Kömlək
Nümunənin reyestr kodu : SD0304000022
Azərbaycan xalq geyimləri çox qədim irsə malik olub, XIX əsrin ortalarına qədər fasiləsiz inkişaf etmişdir. Qeyd edək ki, XVI əsrə qədər Azərbaycanın ənənəvi xalq geyimləri haqqında əlimizdə konkret heç bir nişanə yoxdur. Şübhəsiz ki, ən qədim dövrlərdə də, ilkin orta əsrlərdə də, sonrakı dövrlərdə də hər cür iqlimdə yaşamağı öyrənən bəşər övladında soyuqdan və rütubətdən qorunmaq üçün mənzilə və paltara tələbat olmuşdur.
İlkin orta əsr Azərbaycan geyimləri haqqında ən dəyərli məlumatı ən möhtəşəm mənəvi mədəniyyət salnaməmiz olan “Kitabi-Dədə Qorqud” dastanından ala bilirik. Burada bütün geyimlər, bir qayda olaraq, ümumi şəkildə “don-ton” adlandırılır. Yazılı abidədə şalvar (“mahmudi şalvar”, “al məxmuru şalvar”), cübbə (“samur cübbə”), çuxa (“adi” və “doqquzlama” – “doqquz qırçınlı çuxa”), kaftan (uzun və qısaqol, yaxası açıq, ağ və qırmızı parçadan tikilən üst geyim növü), qurşaq (“altunlu incə kətan bez”), kürk və yapıncının (“kəpənək”); eləcə də baş geyimlərindən xanların tacı, bəylərin baş sarığı (“çalma”, “dolbənd”), börk (“keçə börk”), külah, niqab, duvaq, yaşmaq və çəmbərin (“dingə”); ayaqqabı növlərindən isə başmaq, ədik (çəkməni xatırladan uzunboğaz kişi ayaqqabısı), soqman (topuğa qədər boğazı olan ayaqqabı) və sərmuzənin (qadın ayaqqabısı) xalqın geyim fondunda üstünlük təşkil etdiyi aydınlaşır. Onların içərisində kişi və qadın üst geyimi olan kömlək (köynək) xüsusilə seçilir.
İlkin orta əsrlərin ənənəvi geyim dəstində yer alan kömlək haqqında “Dədə Qorqud” dastanının “Bayburanın oğlu Bamsı Beyrək boyunu bəyan edər” və “Qazılıq Qoca oğlu Yeynəyin boyunu bəyan edər” qollarında söhbət açılır. Etnoqraf Ə.Əhmədov bu geyimi “köynək” kimi təqdim edərək nədənsə, onu alt geyimi kimi izah edir. Sənətşünas S.S.Dünyamalıyeva isə kömləyi “gönlək” kimi qəbul etməyi təklif edərək, onu göndən tikilmiş geyim hesab edir. Ola bilsin ki, ilk dövrlərdə kömlək göndən (dəridən) tikilib hasilə gətirilmişdir, lakin dastanda həm də ipək, pambıq və kətan parçadan tikilən kömləklərdən də məlumat verilir. Bizcə, dastanda haqqında bəhs olunan kömlək həqiqətən indiki mənada köynəkdir. Dastanın mətnindən məlum olur ki, Beyrək nişanlısı Banıçiçəyin tikdiyi bir kömləyi Yalançı oğlu Yalıncığa bağışlayıbmış. Yalıncıq onu, ehtimal ki, ağ rəngdə olduğu üçün qana bulayıb Beyrəyin ölməsinin guya əşyayi-dəlili kimi gətirib Bayandır xana göstərir. Dastanın başqa bir boyunda isə Yeynək yuxuda görür ki, ağacdan gəmi yonub və kömləyin çıxarıb ondan yelkən quraraq Qara dənizdə üzür və bolqarlar ölkəsinə gedib çıxır. Yeynəyin öz kömləyindən yelkən hazırlaması onun materialının təkcə pambıqdan deyil, hətta ipək və kətan parçadan olmasını söyləməyə imkan verir, çünki pambıq parça yelkən üçün yaraya bilməzdi. Çox təəssüf ki, nə Dədə Qorqud dastanlarında, nə də digər mənbələrdə kömləyin biçim tərzi və tikiş texnologiyası haqqında məlumata rast gəlmirik. Ancaq onu cəsarətlə söyləyə bilərik ki, kömlək adlanan üst geyim növü türk etnik-mədəni mühitində formalaşmışdır. Vaxtilə romalıların da kətan kömləyi ilk dəfə hunlarda gördüklərini mənbələr təsdiqləyir.
Kömlək adlanan ilkin orta əsrlərə aid geyim növü hazırlandığı materiala görə gön (dəri) kömlək, pambıq kömlək, kətan kömlək və ipək kömlək kimi məlum olmuşdur.
Artıq qeyd etdiyimiz kimi, kömlək ilkin orta əsrlərdə oğuz türklərinin istifadə etdikləri kişi üst geyim növü olmuşdur. O, ad mənsubiyyətini qoruyub saxlamasa da, köynək adlı üst kişi və qadın geyimi timsalında, azacıq dəyişikliklərlə zəmanəmizə qədər gəlib çatmışdır. Bir maraqlı faktı da qeyd etmək lazımdır ki, hazırkı dövrdə Türkiyədə geniş yayılmış kişi və qadın üst çiyin geyimi növü kömlək (köynək) adlanır. V.P.Kurılyov yazır ki, demək olar ki, bütün türk xalqlarında bəzi fonetik dəyişikliklərlə bu geyim növü elə köynək, kömlək adlanır. Onu tuniki biçim üsulunda, ağ və ya sarı kiseyi parçadan, eləcə də imkan daxilində ipək və pambıq parçalardan, türk qadın köynəyi üçün xarakterik olan geniş biçimdə, yaş fərqini nəzərə almaqla hasilə gətirirlər.