Gümüş kəmər
Nümunənin reyestr kodu : SD0303000011
Gümüş kəmər geyim bəzəklərinin geniş yayılmış növü hesab olunur. Tunc dövründən etibarən istehsalına başlanılan kəmərlər əvvəlcə əməli əhəmiyyət kəsb etmiş, zirehin bir hissəsi olaraq qarın nahiyəsini zərbələrdən qorumağa, xəncər, qılınc, qəmə asılmasına xidmət etmişdir. Sonralar geyim bəzəkləri sırasına daxil olaraq geyimə yaraşıq verən element kimi istifadə olunmuşdur. Əgər qızıl kəmərlər yalnız yüksək təbəqə qadınlarının geyim bəzəkləri sırasına daxil idisə, gümüş kəmərlər nisbətən ucuz başa gəldiyindən orta təbəqə qadınları arasında daha çox istifadə olunurdu. Gümüş kəmərlərə alıcı tələbatının yüksək olması onun müxtəlif forma və çeşidinin yaranmasını şərtləndirmişdir. Gümüş kəmər qadın geyim dəstinin vacib elementi olmaqla yanaşı, qadın gözəlliyinin incəliklərini üzə çıxaran bir element kimi də qəbul olunur.
Vaxtilə Azərbaycanda “pilək”, “qələmi”, “qabırğalı”, “qarmaq”, “sallama”, “düzmə”, “zəncirəli”, “şəbəkə”, “gül”, “aynalı”, “çərkəzi” adı ilə məşhur olan kəmərlərdən istifadə olunmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeologiya”, “Etnoqrafiya” və “Xüsusi” fondlarında müxtəlif istehsal üsulu ilə hazırlanmış rəngarəng çeşidli gümüş kəmərlər yer almaqdadır. Qəlibkarlıq və şəbəkə üsulu ilə hazırlanmış kəmərlər, ümumiyyətlə, bəzəklər bizə tarixin neçə minillik dərin qatlarına baş vurmağa bələdçilik edir. Bu məmulatları forma və istehsal texnologiyası baxımından tunc dövrü zərgərlik məmulatlarının varisi, xalqımızı isə onun daşıyıcıları hesab etmək olar. Zaman keçdikcə digər geyim növləri kimi kəmərlər də dəbə uyğun olaraq dəyişmiş, təkmilləşmiş, müxtəlif forma və çeşidləri yaranmışdır. Sonralar kəmərlər geyim mədəniyyətinə elə sirayət etmişdir ki, gənc qızları, gəlinləri və orta yaşlı qadınları kəmərsiz təsəvvür etmək mümkün deyildir. Gəlin xonçasında gümüş kəmərin olması toy bazarlığının ən vacib elementlərindən biri olaraq uzun illər öz əhəmiyyətini saxlamışdır. Hətta bəzi bölgələrdə onsuz qız ərə verilməzmiş.
Kişi və qadın geyimlərinin ayrılmaz tərkib hissəsini təşkil edən bel bəzəkləri, xüsusilə də toqqa və kəmərlər özünün bədii-ornamental xüsusiyyətlərinə, tətbiq məqamına, yayılma arealına və lokal fərqlərinə görə müxtəlif idi. Qadın kəmərləri içərisində yayılma arealına görə üstün yeri “sallama” (“ətəkli”) gümüş kəmər tuturdu. Bu növ kəmərlərin qayışı dəridən 10-12 sm enində hazırlanır, qayış kəmər toqqasına bərkidildikdən sonra üzərinə 20 qəpiklik gümüş pullar üç cərgədə bənd edilirdi. Kəmərin toqqa hissəsi iki ayrı-ayrı hissələrdən düzəldilərək bir-birinə qarmaq və halqa vasitəsilə bağlanırdı. Hissələrdən birinin (adətən, qarmaq olan hissənin) ortasına göy yaqutdan dairəvi “qaş” salınırdı. Naxçıvan bölgəsində bu cür qadın kəməri “göbəkli kəmər”, Mingəçevir və ətraf bölgələrdə isə “yar-yardan incidi” adlanırdı. Ümumiyyətlə, kəmərə ona görə “sallama” (“ətəkli”) kəmər deyilirdi ki, onun ətəyinə 10-15-20 qəpiklik qulplu gümüş pullar gümüş zəncirlər vasitəsilə aypara formasında bir-birinə bənd edilirdi. Rəqs və hərəkət zamanı bu gümüş pullar bir-birinə toxunaraq metal səciyyəli melodik səslər verirdi. Hazırda Samux rayonu Eldar kənd sakini Minayə Nəsir qızı Orucovaya məxsus olan belə gümüş kəmərlərdən biri XIX əsrin 60-cı illərində Gəncə sənətkarları tərəfindən hazırlanmaqla, bu sənət mərkəzi nümayəndələrinin fərdi yaradıcılıq qabiliyyətini bariz şəkildə nümayiş etdirir.
Azərbaycanda istifadədə olan gümüş kəmərlər adlarına, bəzək elementlərinin zənginliyinə və istehsal texnologiyasına görə bir-birindən fərqləndirilirdi.
Azərbaycanda kəmərdən istifadə Tunc dövrünə təsadüf etsə də, gümüş kəmərlər nəcib metalların istehsal texnologiyasının mənimsənilməsindən sonra meydana gəlmiş, özündən əvvəlki tunc və mis kəmərlərin davamı olaraq dövrümüzədək gəlib çatmışdır. Belə kəmərlər Azərbaycanın bütün bölgələrində geniş yayılmışdır. Gümüş kəməri gümüşbənd adlanan zərgərlər hazırlayır, onlar çox zaman qəbul etdikləri sifarişləri yerinə yetirirdilər. Azərbaycanda gümüşün bolluğu və ucuz başa gəlməsi də gümüş kəmərin istehsalına əlverişli şərait yaradırdı.