AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Araqçın

Nümunənin reyestr kodu : SD0302000003

Araqçının formalaşmasında baş geyimi olan təsək (saya təsək) mühüm rol oynamışdır. Saya təsəyin daha mükəmməl forması “inci” və “qaysava” adlanan üstü bəzəkli təsəklər (araqçın) olmuşdur. “İnci təsək”, bir qayda olaraq, yekrəng ipək parçadan olur, yan dairəsinə və mərkəzinə “buta”, “sarma”, “güləbətin”, “ulduz”, “əşrəfi” və s. bəzəklər tikilirdi. “İnci təsəy”in alın dövrəsinə üstü baftalı bəzəklərlə örtülmüş “qəfəsə” adlanan qabaqlıq tutulurdu. “Qaysava” təsəyin də üstü müxtəlif naxışlarla “işlənirdi”. Bir qayda olaraq, qırmızı və yaşıl məxmərdən tikilən “qaysava” təsəyin yanları ensiz, tərki isə yastı olurdu. “Qaysava” təsəyə gənclərin, xüsusilə də gəlin köçən qızların geyim dəstində tez-tez təsadüf etmək olardı. Buna görə də belə təsəyin qız üçün gələn nişan boğçası içərisində olması vacib sayılırdı. “Qaysava” təsək müxtəlif asma və tikmə bəzəklərlə zəngin olurdu. Onun qabaq hissəsinə, adətən, dingəyə bağlanan üzəri gümüş, bəzən də qızıl pullu bəzək bənd edilirdi. Hərəkət və rəqs zamanı bu bəzəklər, həmçinin sağ hörüyün uclarına bənd edilən qumrovlar (zınqırov) xoşahəng cingiltili səslər yaradırdı. Şəki-Zaqatala bölgəsində saya təsəyin bir variantı “düyməçə” adlanan baş geyimi olmuşdur. Saya təsəkdən fərqli olaraq, onun arxa hissəsi əlvan naxışlarla bəzədilir, boğazın altından keçən ucu qozalı gümüş zəncir əks tərəfdə gümüş pul-düyməyə bağlanırdı. Zəncirin də üzərinə gümüş pullar düzmək dəb idi. “Düyməçə” tipli qadın baş geyimləri Dağıstan və İranda da geniş yayılmışdı.

Şirvan təsəkləri (araqçın) saya və ya nadir hallarda güllü parçalardan, “baş paltar” təsəkləri isə bahalı şax parçalardan, xüsusilə qırmızı və yaşıl məxmərdən tikilirdi. Təsəyin üzəri simmetrik vəziyyətdə verilən 4 ədəd buta, mərkəzi “ulduz” və “əşrəfi” ilə, yanları isə müxtəlif rəngli ipək sapla “badamı” və “təsbehi” tikişlərlə bəzədilirdi. Muğan qadınları məxmər və tirmədən tikilmiş, alçaq, girdə, qabağı baftalı və sərməli araqçın geyərdilər. Araqçın bəzəklərində güləbətin naxışlardan da istifadə edilirdi. Naxçıvan bölgəsində “aygün”, “ulduz”, “buta”, “qönçəçiçək”, “zəncirə” və s. bəzəklər salınmış araqçınlara üstünlük verilirdi. Bundan başqa, iynə ilə rəngbərəng saplardan salınmış tikmə zərli naxışlardan (“bababörkü”), yanlara salınan və tərsinə toxunma üsulu ilə başa gələn naxışlardan (“merişka”), eləcə də pilək düzgüsündən araqçın bəzəklərində geniş istifadə olunurdu.

Araqçını başda çəngəlli çənəbənd vasitəsilə saxlayırdılar. Varlı ailələrdə çənəbəndlər büsbütün qızıldan, imkansız ailələrdə isə ucuna mis çəngəl bağlanmış qaytandan hazırlanırdı. Naxçıvan qadınları araqçının üstündən “bağdadı kələğayı” salardılar. Azərbaycanın digər bölgələrində araqçın (təsək) tərgötürən vasitə kimi əməli vəzifə daşımasına baxmayaraq, ona müxtəlif rəngli ipək və güləbətin sapla al-əlvan bəzək vurulurdu. Çutqu və ya tülüdən fərqli olaraq araqçının ön tərəfdən gözə çarpamağı eyib sayılmırdı. Belə halda araqçın, eyni zamanda, çutquqabağını əvəz edirdi. Adətən, araqçın, “boğazaltı” və ya zəncirəli qızıl, yaxud gümüş “qarmaq” vasitəsilə başa bəndlənib bərkidilirdi. Sonra bəzəkli baş sancaqları vasitəsilə örpək, kəlağayı və s. ona bənd edilirdi. Bunun sayəsində sərəndaz tipli baş geyimlərinin sürüşüb başdan düşməsinə yol verilmirdi.

Azərbaycanda qadın araqçını ilə yanaşı, kişi araqçını da geyilib. Belə araqçın (təsək və yaxud tərrik) papaq, çalma və əmmamənin altından geyilərdi.

Azərbaycan araqçınları təsək, tərrik və araqçın adı ilə demək olar ki, bütün bölgələrdə geyilib. Araqçınlar saya və naxışlı olmaqla iki formada hazırlanırdı. Saya araqçınlar, bir qayda olaraq, papaq altdan geyilir, bəzəkli araqçınlar isə sərbəst olaraq başa qoyulurdu. Adətən, saya araqçını yaşlı kişilər, naxışlılarını isə uşaqlar və cavanlar qoyurdular. Onun yan hissəsi (çevrəsi) rombvari, təpə hissəsi isə dairəvi biçilib tikilirdi. Araqçının astarı birrəng parçadan hazırlanırdı. Naxışlı araqçın xüsusi əndazə ilə işlənir, üzəri müxtəlif tikişlərlə, zəngin həndəsi və nəbati naxışlarla, güləbətinlə bəzədilirdi.

Şirvanda gənclərin araqçınının (təsəyinin) qırağına qızılı və gümüşü bafta tutulurdu. El adətinə görə, təzə bəy mütləq bəzəkli təsək geyinməli, bu təsəyi isə (ona “istiba təsək” deyilirdi) qaynana toydan qabaq öz kürəkəninə göndərməli idi. Lənkəran-Astara bölgəsində “aynalı araqçın” dəbdə idi. Adətən, toylarda, bayramlarda geyilən belə naxışlı araqçının sağanağına balaca dairəvi güzgülərdən çevrələmə tikərdilər. Bu, baş geyimi, şübhəsiz ki, varlı ailələrin geyim kompleksinə daxil idi.

Orta əsrlərdən araqçının baş geyimi kimi istifadəsi məlumdur. XVI əsrdə Azərbaycanda yayılan 7 növ qadın baş geyimindən biri də narın naxışlı araqçın olmuşdur. Araqçın Orta Asiya xalqları arasında və Türkiyədə də geniş yayılmışdır. O.A.Suxareva Orta Asiya xalqlarına məxsus beş müxtəlif araqçın tipinin olduğunu göstərərək onların tam etnoqrafik təsvirini vermiş, yayılma arealını müəyyənləşdirmişdir.

Azərbaycanda tikilən və başı sərin saxlayan araqçın Orta Asiya araqçınından fərqli olaraq, dördkünc deyil, dairəvi (girdə) formada biçilib tikilirdi. Araqçın baş geyim növü kimi Azərbaycanın hər yerində eyni cür yayılmamışdı. Belə ki, onu qərb bölgəsində ən çox İrandan gəlib ayrım kəndlərində çərçilik edən və Simens qardaşlarının misəritmə zavodlarında işləyən azərbaycanlılar geyirdi. Burada araqçını ancaq varlı ailələrdə və toy etməyə hazırlaşan cavanlarda görmək olardı. Kişi araqçını Abşeron, Naxçıvan, Lənkəran-Astara, Şirvan bölgələrində əhalinin geniş istifadəsində olmuşdur.