AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sancaq

Nümunənin reyestr kodu : SD0303000022

Sancaq – başa (saça) sancmaq üçün adi, yarımqiymətli və qiymətli metaldan hasilə gətirilən müxtəlif ölcülü və formalı qadın bəzəyinə deyilir. “Cığcığa” adlanan baş bəzəkləri dəstinin Azərbaycanda müxtəlif növlərindən istifadə olunmuşdur ki, bunlardan başa (saça) taxılan bəzəklər içərisində “cıqqa” adlanan baş sancağının öz yeri vardı. Azərbaycanın zərgərlik incəsənətinin tədqiqatçısı S.Y.Sadıxova yazır ki, qadınlar diademalarla yanaşı, çox qədim zamanlardan əla əl işləri olan sancaqlar, daraqlar, çiçəyi və zoğu simvolizə edən müxtəlif materiallardan hazırlanan bəzəklər gəzdirirdilər. Onların içərisində ən əhəmiyyətliləri cıqqa adlanan çox iri zümrüd və yaqut daş-qaşlarla bəzədilmiş sancaqlar idi. Mənbələrdə qeyd olunur ki, belə gözqamaşdırıcı cıqqalar hərbi komplektin də simvolu olub, əvvəlcə qəbilənin, sonralar isə hərbi hissələrin işarəsi kimi mövcud olmuşdur. Qızılbaş hakimləri xidməti işlərində fərqlənən sərkərdələrə və əmirlərə mükafat olaraq cıqqalar göndərərdilər. Bu cür baş bəzəklərinə XV-XVI əsrlərin ədəbi mənbələrində, eləcə də Azərbaycan və Orta Asiya miniatür sənəti nümunələrində tez-tez rast gəlinir ki, bu da onların geniş regional arealda yayılmasını təsdiqləyir.

Öz görkəminə görə armudu, toppuzu, lalə çiçəyini və b. gülləri xatırladan qızıl suyuna salınmış gümüş cıqqalar çox incə naxışlarla bəzədilirdi. Bəzən cıqqa qiymətli daşlar əvəzinə müxtəlif rəngli şüşə materiallarından sapa düzülərək işlənir və mirvari düzümləri ilə çalmanın çinləri arasına yerləşdirilirdi. Orta əsrlərdə cıqqa uzun toppuzabənzər formada olub, aşağısı quş pipiyi şəkilli qızıl daraqla tamamlanır, basmaqəlib texnikası ilə hasilə gəlirdi. Darağın yanları gözəgəlimli şəkildə naxışların arasındakı yuvacıqlara yerləşdirilmiş şüşə və daş-qaşla bəzədilirdi. Cıqqa-darağın yuxarı başının tən ortasında aypara yerləşdirilir, aşağı qurtaracağında isə muncuqdan və yarpaqvari pərəklərdən ibarət asmalar sallanırdı. Cıqqanın arxa tərəfinə “tüklük” adlanan kiçik borucuq bərkidilir, oradan qızıl sapla bağlanan qaba at tükü çəngəsi keçirilirdi. Bu cür cıqqa görkəmli hərbi rəislərin, yüksək rütbəli qızılbaş əmirlərinin, vəzirlərin, sarayda xüsusi qayda-qanun qoruyucularının, eşikağasıbaşı və mirşikarbaşıların papaqlarını bəzəyirdi. Hərbi fərqlənmə nişanı olan bu tük bağlaması “surğuc” adlanıb hərbi baş geyimi olan təskülahın üzərinə bərkidilir və iki tipdə – “düz surğuc” və “süpürgə surğuc” olurdu.

Bundan əlavə, bəzi cıqqalar daraqvari və ya kəkilli quş obrazlı olur, zərgərlik incəsənətində xeyirxahlığı və himayəçiliyi simvolizə edirdi. Belə bir cıqqanı XVI əsrdə Şamaxıda Abdulla xanın qonağı olmuş ingilis səyyahı A.Cenkinson hökmdarın geyiminin təsvirini verərkən qeyd etmişdir: “Hökmdar özü orta boylu və zəhmli adam idi, uzun ipək parçalardan bahalı mirvarilər və daş-qaş düzülmüş paltar geyinmişdi. O, başına şiş uclu, yarım yard uzunluğunda (ingilis ölçü vahididir, təxminən 1 yard=91,44 sm) zəngin qızılı parçadan türban (papaq) qoymuşdu, üstündən 20 yard uzunluğunda, qızılı sapla tikilmiş hind ipəyindən çalma bağlamışdı. Türbanın sağ tərəfində, mina ilə zərif bəzədilmiş və daş-qaş düzülmüş qızıl lüləyə lələk çələngi taxılmışdı”. Belə cıqqa bütün Şərqdə geniş yayılmışdı. Onun ən yaxşı nümunəsi 1743-cü ildə Nadir şahın səfirliyi tərəfindən Hindistandan İohan Antonovişə hədiyyə olaraq gətirilmiş ağ nefritdən düzəldilmiş cıqqadır. Üz səthinin dekoru incə qravyüra ilə işlənən cıqqa tamamilə almaz, yaqut, zümrüd, dağkrustalı və s. ilə bəzədilmiş, hazırda Sankt-Peterburqda – Dövlət Ermitajında saxlanılır.

Zaman keçdikcə baş bəzəyi olan sancaq yeni istehsal texnologiyalarının meydana gəlməsi, empirik bilik və təcrübələrin cilalanması, incə bəzək dekoru əldə etməyə imkan verən təkmil əmək alətlərinin yaranması nəticəsində xeyli mürəkkəb dekor tərkibində hazırlanır, Azərbaycan qadınının füsünkar görkəminə daha da yaraşıq verirdi. Belə sancaqlardan biri M.F.Axundovun ailəsinə məxsus olub, Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır. Başlı sancaq adlanan bu sancaq növü qızıldan olub, orta hissəsində dairəvi, tünd bənövşəyi rəngli qaş vardır. Həmin qaşın yuxarı və aşağı tərəflərinə açıq yaşıl rəngli, onlardan sağ və sol cinahlara isə bir ədəd kiçik ölçülü bənövşəyi qaş salınmışdır. Sancaq boyunca kiçik ölçülü bənövşəyi və bir qədər iri, yaşıl qaşlar iri daş ətrafına düzülmüşdür. Sancağın aşağı hissədə nazik iynəsi vardır. Zəmanəmizdə baş bəzəyi kimi bahalı sancaqların düzəldilməsi xeyli zəifləmişdir.

Keçmişdə baş bəzəyi dəstinə aid edilən sancaq cıqqa və yaxud, cıqqa-daraq adı ilə həm qadın, həm də kişi baş bəzəyi olmuşdur. Onlar hazırlandıqları materialın növünə, formasına və istehsal texnologiyasına görə bir-birindən fərqlənirdilər.

Sancaq bəzək növü kimi ilk orta əsrlərdən istifadədə olmuş, orta əsrlər, son orta əsrlər, eləcə də XIX-XX əsrin əvvəllərində geniş yayılmışdır. Azərbaycan, Orta Asiya regionu, eləcə də bütün Şərq cıqqa-daraq adlı baş sancağının yayılma arealına daxildir.