AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Daraq qabı

Nümunənin reyestr kodu : SD0603000002

Keçmişdə kübar qadınların zinətlə süslənmiş geyim dəsti və məişət əşyaları tikmə üsulu ilə bəzədilib daha da yaraşıqlı görkəmə salınırdı. Cavan qız-gəlinlər həyatları boyu böyük həvəs və hövsələ ilə əllərində olan müxtəlif növ bədii təsvir vasitələrindən istifadə edərək, öz geyim və məişətlərini bəzəyib, könül oxşayan yaraşıqlı hala salmağa çalışırdılar. Qızlar, adətən, gələcək adaxlı və ya nişanlıları, habelə onların ailə üzvləri üçün pul kisəsi, tənbəki kisəsi, üzərlik qabı, saat qabı, yük üzü, yastıq (balınc) üzü, mütəkkə üzü, müxtəlif növ örtük və pərdələr: qapı-pəncərə, camaxadan, taxça pərdəsi, zərəndaz, sallamanc, süzəni, sürmədan, ətir qabı və qələmdan kisəsi, canamaz, möhür qabı, quran qabı, qayçı qabı, oymaq qabı, araqçın, külah, təsək, habelə zimpuş, at çulu və s. kimi cer-cehiz tədarük edib bəzəyir, divar çəkiləri tikib hazırlayırdılar. Güləbətin tikmə texniki üsulu ilə ən çox qadın üst libası, baş geyimləri, ev məişət müxəlləfatı, hətta at yəhərinin bəzək ləvazimatı (zinpuş, çul) tikilib bəzədilirdi. Keçmişdə nişanlı qızların cehiz tədarükü içərisində güləbətin tikməli şəxsi məişət əşyalarının olması adət halını almışdı. Nişanlı qızın cer-cehizləri arasında bu sayaq hazırlanmış tikmə nümunələrinin olması həm də gəlinin əl qabiliyyətinin göstəricisi sayılırdı. Bu tikmə-toxuma məişət əşyaları içərisində daraq qablarının da xüsusi yeri var idi. Bəzənib-düzənən, el şənliklərinə, bulaq başına, bayram yığıncaqlarına hazırlaşan qız-gəlinlərimizin gündəlik istifadəsində olan daraq və onun saxlanması üçün məxsusi olaraq hazırlanmış daraq qabı ailə-məişət məmulatlarının vacib elementlərindən biri sayılırdı.

Daraq qabı adətən qalın, ağır və sıx toxunuşlu parçalardan (xüsusilə də müxtəlif rəng çalarlı məxmər parçadan), bəzən də xalça toxunuşlu materialdan və ağacdan hazırlanır, parça və xalça toxunuşlularının üzərinə yumşaq qızılı və gümüşü ipək saplardan müxtəlif həndəsi və nəbati təsvirlər, heyvan və quş təsvirləri tikmələnir, ağız hissəsinin kənarları qaytanla haşiyələnir, asmaq üçün rəngli-bəzəkli ipdən qulpu da olurdu. Bir qayda olaraq, daraq qabları başqa növ parçadan qoyulmuş astarla təchiz olunurdu. Qarabağ bölgəsinə aid edilən daraq qablarının üzərində güləbətin, pilək və muncuqlu tikmə üsulu ilə salınmış bəzəklər üstünlük təşkil edirdi. Buta təsvirli daraq qabları da yüksək zövqlə hazırlanır, astarı qanovuz parçadan qoyulurdu. Daraq qabının hər birinin ölçüləri, içərisinə qoyulduğu darağın ölçülərindən asılı olaraq təxminən 14-19 sm uzunluqda və 7,5-11 sm enlikdə tərəddüd edirdi.

MATM Etnoqrafiya Fondunda mühafizə olunan daraq qabları ilə tanış olduqda onların bəzək elementlərinin bütün zənginliklərini əyani şəkildə görə bilirik. Belə daraq qabından birinin (EF-488) yerliyi bənövşəyi rəngli parçadan olmaqla üzərində sarı rəngdə sapdan toxunma yarımdairə şəkilli çərçivəyə salınmış üç ədəd yanaşı altıguşəli ulduz, onların arasında üç cüt olmaqla, altı ədəd çoxguşəli xırda ulduzcuqlar, kənarında isə iki ədəd belə ulduzcuq vardır. Daraq qabının ağzı və ayparaşəkilli dairəsi ziqzaqşəkilli haşiyəyə tutulmuşdur. Asmaq üçün qulpu olan bu daraq qabına qoyulan daraq da ayparaşəkilli düzəldilməklə, üzərində əski əlifba ilə yazılar və nəbati naxışlar vardır. Qırağı qara rəngli iplə haşiyələnmiş daraq qabının parçasının üzərində kvadrata salınmış rombşəkilli və üçbucaqşəkilli çoxlu bəzəklər vardır. Bir sözlə, parçanın üzəri büsbütün həndəsi naxışlıdır. Ayparaşəkilli digər bir daraq qabının (EF-6021) üzəri sarı, qırmızı və göy rəngli xırda dairəvi metal lövhəciklərlə işlənmiş qarışıq təsvirlərlə örtülmüşdür.Yerliyi göy rəngli məxmər parçadan olan daraq qabının kənarına zəncirəşəkilli haşiyə salınmışdır. Muzeydə 100-dən çox belə ayparaşəkilli daraq və onların qablarının mühafizə olunması göstərir ki, vaxtilə ailə məişətində qadın gözəlliyinə xüsusi rövnəq verən daraq nümunələrindən geniş istifadə olunmuş, onların saxlanması üçün isə yüksək zövqə malik el sənətkarları tərəfindən daraq qabları da hazırlanmışdır.

Keçmiş ailə məişətində istifadədə olan daraq nümunələrinin əksəriyyəti ayparaşəkilli hazırlandığından, onların qoyulduğu daraq qablarının da əksəriyyəti aypara şəklində biçilib tikilirdi. Az miqdarda ağacdan düzbucaq şəklində yonulub hazırlanmış daraq qabına da təsadüf edilirdi.

Darağı insanların qədim kəşflərindən biri hesab edirlər. O, həm də qadınların ilk kosmetik aləti olmuşdur. İlk daraq nümunələri sümükdən (balıq sümüyü, mamont sümüyü, sonralar fil sümüyü), buynuzdan və ağacdan düzəldilmişdir. Avropadan aşkar edilmiş daraq nümunələrini arxeoloqlar Daş dövrünə aid edirlər. Mingəcevirdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən daraq nümunələri sümükdən hazırlanmaqla, üzərində məhsuldarlıq ilahəsini təmsil edən maral təsviri olmuşdur. Üzərində konsentrik dairələr olan digər bir darağın bu bəzəyi günəşi simvollaşdırmışdır. Neolit (Yeni daş) dövründə hörmə toxuculuğu meydana gəlmişdirsə, güman etmək olar ki, ondan da qədim olan daraqları hörmə işi ilə hasilə gətirilən daraq qablarında saxlamışlar. Bu mənada darağın və daraq qabının tarixi olduqca qədimlərlə səsləşir. MATM Etnoqrafiya fondunda mühafizə olunan daraq və qaraq qabı nümunələrindən aydın olur ki, bu məişət ləvazimatı Azərbaycanın bütün etnoqrafik bölgələrində kübar qadınlarının istifadəsində olmuşdur.