AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bürüncək

Nümunənin reyestr kodu : SD0304000017

Bürüncək – aşılanmamış, yağ-piy qatlarından diqqətlə təmizlənərək istifadəyə yararlı hala salınmış dəridən (göndən) hazırlanan primitiv geyim elementinə deyilir. Ölçüsündən asılı olaraq müxtəlif variantda biçilən, düzbucaqlı, kvadrat və ya rombşəkilli formada hasilə gətirilən bürüncək bəzən bir böyük, bəzən də bir neçə kiçik vəhşi heyvan dərisindən hazırlanırdı. Xüsusilə bədənə dolanan bürüncək iri ölçüdə hazırlanır, astarı tüklü olub, üz səthi pardaxlanırdı. Belə bürüncəklərdə bəzən qol yeri də açılır, bu zaman onlar üst geyim tipini xatırladırdı.

İbtidai insanlar dəri-gön elementi kimi ovladıqları vəhşi heyvanların – vəhşi maral, mağara ayısı, boz ayı, kərgədan, qaban və başqa heyvanların dərisindən istifadə etmişlər. Arxeoloq M.M.Hüseynov yazır ki, Azıx mağarasından əldə edilmiş sümük qalıqlarının yarıya qədəri vəhşi maral və mağara ayısının payına düşür. Başa və ayağa geyilən bürüncək-qoruyucular isə sarınaraq bağlanırdı. Dəri parçası, adətən, başın və ya ayağın ölçüsündə götürülərək kənarlarından xırda deşiklər – gözcüklər açılır, bu gözcüklərdən keçirilərək ağac sıyrıqları və ya dəridən ensiz, uzun şəkildə kəsilən hissələrlə ayağa və ya başa bağlanırdı. Ayağa geyilən bürüncəklər tez-tez yeyilib deşildiyindən onları mütəmadi təzələmək lazım gəlirdi. Bəzən onların altlığını bir neçə dəri (gön) qatından düzəldirdilər.

Dəridən hazırlanmış bürüncəklər istifadə tərzinə və təyinatına görə başa bağlanan, bədənə sarınan və ya dolanan, eləcə də ayağa geyilən (sarınan) olmaqla üç qrupa bölünür. Baş və ayaq bürüncəkləri bir qayda olaraq kiçik ölçülü dəridən hazırlanmış, bədən bürüncəkləri isə bir neçə heyvan dərisini bir-birinə calamaqla hasilə gətirilmişdir.

Bürüncək tipli geyim elementinin tarixi miladdan əvvəl 40-25-ci minilliyə, yəni Üst Paleolit dövrünə təsadüf edir. Dəridən hazırlanan bürüncək hələ ibtidai dövrlərdən məlum olmuş, uzun əsrlər boyu insanların geyimə olan tələbatını müvəffəqiyyətlə ödəmişdir. Azərbaycan ərazisində məskunlaşan ilk insanların geyimləri təbii əldə edilən materiallardan (dəri, süni liflər, yarpaq və s.) olmaqla, istifadə tərzinə görə bürüncək, sarıq, örtmə və geymə kimi müxtəlif variantlarda özünü göstərmişdir. Hələ toxuculuq sənətinin meydana gəlmədiyi paleolit və mezolit dövrlərində ibtidai insanların əsas geyimləri dəri bürüncəklər olmuşdur. İbtidai insanlar ovladıqları heyvanların ətini yеmiş, dərisini isə yağ-piy qalıqlarından qaşovlayıb təmizləmiş, sümük bizlər vasitəsilə deşib bir-birinə ağac sıyrıqları ilə bağlamış və beləliklə, primitiv bürüncəklər əldə etmişlər. Dərinin torpaqda çürümə ehtimalı böyük olduğu üçün, təəssüflər olsun ki, dəridən hazırlanmış belə bürüncəklər arxeoloji qazıntılardan aşkar edilməmişdir. Ancaq arxeoloji qazıntılardan əldə edilmiş külli miqdarda daş və sümük bizlər, sümükdən dəri pardaxlayıcılar o dövrdə dərinin emalını, ondan müxtəlif məişət əşyaları, müvəqqəti yaşamaq üçün nəzərdə tutulan komaların üstünü örtmək məqsədilə hazırlanan material, o cümlədən bürüncək tipli geyimlərin hazırlanmasında istifadə edildiyini sübut edir. Geyimlərin tarixi üzrə tədqiqatlar aparmış sənətşünaslıq doktoru S.S.Dünyamalıyeva yazır ki, homo sapiensə qədərki ibtidai insanlar soyuq, yağmur, şaxta kimi təbii amillərin təsirindən bədənlərini qorumaq üçün dəri bürüncək tipində geyim elementlərindən istifadə etmişlər.

Toxuculuq sənətinin, xüsusilə dəzgah toxuculuğunun meydana gəlməsi ilə əlaqədar dəri bürüncəklərə tələbat azalmış, orta əsrlərə qədər ondan bir qayda olaraq maldar elatlar istifadə etmişlər. Daha sonralar keçə istehsalının artması ilə yapıncı adlı geyim tipinin meydana gəlməsi dəri bürüncəklərdən istifadəni unutdurmuşdur.