AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kəhriz kürəbəndləri

Nümunənin reyestr kodu : DA0306000003

Vaxtilə Azərbaycanda əhalini içməli su ilə təmin etmək, dağətəyi ərazilərdə əkinçilik təsərrüfatlarının suvarılmasında su çatışmamazlığını aradan qaldırmaq üçün qrunt sularını üzə çıxarmaq, su dəyirmanlarını hərəkətə gətirmək, isti mövsümlərdə tez xarab olan ərzaq məhsullarını saxlamaq (təbii soyuducu) və daimi axar su mənbəyi əldə etmək üçün kəhrizlərdən istifadə olunmuşdur. Adətən, kəhrizlər mürəkkəb qurğu olub, “yeraltı su sistemi” və “yeraltı qalareya” adlanır, onun qazılmasında “kankan” adlanan xüsusi səriştəli usta-qazmaçılar dəstə halında fəaliyyət göstərirdilər. Hər bir kəhriz baş quyu (“gumana” quyusu) və ya “etibar” quyusundan, quyular arasındakı kəhriz lağımından (“kürə”), kəhrizin sonuncu quyusu olan “gödə quyu”dan (“qoduq ayağı”ndan), “yarma-ağız” adlanan arxdan və suyun yığıldığı göldən (nohur) ibarət olurdu. Kəhriz qazılmasında ən çətin iş lağımın (kürənin) qazılması idi. Lağım (kürə) yerin relyef-landşaft quruluşundan asılı olaraq yüksək ərazidən başlanıb maili şəkildə qazılır, bir-biri ilə şaquli kəhriz quyuları vasitəsilə əlaqələndirilirdi. Adətən lağımın (kürənin) hündürlüyü 1 – 1,4 m., eni isə 0,5-0,8 m. olaraq kankanın sərbəst işləməsi üçün münasib ölçüdə müəyyən edilirdi. Sulukər və qumavar torpaqlarda qazılan kəhrizlərin lağımının uçub-dağılmaması üçün peşəkar kankanlar lağımın (kürənin) yanlarını daşla (çaydaşı, qaya daşı, kötür daş) və ya bişmiş kərpiclə hörür, üstünü isə ya yarımkürə (qövsvari) şəkildə tağbənd (kürəbənd) edir, ya da sal daşlar döşəyərək “salbənd” (çalagərdən, saybənd) edirdilər. Adətən, salbənd (çalagərdən, saybənd) torpağın uçub (“quzulayıb”) tökülməsi güman edilən yerlərində edilirdi. Tağbənd formada düzəldilmiş kəhriz lağımları yarımkürəyə bənzədildiyindən, “kürəbənd” adlanırdı. Kəhriz kürə-lağımları bəzən 20-25 m., bəzən də daha dərinlikdə (60-70 m.) qazılırdı. Lağımın (kürənin) ümumi uzunluğu suyun hansı səmtə (əraziyə) aparılmasından asılı olaraq 3-6 km., bəzən də daha artıq olurdu. Dəstə halında işləyən kankan dəstəsində (onlar 3-6 nəfər olurdu) kankan (baş usta) quyu qazır və lağım (kürə) atır, dolçu (dolsürüyən) qazılan torpağı dola doldurub çarxçıya verir, çarxçı (lovburçu) qazılb çıxarılan torpağı kənarlaşdırırdı. Dəstədə, həmçinin, lağımbardan (usta köməkçisi) və işıqçı (çıraq və ya şam tutub istiqaməti müəyyənləşdirən) də olurdu.

Kəhrizlərin və onların kürəbəndlərinin tipoloji təsnifatı yoxdur. Kəhrizlər bir-birindən yerin relyef quruluşuna, dərinliyinə, uzunluğuna, sululuq dərəcəsinə, suvarmada əhatə etdiyi sahənin genişliyinə və s. görə fərqlənir, kürəbəndlər isə istifadə edilən daş materialına, tağbəndin hündürlüyünə, kürənin (lağımın) uzunluğuna görə seçilirdilər.

Kəhriz yeraltı su şəbəkəsi, mütəxəsisslərin qənaətinə görə, ölkəmizdə miladdan əvvəl I əsrdən mövcud olmuşdur. Kəhriz şəbəkəsi Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqaz üçün daha səciyyəvi olmuşdur. Burada kəhriz kürəbəndləri daha səliqəli, davamlı və mükəmməl tərtib olunmuşdur. Keçmişdə Azərbaycanın Təbriz, Bakı, Zəncan, Gəncə, Qarabağ, Naxçıvan-Ordubad və b. bölgələrində kəhriz sistemi geniş yayılmış, kankan-lağım atanlar dəstəsi əsasən Cənubi Azərbaycandən çıxmışlar. H.Qəzvininin (XIV əsr) məlumatına görə, Təbrizdə və onun ətrafında 900 kəhriz lağımı olmuşdur. XIX-XX əsrin əvvəllərində isə Gəncədə 30-dan çox, Ordubadda 40-a yaxın kəhriz lağım-şəbəkəsi qazılmışdır. Vaxtilə Bakıda – İçərişəhərdə də 3 kəhriz-lağım (kürə) sistemi olmuşdur. XX əsrin 60-cı illərində Azərbaycanda 812 kəhriz sistemi olmuşdur ki, hazırda onun 353-ü fəaliyyətdədir. Kəhriz kürələrinin (lağımlarının) vaxtaşırı təmizlənməsi, kürəbəndlərin isə təmir edilməsi kəhriz sisteminin fəaliyyətinə həmişə müsbət təsir etmişdir.