AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Eşmək

Nümunənin reyestr kodu : SD0304000024

Aşılanmış xəzdən biçilmiş və üstünə parça üzlük çəkilmiş eşmək mövsümi səciyyəli isti geyim növü sayılırdı. Dağ kəndlərində eşməyin üzü ilə astarı arasına yun qoyulub sırındığı üçün bəzi bölgələrdə o, “sırıqlı” adlanırdı. Eşmək biçim etibarı ilə kürdüyə çox yaxın olub, yalnız yarım qollu tikilməsi ilə ondan fərqlənirdi. Eşməyin qolu dirsəyə çatacaq qədər qısa biçilib tikilirdi. Onun qolağzı, yaxa və ətəyinin kənarları kürdü sayağı xəz haşiyə ilə bəzədilirdi. Qolların sərbəstliyini təmin etmək üçün onun qoltuqaltında iri “çapıq” qoyulurdu. Eşməyin xəz haşiyəsinin ətrafları çox vaxt bafta və zəncirə ilə bəzədilirdi. Eşməyin qabağı açıq qaldığından düyməsiz tikilirdi. Soyuq vaxtlarda arxalığın altından geyinilən eşmək, əsasən, varlı qadınların geyim dəstinə daxil idi.

Mövsümi səciyyəli qadın geyimlərindən başlıcası olan eşmək, adətən, məxmər, ay-ulduz, bafta, tirmə və digər parçalardan tikilir, bəzən də yaxşı aşılanmış dəridən xəzi içəriyə olmaqla hazırlanırdı. Bu zaman onu astarlı tikirdilər. Gəncədə dəridən hazırlanan eşməyin qollarına və kənar tikişlərinə əlavə xəz qoyulmurdu. “Gördüyünü çağıran” aşıqların, xüsusilə də Aşıq Hüseyn Şəmkirlinin yaradıcılığında milli qadın geyimlərindən olan eşməyin ətək yanlarında, yaxa kəsiyində gül təsvirləri olduğunu da görürük:

Adı Nübar olan bu qızın

Başmağının nalı qara.

Yanları işləməli,

Üstü sarı, dalı qara.

Ayağında Xoy corabı,

Eşməyinin gülü qara.

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda EF 5795 nömrəsi altında qeydiyyata alınan və Şəkiyə aid olan eşmək tirmə parçadan tikilmişdir. Boyu 60 sm, dirsəyə qədər olan qolunun uzunluğu isə 36 sm-dir. Yaxası düyməsiz, qol altında isə yarığı vardır. Qolunun ağzına, yaxa kəsiyinin ətrafı boyunca dövrələmə xəz tikilmişdir. Üzəri “zəncirə” bəzəklə bəzədilmişdir.

Azərbaycanda qadın milli geyim dəstinə əlavə edilən eşmək tipoloji təsnifatına görə iki cür olurdu: 1. Parçadan tikilərək üzəri bafta və zəncirə ilə bəzədilən eşmək. 2. Dəridən xüsusi ülgü əsasında biçilib tikilən eşmək. Hər iki eşmək astarlı, düyməsiz tikilir, parça eşməyin isə üstü naxışlı-təsvirli olurdu.

Dəri eşməyin istifadə tarixi haqqında dəqiq məlumat yoxdur. Güman etmək olar ki, dəri eşmək daha qədim geyim tipi olub, bürmə, bürüncək, örtük kimi arxaik geyim növlərinin zaman-zaman təkmilləşmiş forması olaraq qadın geyim dəstinə daxil olmuşdur. Miladdan əvvəl I minilliyə aid edilən və Mingəçevirdən tapılmış üzük-möhürlərdəki təsvirlərdən də göründüyü kimi, qısa bürmə belə qədər, uzun bürmə isə dabana qədər bədəni örtmüşdür. XIX-XX əsrin əvvəllərinə aid edilən qadın geyim dəstində daha tez-tez təsadüf edilən eşmək başlıca olaraq Şəki-Zaqatala, Gəncəbasar, Qarabağ, Bakı-Abşeron və Qərb bölgələrində geyinilmişdir.