Süfrə
Nümunənin reyestr kodu : SD0606000003
Süfrə – ailənin və evə qonaq gəldikdə qonaqların qarşısına, üstündə yemək öynəsinin icra edilməsi üçün salınan, üstü naxışlarla bəzədilmiş düzbucaqlı və ya kvadratşəkilli örtüyə deyilir. Keçmişdə ailə məişəti üçün səciyyəvi olan bütün proseslər (yemək, yatmaq, dincəlmək, ev məişəti işləri və s.) evin döşəməsi üzərində həyata keçirildiyindən, onun səliqəli düzəldilməsinə xüsusi fikir verilirdi. Adətən, döşəmə saman qatılmış palçıqla qalın suvanır, suvaq quruyandan sonra onun üzərinə ağ gildən şirə çəkilirdi. Şirələnmiş döşəməyə, ev sahibinin maddi imkanından asılı olaraq keçə, palaz, cecim, həsir, kilim, xalça, gəbə və s. salınır, üzərinə aşılanmış qoyun dərisindən ayaqaltılar qoyulur, mütəkkə, balış və döşəkcələr (nalça, nimdər) düzülürdü. Yemək öynəsi döşəməyə salınmış həsir, palaz və ya xalça üzərinə süfrə salmaqla və süfrə ətrafında bardaş qurub oturmaqla həyata keçirilirdi. Ailədə mövqeyindən və yaşından asılı olaraq hər kəsin süfrədə öz yeri olurdu. Evin yuxarı başında – buxarı ətrafında ailə başçısı üçün mütəkkə və balış qoyulurdu. Süfrə ətrafına düzülmüş nalça (nimdər) üzərində isə evin digər üzvləri nüfuz və mövqelərinə görə yerləşirdilər.
Evdə qonaq olmayanda, adətən, ortalığa adi süfrələr – hörmə süfrə, rüpüş, açma süfrə salınırdı. Açma süfrə, bir qayda olaraq, tirmə və ya cecim parçadan hazırlanırdı. Qonaqlıq süfrələri xüsusi təmtəraqla hazırlanırdı. Hər bir qonaq üçün mütəkkə və nazbalış qoyulur, ortalığa dəstərxan və ya qələmkar süfrələr salınır, cavanlar süfrəyə nəzarət edirdilər. Qələmkar süfrə ədədi qaydada toxunur, sonra müxtəlif naxış motivləri ilə bəzədilirdi. Bəzən isə arşınnüma toxunmuş pambıq parçaları (ağ, bez, mitqal) satın alan qələmkar usta onu müvafiq ölçüdə kəsib “kargah” adlanan çərçivəyə çəkir və üzərində qatı boya ilə lazımi naxışlar salırdı. Məişətdə daha çox orta hissəsi böyük butalarla, kənarları isə cərgə ilə kiçik butalarla naxışlanmış göy və ya açıq qırmızı rəngli, böyük ölçülü qələmkar süfrələr işlədilirdi. Qələmkar süfrələr bəzək çalarlarına, üzərindəki təsvirlərə və rənglərinə görə müxtəlif olurdu. Fikrimizi əyaniləşdirmək üçün MATM Etnoqrafiya fondunda qorunan qələmkar süfrələrə nəzər salsaq görərik ki, yerliyi sürməyi rəngli, üstü ağ basma naxışlı olan bir qələmkar süfrənin (EF-6199) üzərində həndəsi ornamentlər və quş təsvirləri vardır. Dördbucaqlı, tünd boz rəngli parça üzərində müxtəlif rəngli ipək saplarla təkəlduz və qondarma tikişi olan süfrənin isə (EF-7429) mərkəzindəki xonçada və ətrafında olan medalyonlarda nəbati, həndəsi naxışlar və quş təsvirləri vardır. Süfrənin ətrafına qaytan tikmələnmişdir. Onun ölçüləri 192x92 sm-dir.
Kürətrafı kəndlərdə, Muğan ərazisində, xüsusilə Lənkəran-Astara bölgəsində lifli bitkilərdən (tumu – püzətumu, lığ tumu) ev məişətində geniş yayılmış ciyəbənd, zənbil, kövsərə, yantay (çanta), tərəzi və s. ilə yanaşı, süfrə də hazırlanırdı. Keçmişdə toxunma məmulatlardan da süfrə kimi çox istifadə olunurdu. Rüpüş (yerə salınan süfrə) toxunma məmulat olub (EF-7043), ağ rəngli eşilmiş yun sapdan (ipdən) hasilə gətirilirdi. Ölçüləri təxminən 210x100 sm olan rüpüşün kənarları tünd-qəhvəyi və qırmızı saplarla işlənir, üzərinə sadə həndəsi fiqurlar, eləcə də çərçivə fiquru toxunurdu.
XX əsrin ortalarına qədər kənd ailələrində məişət üçün səciyyəvi olan bütün proseslər, eləcə də yemək öynəsi döşəmədə – oturaq vəziyyətdə keçdiyindən, yuxarıda adlarını çəkdiyimiz qələmkar, hörmə, dəstərxan, açma və qələmkar süfrələrin hər bir ailədə, o cümlədən gəlin köçməyə hazırlaşan qızların cehizlik dəstində olması vacib sayılırdı. Şəhər mühitində süfrədən, bir qayda olaraq, mebel (stol, masa, miz) üzərinə salınmaqla istifadə olunurdu.
Tarixən Azərbaycanda süfrənin müxtəlif növlərindən istifadə edilmişdir. Basmanaxış üsulu ilə hazırlanmış qələmkar süfrələr, çit parçadan hazırlanmış dəstərxan süfrələr, yun və ipək parçalardan hazırlanmış açma süfrələr, lifli bitkilərdən hazırlanmış hörmə süfrələr və toxuma texnikası ilə hazırlanmış rüpüş adlanan süfrələr xalqın yemək öynəsinin həyata keçirildiyi süfrə növləri olmuşdur.
Süfrədən istifadənin tarixi hörmə toxuculuğunun meydana gəldiyi Neolit dövrü ilə səsləşir. Qədim insanlar vaxtilə hörmə və toxuma məmulatlarından süfrə kimi istifadə etmiş, süfrəni yemək öynəsini icra etməkdən əlavə, bir yerə toplaşmaq, ünsiyyət yaratmaq vasitəsi kimi də mənalandırmışlar. “Kitabi-Dədə Qorqud” dastanında səslənən “qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə yaymaz” – deyimi də ilk orta əsrlərdə süfrədən istifadə edilməsinin əyani sübutu kimi qəbul olunur. İlk əvvəllər hörmə və toxuma süfrələr meydana gəlmiş, dəzgah toxuculuğunun yaranması ilə parça materiallarından hazırlanan süfrələr dəbə düşmüşdür. Orta əsrlərdən süjetli parça nümunələrinin və nəqqaşlıq sənətinin bir sahəsi olan qələmkarlığın meydana gəlməsi ilə artıq qələmkar süfrələrdən də istifadə edilmişdir. XVI əsrdə Şamaxıda Abdulla xanın qonağı olmuş ingilis səyyahı və diplomatı A.Genkinson nahar vaxtı çatanda döşəmədə süfrələr açılmasını və oraya müxtəlif cür yeməklər və içkilər düzülməsini heyranlıqla xatırlayır. XVII əsrin məşhur türk coğrafiyaşünas-səyyahı E.Çələbinin yazdığına görə, Naxçıvan ustalarının hazırladıqları nəfis sənətkarlıq məmulatları şöhrət qazanmışdır. Naxçıvanda “bəhram-yuri” (basma naxışlı pambıq parça), qələmkar parçalar, çit süfrələr (dəstərxan) və s. istehsal olunurdu. Süfrə açmaq, qonaq qəbul etmək ənənəsi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi hazırda da ciddi şəkildə icra olunmaqdadır.