AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tirmə

Nümunənin reyestr kodu : SD0401040003

Tirmə – nazik və qiymətli yun parça idi. Çox da enli olmayan (30-40 sm) tirməni müxtəlif rəng və çeşiddə kişi toxucuları ərişi-nümə (arşınnüma) tərzində toxuyurdular. “Taqə” adlanan belə tirmələri iynə vasitəsilə bir-birinə calamaqla istənilən enlikdə şal parça alınırdı. Arğac və ərişi (naxışı) keci tiftiyinin incə tellərindən hazırlanan tirmə əla, arğacı iplik olan tirmələr isə orta keyfiyyətli sayılırdı. Tirmənin üzü zərif cizgili, astarı isə saçaqlı olurdu. Tirmənin bədii tərtibatında şərti-dekorativ üslubda işlənmiş bitki motivləri əsas yer tuturdu.Tirmə zolaqlı və saya naxışlı olurdu. Tünd-sürməyi yerlikli, zolaqlı, qırmızı və sarı rəngli saplarla işlənmiş, buta naxışlı “misqalı tirmə” adlanan tirmə parça qızıla bərabər tutulurdu. Tirmə parçalara, adətən, “tirməşal” parça deyilirdi. Kustar üsul ilə karxana şəraitində toxunmuş yun parçaların ən yüksək növü elə tirmə (tirməşal) olmuşdur. Şərq ölkələri üçün daha çox səciyyəvi olan bu parça növü vaxtı ilə Azərbaycanın cənub şəhərlərində, ən çox isə Təbriz karxanalarında toxunmuşdur. Varlı, zadəgan ailələrin qadın libasında (tuman, ləbbadə, küləcə, arxalıq, baş örpəyi, qurşaq və s.) başlıca yer tutan tirmədən, həmçinin, məişətdə tirmə süfrə (“xantirmə”), tirmə zərəndaz, taxça, qapı-pəncərə pərdəsi, hətta xalça belə hazırlanırdı. Belə ki, XIX əsrdə Qarabağda “Xantirmə” adlanan xalçalar toxunmuşdur. Ensiz və nazik zolaqların sıralanmasından yaranan, butalı tirmə – “Xantirmə” əsilzadələrə məxsus nümunə kimi ən əziz qonaqlara hədiyyə edilirdi. Onun ölçüləri adətən 160 sm x 220 sm civarında olurdu. Varlı kişilər keçmişdə tirmə qurşaq bağlamağı xoşlayırmışlar. Əsasən də hacılar, tacirlər, şəhər varlıları, ziyalılar bir qayda olaraq, toy-bayram günlərində, el şənliklərində qanovuz arxalıq geyib üstündən tirmə qurşaq bağlayardılar. Kübar qadınların başmaqlarının üzü çox vaxt tirmə parçadan tikilərdi.

Tirmə parça keyfiyyətinə görə əla və orta keyfiyyətli, formasına görə saya naxışlı (buta naxışlı) və zolaqlı, dəyər ölçüsünə və adlarına görə (xantirmə, misqalı tirmə, tirmə-zərəndaz və s.) qruplaşdırılırdı.

Azərbaycanda yun parça toxuculuğunun tarixi miladdan əvvələ gedib çıxsa da, məxsusi olaraq turmə parça toxuculuğunun orta əsrlər dövründən daha geniş yayıldığı məlumdur. Orta əsr məxəzlərində, xüsusilə ərəbdilli mənbələrdə “suf” kimi təqdim edilən yun parça növü zəmanəmizə “şal” adı ilə gəlib çatmışdır. Məlum olduğu kimi, yazılı mənbələrdə sufun, başqa sözlə, yun parçanın müxtəlif növlərinin adları (mürəbbe, mühəttəm, təfsilə, mahizire və s.) xatırlansa da, onların çox cüzi bir qismi dövrümüzə qədər qalmışdır. Bunun müqabilində ənənəvi yun parçaların şal, mahud, dügürd, məndulə və s. adlarla tanınan, toxuma texnikasına və xammal növünə görə bir-birindən müəyyən qədər fərqlənən müxtəlif növləri zəmanəmizə gəlib çatmışdır. Bununla belə, Azərbaycan etnorafik gerçəkliyində yun parçaların hamısı çox vaxt ümumi bir ad altında “şal”, onu toxuyan usta isə “şalbaf” adlanmışdır. Həm də şalbaf, əsasən, mütəhərrik şal, yaxud mahud dəzgahında yun parça toxuyan ustaya deyilirdi. Şərq ölkələrində ən qiymətli ali parçalardan olan tirmə İran (Yəzd, Kirman), Türkiyə (Bursa), Hindistan (Kəşmir), eləcə də Azərbaycanda (Təbriz, Rəb-i Rəşidi) toxunurdu. XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Azərbaycanın şimal hissəsində – Şamaxı, Gəncə, Şəki, Naxçıvan kimi iri sənət-ticarət məkkəzlərində də tirməşal və mahud toxuculuğu yüksələn xətlə inkişaf etmişdi. Lakin elə həmin XIX əsrdəcə Avropa ölkələrindən ixrac olunan yüksək keyfiyyətli fabrik mahudu ticarət xətti ilə yayıldıqca, Azərbaycanın yerli şalbaf məhsulları, o cümlədən mahud və tirmə istehsalı tədricən tənəzzülə uğrayıb aradan çıxmağa başlamışdır. Bununla belə, XIX əsrin ortalarında Şamaxı şəhərində hələ də 20-ə qədər mahud karxanası fəaliyyətini davam etdirməkdə idi. Burada tirməşal da toxunurdu.