Xanəgah
Nümunənin reyestr kodu : DA0204000019
Xanəgah dini-mənəvi həyat tərzi olmaqla, İslamın mənəvi aspektlərinə, mərasim və ayinlərinə ciddi riayət edildiyi məkan idi. Tarixdən xanəgahların sufi təriqətinə mənsub olduğu məlumdur. Xanəgah – sufilərin yığışdığı, daimi yaşadığı, müridlərə təhsil verilən, müsafirlərin qəbul edildiyi xüsusi evə, tikiliyə deyilir. Xanəgah sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri onun farsca “ev” və “yer”, “məkan” sözündən əmələ gəldiyini, bəziləri isə “süfrə, yemək olan yer” mənasını verdiyini yazırlar. Xanəgahların yaranması haqqında da fikirlər haçalaşır. Bəziləri xanəgahların manilik və buddizm zahidlərinin hücrələrindən əmələ gəldiyini, bəziləri də onun kasıb və miskin dərvişlər üçün tikildiyini ehtimal edirlər. Xanəgahların hər birinin başçısı, yəni şeyxi vardı. Burada təriqət başçısı şeyxlə yanaşı, hoffaz (Hafizi-Quran, Quranı əzbər bilənlər), müəzzin, (azan verənlər), monavel (kitabxanaçı), qapıçı, təbbax (aşpaz), fərraş (təmizlik işlərinə baxan) və s. də qalırdı. Təriqət başçısı vəfat etdikdə, həmin xanəgah kompleksində dəfn olunur və bura ziyarətgaha çevrilirdi. Xanəgahların özünün torpaq sahələri, bağları və s. mülkləri olurdu.
Xanəgahlar səsli-sədalı bir yer olması ilə İslam dininin digər müəssisələrindən fərqlənirdilər. Orada keçirilən dərviş ritualları sufilərin birliyini ehtiva edirdi. Xanəgah müxtəlif məqsədlərə xidmət edən bir neçə hissədən ibarət inşa edilirdi. Müsafirlər və xanəgahda daimi yaşayanlar üçün hücrələr, mərasimlərin (namaz, səma, vəz və s.) keçirilməsi üçün yer, müridlərin qaldığı otaq, tədris məkanı, kitabxana, aşpazxana, yeməkxana, azuqə anbarı, hamam, xəstələrin müalicəsi üçün yer, xanəgah binası ətrafında əkin sahəsi və bağlar, tövlə və digər məkanların xanəgahda salınması zəruri idi. Bu tam kompleksi olan xanəgahlar idi.
Xanəgahların əksəriyyəti bir neçə hissədən – məscid, zikrxana, karvansara, otaqlar və s.-dən ibarət idi. Xanəgahda mürşüd və qütb (təriqət şeyxi) üçün ayrıca otaq, ibadət yeri də olardı. Xanəgah əhlinin toplaşması və mürşidin moizəsinə qulaq asması üçün nəzərdə tutulan zala “camaatxana” deyilirdi. Xanəgahlara məxsus silsilə adətlər və qaydalar da vardı ki, onlara ciddi surətdə əməl olunurdu. Bunlara əməl etməyi xanəgah əhli özünə fəxr sayırdı. Xanəgahlar, bir qayda olaraq, karvan yolları üzərində inşa edilirdi və ölkənin iqtisadi-siyasi, mədəni-ideoloji əlaqələrində mühüm rol oynayırdılar. Xanəgahlar həm də təriqət əhlinə sufiliyin nəzəriyyəsi və praktikası ilə bağlı biliklərin və təlimin verildiyi bir məkan kimi də məlum idi.
Xanəgahlar – tam kompleksli xanəgahlar və bir neçə hissədən ibarət (məscid, zikrxana, karvansara, otaqlar və s.) xanəgahlar kimi qruplaşdırılırdı.
Əbdürrəhman Cami özünün “Nəfəhatül-üns” kitabında ilk xanəgahın Şam (Dəməşq) vilayətinin (Suriya) Rəmlə məntəqəsində tikildiyini qeyd edir. Orta əsrlərdə müsəlman ölkələrində, o cümlədən Azərbaycanda təsəvvüf ideyası yayılır, şeyxlər öz davamçılarını, daha doğrusu, müridlərini yetişdirirdilər. Onların əsas toplantı məkanı xanəgahlar sayılırdı. Deməli, xanəgahların sufilərin təşkilatlanması, yəni sufi icmalarının, təriqətlərinin, qardaşlıqlarının yaranması ilə bir vaxtda meydana gəldiyini söyləmək olar. Sufi təşkilatlarının qurulması, icmaların əmələ gəlməsi bu təşkilat və icmaların məskunlaşdığı məkanların – təkkələrin (xanəgah, zaviyə) yaranmasına gətirib çıxarmışdır, desək, heç də yanılmarıq. Orta əsrlərdə, xüsusilə də XII-XV əsrlərdə Azərbaycan hökmdarları tərəfindən tikilən xanəgahların sayı artmış və coğrafiyası xeyli genişlənmişdir. Məsələn, Hülakü-Elxani xanı Qazan xanın Təbrizdə, Məhəmməd Xudabəndənin Sultaniyyədə, Hülakü-Elxanilər dövlətinin vəziri olmuş, həm də görkəmli tarixçi, filosof, şeir və sənət hamisi Fəzlullah Rəşidəddinin və onun oğlu Qiyasəddinin müxtəlif şəhərlərdə tikdirdikləri xanəgahlar əsil memarlıq abidələri olmaqla yanaşı, sufiliyin yayılma, təbliğ edilmə məkanı idi. Sonralar Uzun Həsənin dövründə də (XV əsr) çoxlu xanəgah, zaviyə, ribat fəaliyyətə başlayır. Bunların hamısı rəsmi-ictimai təşkilatlar – dərvişlərin qaldığı müqəddəs yer sayılırdı. Orta əsrlərdə xanəgahlar müxtəlif dini məsələlərə dair ciddi müzakirələrin aparıldığı mərkəzlərə çevrilmişdilər. Azərbaycanın ayrı-ayrı rayonlarında (Quba, Culfa, Şamaxı, İsmayıllı, Cəlilabad, Lerik, Hacıqabul və b.) “Xanəgah” adlı kəndlərin mövcudluğu bir zamanlar burada qaynar həyatın, təriqət təlimlərinin keçirildiyi xanəgahların olduğunu sübut edir. Onların əksəriyyətində sufi şeyxləri öz türbələrində uyuyurlar. Bu xahəgahların bəziləri (Pirsaat xanəgahı, Naxçıvanda Xanəgah kompleksi və b.) yenidən bərpa olunmuş və tarixi abidə kimi qorunmaqdadır.
-
XII-XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti
Əsgər Əhməd
2012
-
Təbriz şəhərinin maddi mədəniyyəti
İlhamə Məmmədova
2016
-
Orta əsrlərdə Azərbaycan mədəniyyəti
Xeyirbəy Qasımov
2008
- Tərtibçi və biblioqrafiya