AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çənəbənd (qarmaq)

Nümunənin reyestr kodu : SD0303000017

Azərbaycanda tarixən baş bəzəklərinin çox zəngin tipoloji çeşidləri yaranmışdır. “Cığcığa” və ya “süs” adlanan baş bəzəkləri dəstinin vaxtilə Azərbaycanda “tac” (“dingə”, “cıqqa”), sonralar isə “qəfəsə”, “alınlıq”, “tetir”, “qıraqlıq”, “cütqabağı”, “gəlintac”, “qarabatdaq” (“araşqın”), “təsəkqabağı”, “taclı cütqabağı”, asma baş bəzəkləri kimi müxtəlif növlərindən istifadə olunmuşdur. Onlardan biri də çəngəlli çənəbənd (qarmaq) adlanan baş bəzəyidir. Çəngəlli çənəbənd, xüsusilə də “zəncirəli qızıl qarmaq”, əsasən, ərli qadınların geyim dəstinə daxil olan baş bəzəyi sayılır. Əməli əhəmiyyət kəsb etməklə, mürəkkəb quruluşlu çalma və dingələri, eləcə də örpəkləri (bənarə, sərəndaz, alafa, şalı-zər, qaragilə, torksin, paxlava, naz-nazı, tor və s.) başda möhkəm saxlamaq, hörüyə gəlməyən cığa-birçəyi nizamlamaq, son nəticədə isə bəzək məqsədilə işlədilirdi. Etnoqrafik materiallar sübut edir ki, keçmişdə bahalı baş örpəklərini, başlıca olaraq, ərli, həm də varlı qadınlar örtərdilər. Belə örpəklər isə başa çəngəlli çənəbənd vasitəsilə bərkidilirdi.

Etnoqraf Z.A.Kilçevskaya keçmiş Xaldan rayonunun Öcək kəndində etnoqrafik çöl materialları toplayarkən qeydə aldığı bir çəngəlli çənəbəndin (qarmağın) təsvirini vermişdir: “Çalmanın üstündən ərli qadınlar başın dairəsi boyunca qızıldan və ya gümüşdən düzəldilmiş bəzək – qarmaq vururdular. Bu bəzək növü iki cərgəli zəncirdən ibarət olub, hər iki qurtaracağına üstü ornamental naxışlarla bəzədilmiş dairəvi tökmə lövhəcik nazik məftillə qaynaq edilmişdir. Dairəvi metal lövhəciklərin alt (kənar) tərəfinə qaynaq edilən qarmaqlar çalma və örpəyə keçirilir ki, bu da baş şalının başdan sürüşüb düşməsinin qarşısını alır. Bəzən qoşa zəncirələrin birinin üzərinə qulplanmış qızıl və ya gümüş sikkələr, bəzən də qəlibkarlıq üsulu ilə hazırlanmış ornamental bəzəkli dairəvi lövhəciklər bənd edilirdi. Bu bəzək növü baş geyiminin üstünə elə bəndlənirdi ki, onun sikkələr və ya dairəvi lövhəciklər düzülən zəncirəsi sağ tərəfdə boğazdan yuxarı və başın ortasında qalırdı”. Dingənin üzərinə vurulan bəzəklər və zinət şeyləri (xüsusilə də qızıl qarmaq) onun sahibinin maddi vəziyyətini əks etdirirdi. Yoxsul və ortabab ailədən olan qadınların dingəyə vurduqları bəzəklər üzəri gümüş pullu “tetir” və “qabaqlıq”dan, həmçinin tunc qarmaqdan ibarət olurdu. Varlılarda isə bütün bunları qızıldan, az miqdarda isə gümüşdən hazırlanmış zinət şeyləri (pərək, aypərək, gül çəngəl, həsiri qarmaq və s.) tamamlayırdı. Çalmanı da başda möhkəm saxlamaq, yaraşıqlı görünməsini və əndazəsinin pozulmamasını təmin etmək üçün, bir qayda olaraq, ərli qadınlar onun üstündən qarmaq vururdular. Azərbaycanın bir çox bölgələrində (Qarabağ, Lənkəran-Astara, Quba-Xaçmaz, Naxçıvan və s.) isə çalmanı başda saxlamaq üçün onun üstündən qızıl (gümüş) çənəbənd əvəzinə, başın dairəsi boyunca kiçik ləçək bağlamaq da adət idi. Gənc qadınlar çalmanın üstündən “heratı”, “hələbi”, “qonşuçatladan”, “gülvəngi”, “bağdatı” kimi əlvan rəngli kələğayı bağlayardılar ki, onların da üstündən qarmaq vurardılar.

Bəzək-nəqş formalarından asılı olaraq Azərbaycanda çəngəlli çənəbəndlərin “gül çəngəl”, “mərcanə qarmaq”, “körpü qarmaq”, “həsiri qarmaq”, “qabırğalı çəngəl” və s. kimi dəstləri hazırlanmışdır. Onlar həm də hazırlandığı materiala, istehsal üsuluna, bəzək-naxış dekoruna görə də bir-birindən fərqlənirdilər.

Azərbaycanda zinət istehsalının tarixi çox qədim zamanlara gedib çıxır. Arxeoloji abidələrdən (Mingəçevir, Yaloylutəpə, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s.) aşkar edilmiş qiymətli bəzək məmulatları Azərbaycan ərazisində zinət istehsalına çox qədim zamanlarda başlandığını söyləməyə əsas verir. Mingəçevir və Xocalıdan tapılmış 3 min il bundan əvvələ aid bəzəkli tunc kəmər, Ziviyə mahalından aşkar edilmiş miladdan əvvəl VII əsrə aid qızıl sinəbənd və təsvirli qızıl kəmər, ənənəvi zərgərlik sənətinin nadir nümunələri olub, ölkəmizdə zinət istehsalının incə zövq və yüksək bədii səviyyəyə çatmış məhəlli mərkəzlərindən soraq verir. Böyük ehtimalla söyləmək olar ki, çəngəlli çənəbənd (qarmaq) Azərbaycanda ipəkdən hazırlanan baş örtüklərinin dəbə düşməsindən üzü bəri qadınların bəzək dəstinə daxil edilmişdir. Bu dövr isə ilkin orta əsrlərə təsadüf edir. Azərbaycanın Gəncəbasar, Qarabağ, xüsusilə də Naxçıvan bölgələrində daha çox dəbdə olmuş çəngəlli çənəbəndə son dövrlərə qədər yaşlı qadınların bəzək dəstində rast gəlinirdi.