Uşaq şalvarı
Nümunənin reyestr kodu : SD0304000030
XIX-XX əsrin əvvəllərində uşaq geyimləri, demək olar ki, bütünlüklə böyüklərin milli libaslarının eyni biçimdə, lakin kiçik ölçüdə təkrarından ibarət olmuşdur. Bununla belə, uşaqlar çağa vaxtlarından müəyyən yaş həddinə çatana qədər onların geyimlərində böyüklərin geyimlərindən fərqlənən səciyyəvi cəhətlər müşahidə olunurdu. Uşaq bəlli bir yaş həddinə çatdıqdan sonra onun geyimi xüsusi diqqətlə hazırlanırdı. Bu işdə qadınların xüsusi səriştəsi, təkrarsız zövqləri özünü daha çox büruzə verirdi. Etnoqraf Ə.K.Ələkbərov haqlı olaraq yazırdı ki, “qadınların öz bacarıqlarını nümayiş etdirmək üçün vahid, mən deyərdim ki, yeganə yaradıcı sahə uşaq geyimləridir. Düzdür, bu geyimlər bütünlüklə böyüklərin geyimlərini kiçik ölçüdə təkrar edirdi, lakin yenə də qadın-ana burada özünün şəxsən xəyalında canlandırdığı zövqünü əks etdirə bilirdi. Bu qadına ona görə müyəssər olmuşdu ki, hələ yetkinlik yaşına çatmayan uşaq və onun geyimi adət hüququ normalarının təsirinə məruz qalmamışdı”.
Etnoqrafik materiallar göstərir ki, əgər kiçik yaşlı qızların geyimləri bütünlüklə qadın geyimlərinin təkrarı idisə, oğlan uşaqlarının geyimlərində fərqli cəhətlər vardı. Bu, ilk növbədə özünü, uşaq şalvarlarının biçim və tikiş tərzində göstərirdi. Azərbaycanda uşaq şalvarının “bağlı” (“nifəli”), “aşırmalı” və “finka” olmaqla üç növü geniş yayılmışdı. Bu şalvarların növ müxtəlifliyi ilə yanaşı, bir ümumi cəhəti də vardı ki, onların heç birini açıb-bağlamağa ehtiyac yox idi. Bunun üçün şalvarın orta hissəsinə miyança (“ağ” və ya “şalvar ağı”, “narvan”) qoyulmur, onun beldən başlayaraq qabağa qədər arası yarıq tikilirdi. Eyni növ uşaq şalvarları tatarlar və taciklər arasında da mövcud idi. “Bağlı” (“nifəli”) şalvar kəmərbəstə üst geyimi olmaqla, forma və biçim etibarı ilə dizlikdən o qədər də fərqlənmirdi. Dizlik kimi o da iki balaqdan və nifədən ibarət biçilib tikilirdi. Ancaq dizlikdən fərqli olaraq onda miyança olmurdu. Bunların arasında bir əsas fərq də parça materialında nəzərə çarpırdı. Bu məqsədlə mahud, birrəng ipək, şal parçalardan istifadə edilirdi. Şalvarın başına, bir qayda olaraq, başqa parçadan nifə tikilirdi. Nifənin arxa və qabaq tərəfindən “bağ yeri” (tumanbağı yeri) qoyulurdu. Buradan keçirilən tumanbağının uclarında qızılı və gümüşü güləbətin sapdan toxunmuş yaraşıqlı qotazları olurdu. Ona görə də “bağlı” (“nifəli”) şalvarı hər iki tərəfinə geymək olurdu. Bu isə onun tez dağılıb korlanmasının qarşısını almaqla, istifadə müddətini uzatmağa imkan verirdi. Adətən, “bağlı” (“nifəli”) şalvarın balağı açıq saxlandığından, ona “balağı açıq şalvar” da deyilirdi. Şalvarın ayağı (balağı) topuğun üstündə 10-12 sm ölçüdə çapıqla tamamlanırdı. Buraya rəngli ip-qaytan tikilirdi.
“Aşırmalı şalvar”ın beli nifəsiz, balaqları isə büzməli olurdu. Arxada – çanaq sümüyü üstündə şalvarın başının hər iki tərəfinə bir-birindən 12-15 sm aralı, ucu ilgəkli aşırım (üzəngi) tikilirdi. Lentvari olan bu aşırımlar (üzəngilər) kürəkdə çarpaz edilərək çiyin üstündən qabağa gətirilir, burada şalvarın başına tikilmiş düymələrə bağlanırdı.
“Finka” adlanan şalvarın həm balaqları, həm də beli büzməli tikilir, bəzən buraya rezin də salınırdı. XX əsrin 60-70-ci illərinə qədər bu formalı şalvar əsas uşaq geyimlərindən biri olaraq qalmaqda idi. Onu, başlıca olaraq, qara və göy sətindən tikirdilər. Finka, XIX əsrin 40-cı illərindən başlayaraq Azərbaycana köçürülən rus təriqətçilərindən (molakanlar, duxoborlar, subbotniklər) mənimsənilmişdi. Rusca-azərbaycanca lüğətdə finka – “ayağı büzməli, gen balaqlı uşaq tumanı” kimi təqdim olunur. Oğlan uşaqlarının digər geyimlərində elə bir fərq nəzərə çarpmırdı. Onlar da böyüklər kimi ayaqlarına çarıq və başmaq geyir, başlarına araqçın, təsək və dəri papaqlar qoyur, köynək, arxalıq, çuxa və s. geyirdilər. Rəssam Mirzə Qədim İrəvaninin XIX əsrin 70-ci illərində çəkdiyi yeniyetmə oğlan rəsmində bu geyim növləri aydın görünür.
Arxeoloji qazıntılar zamanı Mingəçevirdə tumanbağı toxuyan dəzgahın qalıqlarının tapılması burada əhalinin çox qədimlərdən nifəli şalvardan istifadə etdiyini təsdiqləyir. “Kitabi Dədə Qorqud” eposunda bəylərin “al məxmuri şalvar” və “mahmudu şalvar” geymələrindən bəhs olunur. Əgər nəzərə alsaq ki, uşaq şalvarı böyüklərin şalvarının kiçik ölçüdə təkrarı olmuşdur, onda uşaqların da belə şalvar geydiyini ehtimal edə bilərik. “Bağlı” və “aşırmalı şalvar” uşaq geyimləri dəstinə uzaq keçmişdən daxil olsa da, “finka” şalvar XIX əsrin 40-cı illərindən başlayaraq Azərbaycana köçürülən rus təriqətçilərindən (molakanlar, duxoborlar, subbotniklər) mənimsənilmişdi.