AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çutqu

Nümunənin reyestr kodu : SD0302000006

Geymə (qoyma) tipli qadın baş geyimlərindən biri də “çutqu” idi. Azərbaycanın şimal və şimal-şərq bölgələrində geniş yayılmış bu geyim tipi qadının saçlarını və hörüklərini içərisinə qabqardığı ayağı açıq torbanı xatırladır, həm gigiyenik, həm də əməli mahiyyət daşımaqla, qadın görkəminə xüsusi gözəllik verirdi. Başa çutqu bağladıqda, təsək qoyulmazdı. Düzbucaqlı formada biçilib tikilən çutqunun eni 20-30 sm, uzunluğu isə 50-60 sm olurdu. Astarlı tikilən çutqunun başa geyilən hissədə tikişi 15-18 sm ölçüdə açıq saxlanılırdı ki, geymək asan olsun. Ayaq hissəsi saçaqlı (pürçümlü) hazırlanır, baş hissədə isə kəmçiklərinə qotazlı qaytan bağlanırdı. Bir qayda olaraq, saçlara (hörüklərə) geyilən çutqunun qaytanları ya boğazın altında, ya da alında bağlanırdı. Alının üstündə çutqunun görünən hissəsinə “çutquqabağı” tutulurdu. Adətən, çutquqabağı məxmər və tafta ilə, eləcə də gümüş və qızıl kəsmə bəzəklərlə işlənirdi.

Bayramlıq qadın çutqusu bahalı ipək parçalardan (atlas, qanovuz, məxmər, naşura, zərməxmər, marnus və b.) hazırlanır, rəng parlaqlığı ilə (qırmızı, yaşıl, sarı, göy və s.) seçilirdi. Şəki etnoqrafik bölgəsində, eləcə də Qax rayonunun azərbaycanlı və saxur əhalisi arasında qadın çutqusu “tülü” adı ilə məlum idi. Qadınlar çutqunun içində saçlarını gizlətdikləri üçün bəzən onun adına “içitük” də deyilirdi. Çutqunun özü və çutquqabağının bəzək elementləri görünsün deyə, çox zaman onun üstündən zərif işləməli cuna (püstümari cuna, misqalı cuna) çəkər, tor örpək örtər və ya narın toxumalı kələğayı bağlayardılar.

Muğan bölgəsində keçmişdə çutqu gümüş və ya qızıl suyuna salınmış “sərmə”, yaxud “şahpəsənd” adlanan bəzəklərlə bəzənərmiş. Çutqunu başlarına elə tutarmışlar ki, sərmə-şahpəsənd örpəyin altından görünsün. Şirvan bölgəsində Azərbaycanın digər bölgələrindən fərqli olaraq, çutqu uzun (0,9-1 m.) tikilirdi. Toy-bayram və boğçalıq çutqularını, adətən, qadınlar müxtəlif rəngli (qırmızı, sarı, yaşıl) ipək parçalardan sifariş verdirər, aşağı hissəsinə pambıq parçalardan astar qoydurardılar. Çutquya tikmə bəzəklər saldırar, onların üzərinə muncuq və qaytanlar əlavə etdirərdilər. Bir qayda olaraq çutqunun aşağı qurtaracağının ətrafina güləbətin toxumalı qotazlar bənd edərdilər. Quba-Xaçmaz bölgəsində adi çutqularla yanaşı, alın hissəsi özünəməxsus şəkildə biçilmiş çutqular da geniş yayılmışdı. Çox da böyük olmayan parça hissəsi aypara şəklində kəsilərək çutqunun torbayaoxşar düzbiçimli gövdəsinə tikilərdi.

Çutqunu artıq 9-10 yaşına çatan qızlara geydirərdilər. Ümumiyyətlə, bu baş geyimini həm qızlar, həm gənc qadınlar, həm də yaşlı nənələr geyinərdilər. Yaşlı qadınlar adətən, qara və digər tünd rəngli parçalardan tikilən çutquya üstünlük verərdilər. Çutqunun saçlara geyindirilməsi qadın saçlarının bədnəzərdən qorunması ilə yanaşı, həm də gigiyenik mahiyyət daşımışdır. Bundan əlavə, çutqu bağlamaq ev və çöl-təsərrüfat işləri görən zaman da daha rahat sayılmışdır.

Çutqunun həm gündəlik, həm də bayramlıq növləri olurdu. Bundan əlavə, çutqular bəzi məhəlli xüsusiyyətlərinə, ölçülərinə, parça materialına və rəng harmoniyasına görə bir-birindən fərqlənsələr də, mahiyyət etibarilə eyni funksiyanı yerinə yetirmişlər.

Arxeoloq V.P.Fomenko Mingəçevirdə miladdan əvvəl IX-VII əsrlərə aid edilən 63 saylı torpaq qəbirdən aşkar etdiyi gənc qadın skletinin kəlləsinin arxa hissəsində tapılan düymələri çutqunun bəzək elementləri hesab etmişdir. Ola bilsin ki, çutqu baş geyim tipi kimi elə bu zamandan meydana gəlmişdir XVI əsrə aid bir materialda oxuyuruq ki, bu dövrdə ayrıca çutqu olmamış, o, araxçına birləşdirilən və onun davamı kimi görünən geyim tipi olmuşdur. “Qadınların araxçınları daha mürəkkəb olub, arxa tərəfdən qəşəng, uzun torbayla birləşdirilərdi. Qadınlar hörüklərini qoymaq üçün bu torbadan istifadə edərdilər”. Sonralar araxçına birləşən bu torba ayrıca çutqu kimi formalaşmışdır.

Araşdırıcıların gəldiyi qənaətə görə, çutqu baş geyimi tipi Azərbaycanın şimal və şımal-şərq hissəsində yayılmışdı. Şəki, Quba, Şamaxı və Bakıda bu baş geyimi geniş şəkildə yayılmışdır. Bu baş geyimi “çuxta” adı ilə Dağıstanın bəzi xalqları arasında da məlum olmuşdur. Görünür, çutqunun bu ərazilərdə geniş yayılması Azərbaycanın şimal hissəsində hancısa etniki birliyin məskunlaşması ilə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, belə bir baş geyiminin oxşarı Orta Asiya xalqları və Povoljyenin türk əhalisi arasında da mövcud olmuşdur. Şübhəsiz ki, bu baş geyiminin bu ərazilərdə yayılması şimaldan gəlib buralarda məskunlaşan türk qəbilələrin təsiri ilə baş vermişdir.