AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Medalyon

Nümunənin reyestr kodu : SD0303000013

Fransız sözü olan medalyon “böyük medal” anlamına gəlir. Bu ad altında binaların bədii tərtibatında, dekorativ sənət əsərlərində tətbiq edilən təsviri, yaxud ornamental kompozisiya (yapma və ya oyma relyef, divar rəsmi, mozaika) da başa düşülür. Digər bir anlamda isə medalyon ənənəvi zərgərlik məmulatı və ya qadın boyun-sinə bəzəyi kimi məlum olmuşdur. Müasir dövrümüzədək gəlib çatan bu qadın bəzəyi müxtəlif materiallardan (tunc, sürmə, mis, gümüş, qızıl) hazırlanmaqla, çox çeşidliyi, bəzək-naxış elementlərinin mükəmməlliyi, hazırlanma üsulunun fərqliliyi ilə diqqəti cəlb edir.

XIX əsr asma-medalyonları qiymətli daşlardan istifadə edilməklə, əsasən gümüş və qızıldan hazırlanırdı. Araşdırıcılarının qənaətinə görə medalyonlar eyni bir qrupda hasilə gətirilsələr də, bir-birindən fərqli iki yarımtipə bölünürlər. Birinci yarımtipdə gümüşdən hazırlanan medalyonlar təmsil olunur. Onların birinin timsalında bu yarımtipin əsas xüsusiyyətlərini görmək olar. Gürcüstanın Dekorativ və Tətbiqi İncəsənət Muzeyində saxlanılan bu medalyonun bəzəyinin əsas hisssəsinin görünüşü təbərzin formalı olub, yuxarı tərəfdə qoşa quş motivi verilmişdir. Medalyonun üzəri çox kiçik yazıyabənzər yarpaqlı şaxəciklərlə savadlama üsulu ilə bəzədilmişdir. Medalyonun aşağı tərəfinə uclarında dörd ədəd piləklər asılmış kürəciklər bərkidilmişdir.Yuxarı hissənin hər iki tərəfindən medalyona zəncir bənd edilmişdir. Bu zəncirdən, hər iki tərəfdə iki ədəd olmaqla, xırda yarpaqvari piləklər asılmışdır. Bu bəzək növü zərgərlik sənətinin qəlibkarlıq, şəbəkəçilik və savadlama üsullarının kompleks tətbiqi ilə hazırlanmışdır. Zərgər Hüseynəli Axundov tərəfindən hazırlanmış bu sənət əsəri 1900-cü ildə Ümumdünya Paris sərgisində qızıl medala layiq görülmüşdür. Orijinal görünüşlü bu zinət əşyasına, əsasən Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının qadınlarının bəzək-zinət əşyaları içərisində rast gəlinirdi. Digər yarımtipə məxsus medalyonlar isə kvadrat çərçivədən ibarət hazırlanmaqla, içəri tərəfi, yuxarı və aşağı hissələri ziqzaqvari naxışlanırdı. Orta hissəyə dairəvi, kiçik ölçülü yastı lövhə bəndlənirdi. Həmin dairənin ortasından keçirilmiş zəncir sağ və sol tərəfdən əsas zəncirə bəndlənirdi. Belə medalyonun bir nümunəsi Gürcüstanın Dekorativ və Tətbiqi İncəsənət Muzeyində saxlanılır.

Bundan başqa, Azərbaycanda qədim dövlərdən bəri istifadədə olan medalyonların diskşəkilli, şəbəkəli, kitabvari (Quran qabı), ürək, aypara, beşbarmaq, zərdaşı, yaxud qızıldaş kimi formaları da mövcud olmuşdur. Xalq arasında öz nominal dəyərinə uyğun “beşlik”, “onluq”, “iyirmibeşlik” kimi qızıl pul vahidləri – çervon, tilani, əşrəfi, məcdiyyə, imperial, real, bacaqlı da medalyon kimi istifadə olunmuşdur. Belə medalyonu hazırlamaq üçün sözügedən qızıl sikkələrə qulp qaynaq edilir, həmin qulpdan keçirilən qızıl zəncir vasitəsilə medalyon boğaza bağlanırdı. El arasında bu növ medalyon “pullu medalyon” və ya “sikkə medalyon” adlanırdı.

Medalyon adlanan zinət əşyası hazırlandığı materialin növünə (sürmə, tunc, mis, gümüş, qızıl), formasına (diskşəkilli, şəbəkəli, kitabvari (“Quran qabı”), ürək, aypara, ellipsvari, beşbarmaq, zərdaşı və ya qızıldaş, sikkə və s.) və istehsal texnologiyasına (qəlibkarlıq, şəbəkəçilik, savadlama və bu üsullarının kompleks tətbiqi) görə bir-birindən fərqlənirdi.

Ən qədim medalyonlar ilk dəfə qədim Romada meydana gəlmiş və əməli məqsədlər üçün düşünülmüşdür. Belə ki, triumf zamanı hərbi rəislərin, Romadan asılı olan dövlət rəhbərlərinin və qəbilə başçılarının təltif edilməsi üçün hazırlanan dairəvi disk medalyon adlanmışdır. Bunlar zəncirə bəndlənmiş üzəri mükəmməl bəzədilmiş böyük qızıl sikkəni xatırladırdı. Azərbaycanda da medalyonlar hələ ibtidai icma quruluşu dövründən insanların məişətinə daxil olmuşdur. Forması, üzərindəki müxtəlif naxışlar və işarələr vaxtilə onların qoruyucu funksiya daşıdığını sübut edir. Qədim insanların təsəvvürüncə, medalyonlar dairəvi formada düzəldilməklə Günəşi (Şəms) simvolizə etmişdir. Azərbaycanın Mingəçevir, Gəncə, Gədəbəy, Çovdar, Dolanlar, Xaçbulaq, Xanlar kimi qədim yaşayış yerlərində arxeoloji qazıntılar zamanı əldə edilmiş diskəbənzər şəbəkəli medalyonlar müxtəlif formalı olub, miladdan əvvəl II-I minilliklərin zərgərlik sənətinin inkişaf səviyyəsini göstərməklə yanaşı, qadın zinətlərinin də mükəmməl texnologiya əsasında hasilə gətirildiyini əyani şəkildə sübut edir. Boyun-sinə bəzəyi olan medalyon xeyli təkmilləşmiş formalarda bu günümüzdə də qadın zinət əşyaları içərisində layiqli yer tutmaqdadır.