Qəba
Nümunənin reyestr kodu : SD0304000027
Ərəblərin təsiri ilə bütün müsəlman Şərqində geyim dəstinə daxil edilmiş qəba geyim növü haqqında əlimizdə dəyərli materiallar olmadığından, etnoqraf-tədqiqatçı İ.Məmmədovanın Təbriz şəhəri ilə bağlı araşdırmalarına əsaslanmalı oluruq. Onun yazdığına görə, qəba arxalığın üstündən və əbanın altından geyilən uzunqol və ətəyi uzun libas idi. Uzaq keçmişdə bu geyim növündən demək olar ki, əhalinin bütün təbəqələri istifadə edirdi. Bizə qədər gəlib çatmış bəzi fotolarda qəbanın yaxa kəsiyi sonadək düymələnmiş olduğu halda, bəzilərində isə kəmər əvəzi şal-kəmərlə geyildiyindən, düymələrin olduğu görünmür. Qəbanın sonuncu növü yaxası düyməli olur, beldən aşağı hissəsi isə açıq qalırdı. Bu halda ətəyin hər iki tərəfində yarıqlar qoyulurdu.
XIX əsrin sonlarında Təbrizdə zəri-nasiri parçasından olan qəbalar dəbə düşmüşdü. Səyyah Y.E.Polak “Səyahətnamə”sində qəbanın ətraflı təsvirini verərək onun tafta, darayı, zərbaft parçalardan tikildiyini vurğulayır. Yaxasının kənarı və qollarının ağzında güləbətin tikmələr salınırdı. Hazırda ruhanilərin istifadəsində olan qəbanı, şübhəsiz ki, orta əsrlər dövründə hakimiyyət nümayəndələri geyinirdilər. Yüksək zümrə nümayəndələrinin qəbası (rasta qəba) düz biçimdə, adətən, zərduzdan istifadə edilərək zərbaft və ipək parçadan tikilirdi. Yay aylarında isə bir çoxları arxalıq kimi, qəbanı da “əlicə” adlı parçadan astarsız tikdirirdilər. Əlicə adlanan parça Azərbaycan və Mazandaranda daha çox toxunurdu. Yaxası boğaz hissədən soldan sağa və qoltuq altından düymələnir, dar və uzun qollara malik olurdu.
XIX əsrin birinci yarısında qəba topuğa qədər uzanır və yaxası boyvəboy açıq bişilib tikilirdi. Qəbanın üstündən şal və yaxud toqqa bağlanırdı. Həmin əsrin sonlarında isə qəba dizədək qısaldılmışdı. Nəsrəddin şahın dövründə İranda, eləcə də Təbrizdə tacir ailələrinin gəncləri, ziyalılar hər iki yanı yarıq olan qəba geyinirdilər. Bazar əhli və köhnəpərəst insanlar onlara pis nəzərlə baxır, belələrini “üçyarıqlı qəba” adlandırırdılar.
Qəba kişi və qadın qəbası olmaqla, iki qrupda təmsil olunurdu. Bundan əlavə, qəba geyim növü biçim tərzi və tikilmə texnologiyasına (xüsusilə də yaxa, qol və ətək quruluşuna), rənginə, zümrə mənsubiyyətinə və parça materialına görə də müxtəlif olurdu.
Araşdırıcıların qənaətinə görə, Azərbaycanda ərəb işğalından üzü bəri qadın və kişi dəstində qəba adlanan üst geyim növü üstün mövqe tutmuşdur. Etnoqraf-tədqiqatçı Ş.T.Bünyadova qeyd edir ki, orta əsr mənbələrində qəba haqqında verilən məlumatlar maraq doğurur. İran tarixçisi F.Rəşidəddinin əsərlərində, eləcə də Azərbaycan şairi İ.Nəsiminin yaradıcılığında qəbanın adının çəkilməsi XIV-XV əsrlərdə qəbanın geyim növü kimi istifadəsini təsdiqləyir. 1507-1520-ci illərdə – I Şah İsmayılın hakimiyyəti dövründə Təbrizdə olmuş venesiyalı tacir yazırdı: “Bütün Təbriz qadınları kişi qəbası (çuxası) geyir və onu başlarına çəkirlər. Başdan ayağa kimi bununla özlərini örtürlər (bürüyürlər). Bu qəbaların əksəriyyəti onu geyənin maddi vəziyyətindən asılı olaraq, ipəkdən, bir hissəsi isə qırmızı qumaşdan, məxmərdən və güləbətinli parçalardan tikilirdi.” Qeyd edək ki, qəbanın başa çəkilərək geyinilməsi tərzi Türkmən milli geyimlərində bu günədək qorunub saxlanılıb.
XV-XVII əsr mənbələrində həm kişi, həm də qadın geyim dəstinə aid edilən qəbanın adı çəkilir. XVII əsrdə yaşamış fransız səyyahı Jan de Taverno yazır ki, kişi geyimi olan qəbanın uzunluğu topuğa qədər olur və onu geyən şəxsin zövqünə uyğun olaraq qırmızı, sarı, yaşıl və digər rəngli parçalardan biçilib tikilirdi. XVIII əsr nəzminin ən yaxşı nümunələrindən olan deyişmələrdə (xüsusilə Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin deyişməsində) kişilərin əyinlərinə qəba geyinməsi xüsusi qeyd olunur. Artıq XIX-XX əsrin əvvəllərindəki kişi geyimlərində əlvan rənglərdən istifadə azaldığından, bu dövrdə tikilən qəbalarda yekrənglik üstünlük təşkil edirdi.