AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Niqab

Nümunənin reyestr kodu : SD0302000022

Ərəbcədən tərcümədə “örtük” mənasını verən niqab müsəlman qadınlarının baş geyimi olub, gözlər üçün saxlanılan kiçik görmə “pəncərəsi” istisna olmaqla, üzü bütünlüklə örtürdü. Bir qayda olaraq, niqab qara rəngli parçadan biçilib tikilirdi. Bəzən başqa rəngli (göy, ağ və s.) niqablara da təsadüf etmək olardı. Niqabdan ictimai yerlərdə, həmçinin naməhrəm kişilərin olduğu məkanlarda istifadə olunurdu. Qeyd edək ki, niqab Orta Asiyada, Əfqanıstanda uzun illər boyu geniş istifadədə olan və üzü tam örtən “pərəncə” adlanan baş geyimindən fərqəndirilirdi. Pərəncə – geniş biçimli xalat olub, üzü tükdən toxunmuş tor ilə örtən pərdə ilə təchiz edilir, xalatın qolları isə uzun olurdu. Əslində, pərəncə baş geyimi deyil, əyin geyimi kimi səciyyələnirdi. Niqab isə qalın və ya incə toxunuşlu parçadan hazırlanan, üz hissəsində gözlər üçün yarığı olan, həm başı, həm də üzü örtən baş geyimi idi. Adətən niqabı bir çox səbəblərdən (adət-ənənədən irəli gələn varislik, qum və toz tufanından, isti ölkələrdə günəş şüalarından gözləri qorumaq və s.) başa geyirdilər ki, bu mənada bu baş geyimi əməli əhəmiyyət kəsb edirdi.

Ən sadə niqab alın sarığından ibarət olurdu. Onu qalın parçadan hazırlayır, arxa hissəsində olan qaytan vasitəsilə alına bağlayırdılar. Alın sarığına iki düzbuçaqlı yaylıq bənd edilirdi. Yaylıqlardan biri alın sarığına aşağı hissənin kənarında elə bəndlənirdi ki, qadının üzünə doğru düşən hissəsində göz üçün saxlanılan yarıq gözlərə mütanasib vəziyyətdə qalırdı. İkinci – bir qədər böyük və heç bir göz yarığı olmayan yaylıq qadının saçlarını bütünlüklə örtməli idi. Bəzən alın sarığına daha bir yüngül və şəffaf parça materialı (gözlərin önünə salınan tül, cuna) da bənd edilirdi. Təsvirdən də göründüyü kimi, niqab geyərkən qadının yeganə açıq qalan üz hissəsi ancaq gözlər olurdu.

Niqab baş və üz geyimi kimi səhra şəraitində daha əlverişli idi. Varlı qadınlarının niqablarına qızıldan kəsmə bəzəklər, qiymətli daş-qaşlar da düzülürdü ki, bu da niqabın dekor görünüşünə əlavə gözəllik gətirirdi. Bu işdə hər şey qadının istəyindən və onun mənsub olduğu nəslin maddi imkanından asılı olurdu. Bir faktı da qeyd etmək maraqlı olardı ki, niqab təkcə islami düşüncənin məhsulu olmamışdır. İudaizmə ibadət edənlərin də üzü və başı bütünlüklə bürüyən baş geyimləri mövcud olmuşdur. İsraildə – Yerusəlim civarında yaşayan, çox da böyük olmayan ultra-ortodoksal iudey icmasının qadınları niqababənzər baş geyimlərindən istifadə edirlər.

Meydana gəldiyi dövrdən başlayaraq niqab ucuz parçalardan sadə biçim üsulu ilə hasilə gətirilir, adi niqab və bahalı parçalardan tikilən və qızıl kəsmə pərəklər, eləcə də qiymətli daş-qaşlarla bəzədilmiş niqab olmaqla iki çeşiddə hazırlanırdı. Bundan başqa, forma etibarilə niqab yarımniqab və tam niqab kimi də biçilib tikilirdi. Keçmişdə döyüşçülərin, cəngavərlərin də tanınmamaq və qorunmaq üçün başlarına niqab geydikləri məlumdur. Bu cür niqab artıq parçadan deyil, zirehli olub, üzə salınan dəmir torla tamamlanırdı.

VII əsrdən İslamın bərqərar olması ilə qadın baş geyimləri dəstində müəyyən yer tutan niqab, tarixi mənbələrin də təsdiq etdiyi kimi, həm də kişilərin baş geyimi kimi mövcud olmuşdur. Bunu oğuz türklərinin tarixi-bədii abidəsi olan “Kitabi-Dədə Qorqud” eposu əyani şəkildə təsdiqləyir. Dastanda adı çəkilən niqab üzü örtmək üçün başa geyilən kişi geyimi kimi verilir. Dastandan o da məlum olur ki, bəzi oğuz bəyləri sifəti ilə deyil, igidliyi, qoçaqlığı ilə seçilməyə üstünlük verərmişlər və niqabla gəzərmişlər. “Oğuzda dörd yigit niqabla gəzərdi. Biri Qanturalı, biri Qara Çəkür və oğlu Qırqqunuq və boz ayğırlı Beyrək”. Niqabla gəzdiklərindən onların ilk baxışdan çirkin olduqları, üzlərinin eyibli olduğu düşünülə bilər. Lakin dastanda qeyd edilir ki, onlar yaraşıqlı idilər. “Qanturalı niqabın sərpdi... (Qızın) avsal olmuş tana kibi ağzının suyu aqdı”. Buradan oğuz qızının Qanturalının yaraşıqlı üzü qarşısında heyranlığı diqqətə çatdırılır. Başqa bir ifadədə: Banıçiçək: “Babam mənə, mən səni üzü niqablı Beyrəyə vermişəm” – deyərdi”. Bu ifadələrdən niqabın kişi baş geyimi olduğu aydınlaşır. Sonralar niqab qadın baş (üz) geyimi kimi Azərbaycanın kübar təbəqələri arasında geniş yayılır. Hazırda Azərbaycanda niqab bütünlüklə istifadədən çıxmış, dindar qadınların üz örtüyü kimi hicabla əvəzlənmişdir.

Niqab bütün müsəlman ölkələrində, eləcə də müsəlmanların yaşadıqları xristiyan ölkələrində yayılmışdır. Xüsusilə belə üz örtüyü sünnü hənbəlilik məktəbinin ardıcılları üçün xarakterik sayılırdı. Ona görə də məhz bu məktəbin yayıldığı Səudiyyə Ərəbistanı, Yəmən, Oman və Birləşmiş Ərəb Əmirliklərində daha çox istifadə olunur.