Təndirxana
Nümunənin reyestr kodu : DA0204000003
Təndirxana tikinti sənətinin təsərrüfat tikililəri bölməsinə aid olub, özünün bir çox xüsusiyyətləri ilə fərqli mahiyyət daşımışdır. Azərbaycanda təbii-coğrafi şərait, sosial-iqtisadi amillər, əhalinin məişət tərzi və təsərrüfat məşğuliyyətindən asılı olaraq tarixən bir çox təsərrüfat tikililəri formalaşmışdır. Təsərrüfat tikililərinin formalaşmasında XIX əsr Azərbaycanı üçün xarakterik olan əkinçilik, maldarlıq və sənətkarlıq kimi təsərrüfat tiplərinin müstəsna rolu olmuşdur. Təsərrüfat tikililəri əhalinin sosial-iqtisadi vəziyyətindən asılı olaraq, onun malik olduğu təsərrüfatın həcmi və xarakteri ilə müəyyən olunur. Varlı ailələr özlərinin təsərrüfat tikililərinin sayının çoxluğuna görə əhalinin yoxsul təbəqələrindən xeyli dərəcədə fərqlənirdilər. İqtisadi cəhətdən imkansız ailələr, izafi maddi zərərə düşməməkdən ötrü, yaşayış evindən həm də təsərrüfat tikilisi kimi istifadə edirdilər.
Təndirxana (təndirəsər) – təndir və onun yanında xörək hazırlamaq üçün düzəldilmiş qaрımdan, bunların üzərində isə dörd dirəklə qurulan çardaqdan ibarət idi. Təndirxanada qaрımın düzəldilməsi ondan həmçinin yay mətbəxi kimi də istifadə olunmasına imkan verirdi. Təndirxananın yanları adətən açıq saxlanılırdı. Onu həyətin sakit, dalda bir tərəfində inşa edirdilər. Etnoqraf H.A.Həvilov yazır ki, fərdi kəndli təsərrüfatı tikililəri içərisində çörəkbişirmə vasitələrindən biri olan təndirxana xüsusi yer tutur. Kürsülü təndirlər müstəsna olmaqla, Azərbaycanın əksər rayonlarında təndirxana, bir qayda olaraq, həyətdə düzəldilir, onu qar və yağış suyundan mühafizə etmək üçün, təndirin üzərində hündürlüyü 3 metrə çatan dirəklər üzərində çardaq qurulurdu. Təndirxananın dam çardağı yastı və maili olmaqla iki formada düzəldilirdi. Təndirxanadan bəzən mətbəx kimi istifadə etmək lazım gəldikdə, onun yanlarını qarğı, qamış və çubuqla hörür, çığ, çəpərə və ya köhnə palazla tuturdular. Çardaq dirəklərinin hündür olmasının səbəbi təndirə od salarkən oradakı alovun çardağı yandırması ehtimalının qarşısını almaq mülahizəsi ilə bağlı idi. Şəki-Zaqatala bölgəsində nəinki təndirxananın ətrafını, hətta burada qurulmuş yerüstü təndirin özünün də ətrafını fındiq şivlərindən düzəldilən elastik çubuqlarla hörürdülər. Bəzən təndirxananın ətrafına təxminən 1-1,5 m-ə qədər hündürlükdə bişmiş və adi kərpic, hətta daşla hörgü də çəkirdilər. Adətən təndirxanada çörəkbişirmə vasitələri – xəmir teşti və yaxud tabaq, yuxayayan, duvaq, oxlov, təndir şişi, kürək; mətbəx kimi istifadə edildikdə isə həm də qab-qacaq, qazan-tava dəsti, bəzi ərzaq məhsulları da (kartof, soğan, sarımsaq və s.) saxlayırdılar.
Tədirxanalar bir-birindən kənar yanlarının bağlı və aşıq olması, təyinatı (sırf təndirxana və təndirxana-mətbəx), eləcə də ölçüləri, inşaat materialı ilə fərqlənirdi.
Təndir əsas çörəkbişirmə vasitəsi kimi hələ Eneolit dövründən təşəkkül tapmışdır. Onun üç növündən (döymə, badlı və kərpic) biri olan ən qədim döymə təndir ilk dəfə Naxçıvanda Kültəpə Eneolit dövrü abidəsindən tapılmışdır. Təndirxana isə, təsərrüfat tikilisi olaraq ayrıca obyekt kimi, yalnız xüsusi mülkiyyət şəraitində meydana çıxmışdır. Bu vaxta qədər isə heç bir təsərrüfat tikilisinə (eləcə də təndirxanaya) ehtiyac olmamış, yaşayış evi həm də təsərrüfat tikintisi (təndirxana) vəzifəsini icra etmişdir. Orta əsrlərdə şatırçılıq (bazarı çörəkbişirmə) sənəti ilə bağlı təndirxanalar da meydana gəlmiş, burada kişi çörəkbişirənlər fəaliyyət göstərmişdir. Təndirxanaların böyük əksəriyyəti isə fərdi kəndli ailələrinə məxsus olmuşdur. Təndir və təndirxana bir təsərrüfat tikilisi kimi, Azərbaycanın bütün bölgələrində mövcud olmuşdur. Onlar qonşu Türkiyədə, eləcə də Qabaq və Mərkəzi Asiyada da məlum olmuşdur.