Kərtmə ev
Nümunənin reyestr kodu : DA0204000022
XIX-XX əsrin əvvəllərində Azərbaycanın meşə massivləri ilə zəngin olan bölgələrində kəndlərin böyük əksəriyyətinin yaşayış evi fondunda ağacdan tikilmiş müxtəlif ev tipləri üstünlük təşkil edirdi. Belə ev tiplərindən biri “kərtmə” ev idi. Kərtmə evləri tikmək üçün ağac tirlərdən və yaxud daşdan düzəldilmiş bünövrə üzərinə döşəmə milləri bərkitdikdən sonra evin divarlarının qurulmasına başlanırdı. Eyni ölçüdə yuvarlaq ağac tirlərin uclarından 20-25 sm. aralı, künc bağlamaları yerində alt və üst oturacaqları yonulub kərtilərək (kərtmə adı da buradan meydana çıxmışdır) bir-birinin üzərinə kip oturdulurdu. Lənkəran-Astara bölgəsində buna tirlərin peyvənd edilməsi deyilirdi. Tirlərdən quraşdırılan divarların möhkəmliyini artırmaq üçün üst-üstə qoyulmuş tirlərin gövdəsində qarşı-qarşıya, bir-birindən təxminən 0,5 m. aralı 5x1x5 sm. ölçüdə şırımlar (gəzlər) açılır, oraya ağac çivlər geydirilirdi. Kərtmə evlərin tikilməsində bütün inşaat prosesi kərtib oturtma, dəlib keçirmə və ağac çivlər vasitəsilə aparıldığından, burada heç bir metal mıxdan istifadəyə ehtiyac qalmırdı. Evlərin tirlərdən ibarət divarları hazırlanarkən qapı və pəncərə açırımları üçün müvafiq yerlərdə lazımi ölçüdə boşluqlar saxlanılırdı. Həmin açırımların üstünə “dərasər” adlanan xüsusi yonulmuş ağac qoyulurdu. Ev tikilib başa çatdıqdan sonra divarlar içəri və çöl tərəfdən palçıqla suvanırdı. Bəzən suvaq elə diqqətlə çəkilirdi ki, evin kərtmə tipli olduğunu yalnız künc bağlamaları yerindən bilmək olurdu.
Kərtmə ev yastı damlı olduqda, evin dam örtüyünü yonulmuş düzbucaqlı tirlərdən qurur, üzərinə qalın taxta döşəyir, üstünə qalın palçıq (kündə) tökür və sonra da suvaq çəkirdilər. Kərtmə (cəlinəkə) tipli evlərin dam örtüyü (kümü, çardağı, banı) bəzən iki (çartanbel) və ya dördsinəli (çahargül) qurulurdu. Dam örtüyü kimi lığdan, kirəmitdən və ya dəmirağacından xüsusi yonulmuş kirəmitəoxşar ağac tavalardan (taxtapuş, latpuş, dran) istifadə olunurdu. Adətən, kərtmə evlərin qarşısında ağac sütunlar üstündə eyvan da qurulurdu. Astara rayonunun dağlıq hissəsində tikilən “cəlinəkə” tipli evlərin kərtmə tipli evlərdən fərqlənən bəzi xüsusi variantları mövcud olmuşdur ki, onlar eyvansız inşa edilmişdir.
Kərtmə tipli evlərin memarlıq kompozisiya quruluşunun xarakterik xüsusiyyətləri onların daxili və xarici görkəminin geniş biçimli olması, forma və bədii həllinin ciddiliyi, hissələrinin yaxşı düzülüşü hesab edilirdi. Bəhs olunan dövrdə memarlıq-plan quruluşuna görə daha mürəkkəb və ikimərtəbəli kərtmə evlər də mövcud olmuşdur. A.M.Mehdiyev Şəki-Zaqatala bölgəsində, P.P.Nadejdin isə Lənkəran bölgəsində ikimərtəbəli kərtmə evlərin xeyli hissəsinin XIX əsrin sonu – XX əsrin əvvəllərində hələ də əhalinin istifadəsində olduğunu göstərirlər.
Kərtmə evlər otaqlarının sayına görə bir və iki yerləşkəli, nadir hallarda üç otaqlı; mərtəbəsinə görə birmərtəbəli və nadir hallarda ikimərtəbəli; dam örtüyünə görə isə yastı və yaxud çatmadam örtüklü olurdu. Çatma dam bəzən ikisinəli (çartanbel) və ya dördsinəli (çahargül) qurulurdu.
Azərbaycanda inşa edilən kərtmə tipli yaşayış evləri XIX əsrin 40-cı illərində buraya köçürülən rus təriqətçilərinin (molokanlar, duxoborlar, subbotniklər və b.) tikdikləri evlərlə tipoloji oxşarlıq təşkil etsə də, bu tip evlərin Azərbaycanda inşa olunması tarixi rusların buraya köçürülməsindən çox-çox əvvəllərə aiddir. Belə ki, hələ Eneolit və İlk Tunc dövrlərində Azərbaycanın meşə ətrafı ərazilərində əhalinin yaşayış evi fondunda kərtmə tipli evlərin ibtidai formasının mövcudluğu çoxlu real elmi faktlar və dəlillər əsasında sübuta yetirilmişdir. Kiçik Qafqazın şimal-şərq bölgəsində, eləcə də Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz və Şirvanın dağlıq bölgələrində geniş yayılmış kərtmə tipli evlər, özlərinin memarlıq-kompozisiya quruluşlarında bəzi xırda fərqlərə baxmayaraq, Quba-Xaçmaz bölgəsində “dərbəndi”, Yardımlı bölgəsində “taxta ev” (talışlar ona “taxtnəka” deyirlər), Lənkəran bölgəsində isə “əncinəkə” adları ilə məlum idi. Astara kəndlərində bu tip evlər “cəlinəкa” adı ilə tanınırdı.
-
Yaşayış məskənləri və evlər
Fəzail Vəliyev
- Tərtibçi və biblioqrafiya
-
XIX-XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti
Fəzail Vəliyev
2010
-
Şirvanın maddi mədəniyyəti
Arif Mustafayev
1977