Tafta
Nümunənin reyestr kodu : SD0401010006
XV-XVIII əsrlərdə həm daxili, həm də xarici bazarda xam ipək parçalarına tələbat artdığından, Azərbaycanda onların zəngin çeşidi və tipoloji növləri yaranmışdır. Orta əsr mənbələri Azərbaycan şəhərlərində istehsal olunmuş ipək parçaların xeyli qisminin adlarını dövrümüzədək çatdırmışdır. Bədii-texniki xüsusiyyətlərinə görə Azərbaycanın kustar ipək parçaları istehsal texnikası baxımından güləbətin və tafta toxunuşlu olmaqla iki qrupa bölünmüşdür. Orta əsrlərdə Azərbaycanda xam ipəkdən güləbətinsiz toxunan ipək parçaların çox geniş çeşidi (atlaz, darayı, məxmər, kisəyi, fitə, qanovuz, alaca və s.) yaranmışdır. Bunların hər birinin də özünəməxsus toxuma texnikası, rəng və bəzək-nəqş xüsusiyyətləri mövcud olmuşdur. Belə parçalardan biri də ipəkdən saya və ya naxışlı hazırlanan və tafta adlanan kətan toxunuşlu zərif ipək parça idi. Belə parçalar rəngli ipək saplardan miləmil və ya zolaqlı toxunur, bənövşəyi, qırmızı, qəhvəyi, göy və s. rənglərinə üstünlük verilirdi. Ümumiyyətlə, güləbətinsiz parça növlərinin hamısı istehsal texnikası baxımından taftasayağı toxunmuşdur.
Azərbaycanın ənənəvi xam ipək parçaları arasında ümumən tafta toxunuşlu parçalar üstün yer tutmuşdur. Bunların böyük əksəriyyəti enli və dar zolaqların şaquli kəsişməsindən əmələ gələn böyük və ya kiçik ölçülü xanələrdən ibarət olurdu. Bununla yanaşı, taftanın yekrəng olmaqla, müxtəlif boya çalarları da mövcud olmuşdur. Çox vaxt bəzəksiz (saya) toxunan hamar tafta bəzən güləbətin tikmə ilə bəzədilirdi. Yalnız qara rəngli taftaya bəzək vurulmurdu. Xam ipəkdən karxana şəraitində, mütəhərrik toxucu dəzgahlarında hazırlanan yüksək keyfiyyətli, zərif ipək parçaların başlıca müştərisi cəmiyyətin azlıq təşkil edən yuxarı zümrələri idi. Başqa sözlə, yüksək keyfiyyətli ipək parçalar məhdud daxili bazara malik olmaqla, əsasən, ixrac üçün istehsal olunmuşdur Taftadan ən çox qadın üst geyimləri və məişətdə işlədilən müxtəlif örtüklər hazırlanmışdır.
Tafta adlı ipək parçalar rənginə (bənövşəyi, qırmızı, qəhvəyi, göy və s.), bəzək-nəqş xüsusiyyətlərinə (saya və naxışlı) və istehsal texnikası baxımından toxunuşuna görə (taftasayağı miləmil və zolaqlı) bir-birindən fərqlənirdi.
Mütəxəssislər tafta istilahının orta əsrlərdə Yaxın Şərqin məşhur toxuculuq mərkəzlərindən biri olmuş Yəzd şəhəri yaxınlığındakı Tafta kəndinin adından götürüldüyünü güman edirlər. Tafta əsasən Şərq ölkələrində istehsal olunurdu. XVI-XIX əsrlərdə tafta istehsalı Azərbaycanda (Şamaxı, Təbriz, Gəncə, Bakı və s.) geniş yayılmışdı. Səfəvilər dövründə Şamaxıda toxunmuş və Moskvaya ixrac olunan yekrəng tafta Rusiyada “Şemaxeyka” adı ilə məşhur olmuşdur. O zamanlar burada Ərbədil taftası da şöhrət qazanmışdır. XVII-XIX əsrlərdə Azərbaycandan Rusiyaya ixrac edilən ipək parçalar arasında tafta parçalar da varmış. Təkcə Şamaxıda istehsal edilən ipək parçaların yayılma arealı çox geniş olmuşdur. Müxtəlif çeşidli mov, darayı və tafta kimi ipək parçalar satış üçün Moskva, Həştərxan, Bakı, Quba, Dərbənd, Nuxa, Şuşa və digər şəhərlərə göndərilmişdir. Tarixçi M.X.Heydərovun da tədqiqatlarından məlum olur ki, XVII əsrdə Azərbaycan şəhərlərinin say və xüsusi çəkisinin artması ilə əlaqədar olaraq ənənəvi parça toxuculuğu və paltar istehsalı emalatxana və müəssisələri şəhərlərdə daha çox cəmləşməyə başlamışdır. Bu dövrdə ən böyük toxuculuq mərkəzləri Təbriz, Ərdəbil və Şamaxı şəhərləri olmuş, bununla yanaşı, digər Azərbaycan şəhərləri – Gəncə, Naxçıvan, Ərəş, Marağa, Ordubad, Dehharqan və Mərənd də vacib istehsal mərkəzləri kimi seçilmişdir. Şəhərlər arasında parça istehsalı ilə bağlı ciddi ixtisaslaşma olmasa da, hər halda Təbriz – məxmər, atlas, qumaş, rəngbərəng qaba parça, yüngül parça (duvaq); Ərdəbil – tafta, duvaq parçası və qaba parça; Şamaxı – tafta, darayı, duvaq parçası; Naxçıvan – “qələmkar” adlanan parçaları ilə məşhurlaşmışdır.