AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Güləbətin tikmə

Nümunənin reyestr kodu : SD0603000001

Güləbətin tel halına salınmış qızıl, gümüş və bürünc saplarla ağır parçalar (tirmə, məxmər, xara və s.) üzərində aparılan tikmə növüdür. Bu tikmə üsulundan arxalıq, çəpkən, araqçın, külah kimi bir çox geyimlərin və məişət əşyalarının (daraq və saat qabı, mütəkkə, balınc, örtük, taxça və rəf pərdələrinin) bəzədilməsində istifadə olunurdu.

Orta əsrlərdə güləbətin tikmə üsulunun əsas vətəni Şamaxı və Təbriz şəhərləri hesab olunurdu. Tikmənin bu növü XIX əsrdə Şamaxı, Şuşa, Naxçıvan şəhərində geniş inkişaf etmiş, həmçinin Gəncə, Şəki və Lənkəran şəhərlərində güləbətin işləmələrə təsadüf edilmişdi.

Güləbətin tikmədə işlənən qızılı və gümüşü tellər ya xalis halda, ya da iplik və ya ipək sapa sarınmaqla istifadə olunurdu. Keçmişdə Azərbaycanın bir sıra şəhərlərində ağlabənd ustalar çalışırdı. Onlar paltara vurulan başlıca bəzək vasitələrini (bafta, hərəmi, qaragöz, çapam, şəms, sərmə və s.) hazırlamaqla yanaşı, həm də qızıl və gümüş tellərdən tikmə üçün “güləbətin” sapı istehsal edirdilər. Güləbətin sapa tələbatın çox olması ilə əlaqədar, bu işlə “sırmakeş” adlanan peşəkar simkeşlər də məşğul olurdu. Onlar metal tellərin zəruri elastikliyini əldə etmək üçün yüksək əyarlı gümüşdən istifadə edirdilər. Qızılı rəngli güləbətin tel hasil etmək üçün çox vaxt gümüş tellər xüsusi olaraq hazırlanmış “qızıl suyu”na salınıb boyanırdı. Güləbətin tikmələrin parlaqlığını nəzərə çarpdırmaq məqsədi ilə tünd yerlikli qalın parçadan (məxmər və ya mahuddan) istifadə olunurdu.

Güləbətin tikmələr “hamar” və “qabarıq” olmaqla, iki cür hazırlanırdı. “Zəminduz” adlanan hamar tikmə texnikasında “kargah” (dəzgah) adlanan düzbucaqlı ağac çərçivə və tikiş iynəsindən istifadə olunurdu. Yerlik parça olaraq sıx toxunuşlu, yekrəng parçalardan, ən çox qırmızı, qəhvəyi, bənövşəyi, mavi və yaşıl rəngli məxmər işlədilirdi. Bundan əlavə, müxtəlif rəngli, zərif toxunuşlu mahud, habelə tirmə və atlaz, hətta tumac zəminduz tikmə texnikası üçün yerlik ola bilirdi. Zəminduz tikmə növünü hazırlamaq üçün müvafiq parça kargaha tarım çəkildikdən sonra onun üzərinə kağızdan kəsilmiş naxış motivlər (eskizlər) qoyulurdu. Həmin eskizlər əvvəlcə adi sapla, sonra isə zərli və ya gümüşü saplarla parçaya bənd edilirdi.

Güləbətin tikmənin bu texniki üsulu ilə ən çox qadın üst libası, baş geyimləri, məişət əşyaları, hətta at yəhərinin bəzək ləvazimatı (zinpuş, çul) tikilib bəzədilirdi. Keçmişdə nişanlı qızların cehizi içərisində güləbətin tikməli məişət əşyalarının olması ənənə halını almışdı. Nişanlı qızın cer-cehizləri arasında bu sayaq tikmə nümunələrinin olması həm də gəlinin əl qabiliyyətinin göstəricisi sayılmışdı.

“Məlihədüz” adlanan qabarıq tikmə növü isə “örtmə” tikiş üsulu ilə icra olunurdu. Burada saplar bir-birinin yanına paralel və sıx bənd edilirdi. Naxışların parça üzərində bir qədər qabarıq çıxması üçün bir neçə qatdan ibarət yoğun sapdan, hətta qaytandan istifadə edilirdi. Güləbətin tikmənin bu üsulu haşiyə bəzəyində daha geniş istifadə olunurdu.

“Örtmə” üsulu ilə tikmə texnikası təkcə güləbətin sapla deyil, yoğun əyrilmiş və müxtəlif rənglərlə boyadılmış keci sap və ya yun iplə də icra olunurdu. Xüsusilə, mürəkkəb bəzək kompozisiyasına malik “örtmə” tikmələrdə buna daha çox təsadüf edilirdi.

Güləbətin tikmələrin əsas ornamentləri həddindən artıq stilizə edilmiş quş, at, adam, gül və yarpaq təsvirlərindən ibarət idi. Bu təsvirlər adətən içli olurdu. Üfüqi və şaquli istiqamətlərdə düzülən qızıl və ya gümüş saplar stilizə olunmuş təsvirlərin içini doldururdu.

Güləbətin tikmələr keçmişdə həddən artıq geniş yayılmışdı. Bu tikmələrin gözəlliyi şairlərin əsərlərində, səyyahların xatirələrində də vurğulanmışdı. Təbriz ustalarının Osmanlı sultanı III Murada hədiyyə etdiyi və Topqapı sarayında saxlanılan xalat güləbətin tikmənin ən gözəl nümunəsi sayılır.