan varlıların qadınları geniş şəkildə istifadə etmişlər.