AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Arxalıq

Nümunənin reyestr kodu : SD0304000032

Azərbaycanın ənənəvi geyim kompleksində mühüm yer tutan arxalıq üst geyimləri sırasına aid olub, özünün forması, biçim tərzi, tikiş texnologiyası, parça materialının müxtəlifliyi ilə həmişə fərqli xüsusiyyətlər kəsb etmişdir. Onu, adətən, soyuq vaxtlarda içliyin üstündən və çuxanın altından, isti mövsümlərdə isə birbaşa köynəyin üstündən geyirdilər. Maraqlıdır ki, biçim üsulu və tikiş texnikasında müxtəlifliyə baxmayaraq, gürcü, erməni və Dağıstanın bir çox xalqları da bu geyim tipini arxalıq adlandırmışlar. Azərbaycanın Abşeron etnoqrafik bölgəsində “don” adlandırılan arxalıq eyni adla, bəzən də “beşmet” və “zepun” adı ilə Şərqi Avropa, Volqaboyu, Qafqaz, Cənubi Qafqaz, Sibir tatarları, Qabaq və Orta Asiya xalqları arasında da geniş yayılmışdır.

Arxalıqlar kişi arxalığı, qadın arxalığı və uşaq arxalığı kimi üç qrupda təsnif edilir. Adətən, uşaq arxalığı böyüklərin arxalığının kiçik forması kimi hasilə gətirilir, yəni böyüklərin geyiminin kiçik ölçüdə təkrarı səciyyəsi daşıyır.

Geyim mədəniyyətinin tarixi ilə məşğul olan mütəxəssisləri belə hesab edirlər ki, kişi və qadın üst geyim elementi kimi arxalıq hələ “Kitabi-Dədə Qorqud” dastanından məlum idi. Dastan qəhrəmanlarının geyimləri içərisində adı çəkilən “qaftan” tipoloji cəhətdən arxalığa çox yaxındır. Qadın və kişi arxalığı zaman-zaman formasına, biçim tərzinə, ətək dövrəsinin ölçüsünə görə təkmilləşmiş, XIX-XX əsrin əvvəllərində mükəmməl bir görkəm almışdır. Varlılarda tirmə, tafta, atlas, xara, zərxara, məxmər, darayı, qanovuz və b. parçalardan, kasıblarda isə sətin, qara ləstik və digər ucuz parçalardan tikilən qadın arxalığı Abşeronda “don”, Azərbaycanın qərb bölgələrində isə “küləcə” adı ilə yayılmışdır. Qadın arxalıqları qol, yaxa və bel kəsiyinin quruluşuna görə etnoqrafik bölgələr üzrə lokal xüsusiyyətlər kəsb etmişdir. Belə ki, bel kəsiyinə görə, Bakı, Şirvan, Borçalı və Kürdəmir arxalıqları 10 sm-dən 31 sm-dək uzunluğu olan büzməli ətəkli, Gəncə-Qarabağ arxalıqları 8-18 sm uzunluğunda zərif qırçınlı, nisbətən qısa ətəkli, Naxçıvan, Lənkəran, İrəvan, Şəki, Qazax arxalıqları isə boyaboy olub, əlavə ətəksiz tikilirdi. Qollarının formasına görə Lənkəran, Naxçıvan, Şamaxı, İrəvan arxalıqları uzun qollu və düz biçimli; Qazax-Borçalı arxalıqları çəpkən qollu; Şəki-Bakı arxalıqları dirsəyə qədər düz, dirsəkdən aşağı qondarma qollu; Gəncə-Qarabağ arxalıqları isə “nülufər qollu” (yelpazəli) olurdu. Qadın arxalıqları yaxa kəsiyinin formasına görə də (düzyaxa, düzbucaqlı, oymalı) bir-birindən fərqlənirdi. Dağlıq Şirvanda qeydə alınmış oymalı arxalığın bir variantı “bəhləli arxalıq” adlanırdı və onun qolları yarıq qolçaqla tamamlanırdı. Buraya çarpaz və ya qaytan-ilgək qoyulurdu. Dekorativ-bəzək səciyyəli qolçağın astarı sarı, qırmızı, abı və b. bahalı parçalardan (xüsusilə zərridən) tikilirdi. Bəzi məhəlli xüsusiyyətlərinə və lokal elementlərinə baxmayaraq, Azərbaycan qadın arxalıqlarının əksəriyyəti gövdə ilə ətək hüdudunda 2-3 ədəd çarpazla və ya düymə ilə (basma pilək) bağlanırdı ki, bu da beldə kip oturmaqla, qadın görkəmini olduğu kimi saxlayırdı. Arxalığın yaxasına “midaxıl”, “həbbabi qızıl”, nazik uzunsov gümüş muncuqlardan ibarət “gümüş sərmə”, qızıl və gümüş pullar, qızıl qozalardan ibarət “yaxalıq” tutmaq dəb idi.

Kişi arxalığı yaxa kəsiyinin quruluşuna görə “döşüaçıq”, “önürlü” (çarpaz və ya aşırmalı, döş yaxası iki sıra düyməli) və “önürsüz” (düzyaxa və ya döş yaxası bir sıra düyməli); qollarının biçiminə görə “bütöv”, “atmaqol” və “qolçaqlı”; ətək quruluşuna görə isə “büzməli” və “çinli” (kəmərçin) olmaqla müxtəlif variantlarda biçilib tikilirdi. Biçmə üsulundan asılı olmayaraq bütün arxalıqlar iki ədəd döş, iki qol, kürək, iki qoltuqaltı, boyunduruq və ətək olmaqla 9 hissədən hazırlanırdı. Arxalıqların hamısı astarlı olurdu. Onu əsasən əbrişim, çit, mahud, atlas, satin, əl şalı (belə arxalıq “şal arxalıq” adlanırdı), həmçinin fabrik istehsalı olan satınalma yun və ipək parçalardan tikirdilər. Əhali arasında məndulə, kəşmiri, alaca, zərbaft, mitqal kimi xarici parçalardan tikilmiş arxalığa da rast gəlmək olurdu. Adətən, xeyir-şər məclisləri üçün nəzərdə tutulan arxalığın astarı və qolçaqları əlvan parçalardan hazırlanırdı ki, bu da toy rəqsləri və müxtəlif məişət oyunları zamanı göz oxşayır, kişi görkəminə xüsusi rövnəq verirdi. Yaşlı kişilərin arxalığı tünd, gənclərin və evli cavanların arxalığı isə açıq rəngli parçalardan hazırlanırdı. Arxalığın üstündən, bir qayda olaraq, mötəbər şəxslər, ruhani, tacir və baqqallar qurşaq dolayır, kasıblar qayış-kəmər, varlılar isə qızıl kəmər, gümüş təkbənd bağlayırdılar.