Yun parça
Nümunənin reyestr kodu : SD0401040001
Azərbaycanda sənətkarlığın əsas sahələrindən biri olan toxuculuq xeyli inkişaf etmişdi. Burada toxuculuğun parça toxuculuğu və xalça toxuculuğu qolları ilə daha intensiv məşğul olurdular. Parça toxuculuğu, öz növbəsində, yun parça toxuculuğu (şalbaflıq), ipək parça toxuculuğu (şərbaflıq), kətan parça toxuculuğu və pambıq parça toxuculuğu (bəzzazlıq) istiqamətlərində inkişaf etdililirdi. Azərbaycanda qoyunçuluq təsərrüfatının mühüm əhəmiyyət kəsb etməsi burada yun ehtiyatının bolluğu barədə aydın təsəvvür yaradır. Yun ildə iki dəfə qırxılır, payız yunu “küzəm”, yaz yunu isə “yapağı” adlanırdı. Payız yunu, qoyun və quzu küzəmi olmaqla iki qrupa ayrılırdı. Quzu küzəminin lifləri qoyun küzəminə nisbətən gödək, zərif və yumşaq olduğundan, şalbaflıqda, xüsusilə mahud toxuculuğunda daha çox işlədilirdi. Hər qırxından sonra yun çeşidlənir, çirkdən, pıtraqdan təmizlənib yuyulur, sərgidə qurudulur, çubuqla və ya yay vasitəsilə “atılır”, piltələnib üst-üstə yığılır, daraqla daranıb əlçim şəklində əyirməyə yararlı hala gətirilirdi. Əyirmə prosesi əl cəhrəsi vasitəsilə həyata keçirilirdi. Əyirilib dükcələrə çinlənən iplik yumaqlara sarınır, qırtızlanandan sonra hamar hala salınaraq boyanma vaxtını gözləyirdi.
İplik hansı növ yundan alınırdısa, onu öz təyinatı üzrə də işlətməyə üstünlük verirdilər. Məsələn, qoyun küzəmi şal toxuculuğuna, subay davar küzəmi keçə salınmasına, yapağı yun isə xalça-palaz toxumağa, arğac və ilmə əldə etməyə işlədilirdi. Vaxtilə Azərbaycanda geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) zəmanəmizədək gəlib çatmışdır. “Kəryək” adlanan yer hanasında toxunan şaldan əsasən Azərbaycanın bütün mahallarının əhalisi geyim materialı kimi geniş istifadə edirdi. Ondan şalvar, dizlik, arxalıq, çuxa, başlıq, dolaq kimi geyim tipləri hazırlanırdı. Yun (şal) parça toxuculuğu, adətən, ev şəraitində icra edilirdi. Bu səbəbdən də ev toxuculuğunda qadın əməyi əsas idi. Toxunma prosesində əvvəlcə qoşa-qoşa əriş düzülür, sonra arğac ipi əriş taylarının çarpazına keçirilərək “qılınc” adlanan zərbə aləti vasitəsilə sıxlaşdırılıb bərkidilirdi. Ona görə də yun parçanın bu növü “qılıcı şal” adlanırdı. Zaman keçdıkcə mütəhərrik şal dəzgahından istifadə edilməklə parça toxuculuğu xeyli artmışdır. Bu işlə “şalbaf” adlanan peşəkar kişi toxucular məşğul olurdular. Artıq XVIII-XIX əsrlərdə həm karxana toxuculuğu, həm də ev şəraitində toxuculuq mütəhərrik dəzgahın vasitəsilə aparılırdı ki, onun da məhsuldarlığı böyük idi. Belə dəzgahlarda ən çox “bazarı şal” adlanan yun parçalar – dəvəyunu şal, qurşaq, tirmə şal, mahud (karxana şalı) və b. toxunurdu.
Yun parça (şal) məmulatları hazırlanma üsuluna (təpmə şal, cecim), keyfiyyətinə (yer şalı, Culfa şalı) xammal növünə (dəvəyunu şal, keciqarışıq şal, güzəm şalı), habelə təyinatına (məişəti, yəni ailənin daxili ehtiyacları üçün; bazarı) və istehsal mərkəzlərinə (ləzgi şalı, Əlvənd şalı, Xınalıq şalı) görə bir-birindən seçilirdi.
Dünyada yun parça toxuculuğunun qədim tarixi vardır. Üfiqi dəzgahların ayaqla işlədilən mütəhərrik növünün meydana gəlməsi eramızın I-III əsrlərinə aid edilir. Belə dəzgahların ilk vətəni Mesopatamiya, Suriya və İran hesab olunur. Çox güman ki, Azərbaycanda da belə dəzgahla parça toxuma elə bu zamandan meydana gəlmişdir. Mingəçevir qazıntılarından əldə edilən parça qalıqları və toxucu dəzgahının hissələri ilk orta əsrlərdə Azərbaycanda dəzgah toxuculuğunun yayıldığını göstərir. Dəzgah toxuculuğuna keçməklə parça istehsalı və geyim növləri toxunması nisbətən artır və geyim elementlərinin sayı da çoxalırdı. Bəsit toxuma prosesinin aparıldığı yer hanasında toxunan yun parça isə daha qədimlərdən məlum olmuşdur. Miladdan əvvəl V əsrdə yaşamış Herоdot Azərbaycanda keyfiyyətli parçalar toxunduğunu, ağac yarpaqları ilə paltarların təbii boyadıldığını, həmin naxışların davamlılığını xüsusi olaraq qeyd etmişdir. Yun parça (şal) toxuculuğu bütün orta əsrlər boyu Azərbaycanın Təbriz, Şamaxı, Gəncə, Şəki, Ərdəbil, Dərbənd, Naxçıvan kimi iri sənət-ticarət mərkəzlərində intensiv olaraq inkişaf etdirilmişdir. XIX əsrdə Azərbaycanda şal parça istehsalı daha çox Qazax, Naxçıvan, Zəngəzur, Şuşa, Quba, Şamaxı, Göyçay qəzaları və Zaqatala dairəsinin payına düşsə də, Gəncəbasarda da belə parça toxuculuğu mövcud olmuşdur. Şamaxı qəzası və Zaqatala dairəsi isə təkcə Azərbaycanda deyil, ümumən Cənubi Qafqazda yun parça (şal) istehsalının yüksək inkişaf mərhələsinə çatmış mərkəzləri arasında xüsusi yer tutmuşdur.