Mahud parça
Nümunənin reyestr kodu : SD0401040002
Mahud – üz tərəfi keçə kimi basıq olan yun və yarımyun parçanın adıdır. Mahud istehsalını şaldan fərqləndirən başlıca cəhət onun atma və uzatma iplərinin daha nazik (zərif) əyirilib bükdərilməsi, ən başlıcası isə toxumazdan əvvəl qara, yaxud göy (mavi) rəngə boyanması olmuşdur. Bəzən mahudun həm atması, həm də uzatması ikiqat ipdən bükdərilməklə, çox sıx toxunurdu. Elə bu səbəbdən də, mahudun bu növü el arasında çox vaxt “dügürd” adlanırdı. İstehsal keyfiyyətlərinə görə, dügürd təkcə yalınqat və ya əmələ mahuddan deyil, habelə “təpmə” (basma) və ya “qılıncı” şaldan yüksək tutulurdu. Qoyun və quzu güzəmindən əlavə, keçmişdə şal (mahud) parça daha zərif liflərə malik olan dəvəyunu ipindən də toxunurdu. Dəvə yunundan əla növ mahud əldə edilirdi. Ən çox başlıq tikmək, yaxud qurşaq üçün istifadə edilən dəvə yunundan toxunmuş şal zəriflik baxımından dügürdə bərabər tutulardu. Lakin dügürddən fərqli olaraq, onun nə atması, nə də uzatması boyanmayıb, öz təbii rəngində toxunurdu. Mahud parçanın hidroskopik olması, istiliyi orqanizmdə saxlaması, davamlılığının uzunmüddətliliyi, sıx toxunuşu, elastikliyi və s. keyfiyyətləri əhali arasında ondan hazırlanan geyimlərə tələbatı xeyli artırmışdı. Ənənəvi yun parça məmulatının ən yüksək növü olmaq etibarilə tirmə şal və mahud istehsalı müəyyən qədər ixtisaslı usta əməyi tələb edirdi. Şəhər karxanalarında toxunduğu üçün mahud bəzən “karxana şalı” da adlanırdı. Daha təkmil dəzgahlarda toxunan karxana şalına daxili və xarici bazarlarda tələbatın artması nəticəsində hələ orta əsrlərdən başlayaraq mahud istehsalı üzrə dar ixtisaslaşma getmişdi. Keçmişdə mahudçuluq, əsasən, şəhərlərdə cəmləşmişdi. Mahud dəzgahı “paçal” adlanan dayaz çala üzərində üfüqi vəziyyətdə qurulmuş bir cüt dəzgah qolundan, onların qabaq başını birləşdirən köndələn oxdan, külkə-bağara vasitəsilə tavandan asılmış nirə və dəftindən, nəvərd, təpkən qurğusu və məkikdən ibarət idi.
Mahud parçalar ilk əvvəllər üfiqi dəzgahlarda toxunmuşdur ki, belə dəzgahların da tarixi miladdan əvvəl VI-V minilliklərə gedib çıxır. Eneolit dövründən Tunc dövrünə keçid ərəfəsində artıq şaquli dəzgahlardan istifadə edilmişdir. “Kitabi-Dədə Qorqud” dastanı qəhrəmanlarının geydiyi çuxa üst geyimi də, əsasən, mahud parçadan tikilirdi. Orta əsrlərdə Azərbaycanın mahud istehsalı mərkəzləri arasında Təbriz, Ərdəbil və Şamaxı şəhərləri görkəmli yer tuturdu. Ərdəbil şəhərinin Azərbaycanda mahud istehsalının mühüm mərkəzlərindən birinə çevrilməsinin başlıca səbəbi burada sufiliyin möhkəm kök salması ilə izah edilir. Məlum olduğu kimi, sufilərin səciyyəvi üst libası sayılan xirqə mahud və ya şaldan tikilirdi. Avropa ölkələrindən ixrac edilən yüksək keyfiyyətli fabrik mahudu Azərbaycanda şalbaflıq məmulatının, o cümlədən mahudçuluğun inkişafına ciddi əngəl törətsə də, hər halda yerli mahud istehsalı qalmaqda idi. XVI əsr ingilis səyyahı A.Cenkinsonun yol qeydlərindən məlum olur ki, Azərbaycan Səfəvilər dövlətində yerli istehsala aid edilən parça materialları ilə yanaşı, Avropada istehsal edilmiş böyük çeşidli geyim materialları – mahud, kamzol, atlas, karazey, xüsusilə müxtəlif rəng çalarlı (qızılbaş əmmamələri üçün nəzərdə tutulan qırmızı rəngli parçalar da daxil olmaqla) holland parçaları və London mahudunun bütün növləri də geyim növlərinin hazırlanmasında əsas yer tutmuşdur. XVIII əsrin ortalarında Şamaxı xanlığında il ərzində tədarük edilən 30 min pud yunun əsas hissəsi mahud istehsalına sərf edilirdi. XIX əsrin ortalarında Şamaxı şəhərində 20-yə qədər mahud karxanası işləməkdə idi. Quba xanlığında həm şəxsi tələbatı ödəmək, həm də satmaq üçün ağ və qara rəngli mahud istehsal edilirdi. XIX əsrin sonu – XX əsrin əvvəllərindən başlayaraq fabrik toxunuşlu mahud parça istehsalının çoxalması və ölkənin idxal potensialının yüksəlməsi yerli mahud parça istehsalını tənəzzülə uğratmışdır.