AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

İpək parça

Nümunənin reyestr kodu : SD0401010001

Ənənəvi parça toxuculuğunun ən qiymətli növü ipək parça hesab olunur. Mütəxəssislər ipək parça istehsalının uzun bir texnoloji proses olduğunu, bu işin barama qurdunun bəslənməsindən tutmuş, hazır baramanın açılması, əldə edilən xam ipəyin əyirilməsi, qaynadılıb təmizlənməsi, küp boyaqçıları tərəfindən boyanması, ipək sapın əldə edilməsi və nəhayət, parça toxuculuğuna qədər davam etdiyini qeyd edirlər. Sənətkarlığın ipək parça toxuculuğu sahəsi “şərbaflıq”, bu sənətlə məşğul olan isə “şərbaf” adlanır. İpək parça, bir qayda olaraq, mütəhərrik toxuculuq aləti olan şərbaf dəzgahında toxunurdu. Böyük təkamül yolu keçmiş mütəhərrik şərbaf dəzgahlarının “yezdimo”, “dördayaq”, “kəlağayı dəzgahı” kimi çoxlu növləri ipək parça toxucularına – şərbaflara yaxşı tanış idi. İpək parça, əsasən, “Yezdimo dəzgahı”nda toxunurdu. Çünki, nirə-şana sisteminə malik olan ipəktoxuma dəzgahlarının tipik növü bu dəzgah idi. Dəzgah, karxananın döşəməsində qurulmuş “paçal” adlanan xüsusi çala üzərində qurulurdu. Yezdimonun mütəhərrik hissəsi iki cüt nirə, bir cüt təpkən, məkik, nəvərd və kilkə-bağaralardan ibarət idi.

İpək parça toxuculuğunda usta-şərbafla yanaşı, kargər və pəstəkar da yaxından iştirak edirdi. Karxana dəzgah toxuculuğunda ipək parça toxunması prosesi “putama” adlanırdı. Şərbaf özü və ya kargər dəzgahın oturacağında əyləşib, təpkən vasitəsilə nirələri endirib qaldırdıqca çillə çarpazlarının alt və üst tayları aralanıb “ağız açırdı”. Bu anda o, məkiyi sağ əli ilə sola və ya əksinə ötürməklə, lülədən çözələnib açılan ara ipəyini çarpaz taylarının arasına salır və dəftin vasitəsilə vurub qabağa gətirirdi. Sonra sağ ayağını basmaqla, növbəti nirə lingələrini aşağı endirib, çillə taylarına yenə də “ağız açdırırdı”. Bu dəfə o, məkiyi sol əli ilə sağa atır və ara ipəyi növbəti çarpazın ağzına düşən kimi dəftini özünə tərəf dartmaqla ipək telini əvvəlkinin yanına sıxlaşdırırdı. Bu qayda ilə putama əməliyyatı davam etdirilirdi. Belə dəzgahda tafta, darayı, atlaz, qanovuz, xara, mov, tirmə, zərbaft, alışı, məxmər, zərxara, qumaş, kəmxa kimi ipək parçalar toxunurdu. Xalq arasında həm xaricdən gətirilən, həm də yerli istehsala məxsus bu parça növləri “məni aldatdı”, “alışdım-yandım”, “hacı, mənə bax”, “gecə-gündüz”, “küçə mənə dar gəlir”, “minbir gül”, “oturma, sınar”, “dur, məni gəzdir”, “pinti məni geyməz”, “qonşu bağrı çatladan”, “sürüşdüm-düşdüm”, “dəymə, gülüm tökülər”, “şəmsi-qəmər”, “gendə dur” və s. adlarla məşhur olmuşdur.

İpək parçalar, adlarındaki müxtəlifliyə, çeşidlərinə, toxunma xüsusiyyətlərinə (zərif və sıx toxunuş), istehsal mərkəzlərinə (Şamaxı ipəyi, Təbriz ipəyi, Hind ipəyi, Gəncə ipəyi, Şəki ipəyi və s.) görə bir-birindən seçilirdi.

İpəkçiliklə ilk dəfə Çində məşğul olmuşlar. İpəkqurdu toxumu isə daha sonralar Orta Asiyaya, oradan da İran və Azərbaycana gətirilmişdir. İlk orta əsrlərdən başlayaraq Azərbaycanda ipək parça toxuculuğuna başlanmışdır. Toxuma sənətinin daha da təkmilləşməsində dəzgah toxuculuğu mühüm rol oynamışdır. Mingəçevir qazıntılarından əldə edilən parça qalıqları və toxucu dəzgahının hissələri ilk orta əsrlərdə Azərbaycanda dəzgah toxuculuğunun yayıldığını göstərir. Tədqiqatlar göstərir ki, artıq XII-XIII əsrlərdə Azərbaycanın ayrı-ayrı sənət-ticarət mərkəzləri bu və ya digər parça və geyim növünün hazırlanmasında, bir növ, ixtisaslaşmışdı. Belə ki, Gəncədə zərlə işlənmiş atlas və diba kimi ipək parçalar, Beyləqanda “kəzzkaşidə” adlanan ipək parça, Ərdəbildə “camə” adlandırılan qara rəngli zərif parça, Səlmas və Xoyda diba, nazik kətan paltar, Bərdədə ipək parça, habelə Naxçıvanda məşhur çuxalar, Təbrizdə atlasdan kişi üst geyimləri, Gəncədə yun paltarlar hazırlanırdı. XIX-XX əsrin əvvəllərində isə Azərbaycanın orta əsr şəhərləri – Təbriz, Şamaxı, Ərdəbil, Marağa, Mərənd, Xoy, Salmas, Naxçıvan, Gəncə, Beyləqan, Qəbələ, Şəki və s. ipək parça istehsalında böyük tərəqqiyə çatmışdılar. Bunların içərisində Şamaxı və Təbriz xüsusilə seçilmişdir. XVIII əsrin 90-cu illərində Şamaxı şəhərində darayı, tafta və qanovuz toxuyan 1500 toxucu karxanasının olması, 1843-cü ildə isə 220 şərbaf karxanasının mövcudluğu burada ipək parça toxuculuğunun geniş yayıldığını sübut edir. Şirvanda yerli ipək parça istehsalı xüsusilə geniş yayılmışdı. Burada ipək istehsalının ev peşəsi və karxana toxuculuğu olmaqla, iki formasına təsadüf edilirdi. Şirvanda karxana şərbaflığının əsas mərkəzləri Şamaxı şəhəri, Basqal və Mücü kəndləri idi. Onlar xam ipəyi Şamaxı kəndlərindən əlavə, Şəki, Qaraməryəm, Bığır, Vəndam, Qəbələ, İsmayıllı, Ordubad, Kutaisi və Səmərqənddən gətirirdilər. Rusiya tərəfindən işğal olunana qədər (XIX əsrin əvvəlləri) Azərbaycanın bir sıra bölgələrində də yerli karxana toxuculuğu hələ də qalmaqda idi. Yelizavetpolda (Gəncədə) manufaktura istehsalının mühüm istiqamətini ipəkdən parça və yaylıq hazırlanması təşkil edirdi. XIX əsrin əvvəllərində burada toxucu dəzgahlarının sayı 200-ə qədər azalmasına baxmayaraq, Cavad xanın dövründə (1786-1804-cü illər) onların miqdarı 375-ə çatırdı. Şəki şəhər əhalisinin iqtisadi həyatında ipəkçiliyin başlıca yer tutması şərbaflıq və onunla bağlı bir sıra köməkçi sənət sahələrinin-boyaqçılıq, qaytançılıq, təkəlduz tikmənin geniş miqyas almasına səbəb olmuşdu. XIX yüzilliyin ortalarında Şəkidə 14 minə yaxın ailə kümdarlıqla məşğul olurdu. Şəki kümdarları il ərzində 15 min puda qədər xam ipək hasil edirdilər. Bu, bütün Zaqafqaziyada (Cənubi Qafqazda) istehsal edilən ipəyin yarısına bərabər idi. Şəki ipəyinin bir qismi ölkə hüdudlarından kənara ixrac edilir, qalan hissəsi yerli şərbafxanalara satılaraq ipək parça istehsalına sərf olunurdu. XIX əsrin sonlarında Azərbaycanın ipəkçilik təsərrüfatları yenə də özünün köhnə, ənənəvi mərkəzlərində: Nuxa, Ərəş, Cəbrayıl, Cavanşir, Şuşa, Göyçay, Şamaxı, Quba, Naxçıvan qəzalarında və Zaqatala dairəsində cəmləşmişdi. XX əsrin 20-30-cu illərindən başlayaraq fabrik istehsalının genişlənməsi ənənəvi karxana toxuculuğunu tənəzzülə uğratmışdır.