AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ənənəvi suvarma

Nümunənin reyestr kodu : DA0306000001

Azərbaycanın düzənlik ərazisində suvarma mənbəyi kimi çaylar, dağətəyi ərazidə çaylar, bulaqlar və kəhrizlər əkinçiliyinin inkişafında əsas rol oynamışdı. Ölkədə yüzə qədər yaşayış məskəninin adının suvarma ilə bağlılığı iqtisadi həyatda suvarmanın rolunu göstərir.

Əkinçilikdə əsas suvarma mənbəyi kimi Kür və Araz çaylarından istifadə edilirdi. Bundan əlavə, əkinlər və bağlar yerli suvarma əhəmiyyətinə malik olan çay və bulaq​lardan, yeraltı sulardan və başqa suvarma mənbələrindən istifadə edilməklə suvarılırdı. Çaylardan çəkilmış ana arxlar torpaqların əkin üçün yararlı hala salınmasında mühüm rol oynamış, məhsuldarlığın artmasına və əkin sahələrinin genişlənməsinə səbəb olmuş, sututar ərazidə əhalinin məskunlaşmasına əlverişli şərait yaranmışdı.

Azərbaycanın suvarmaya əsaslanan əkinçilik təsərrüfatı əsasən iri və kiçik çaylardan götürülən kanal və ana arxlar vasitəsilə suvarılmışdı. Bu məqsədlə çaylardan kanal və ana arxlar ayrılır, həmin ana arxlardan isə ayrı-ayrı kəndlərin əkinlərini suvarmaq üçün iri və ya kiçik qol arxlar çəkilirdi.

Qədimdən suvarma əkinçiliyinin inkişafı üçün daha əlverişli şərait olan torpaqlar Azərbaycanın dağətəyi ərazisi hesab olunur. Bu ərazidə əsas suvarma mənbəyi çaylar, bulaqlar və kəhrizlər olmuşdu. Dağlıq ərazilər üçün dəmyə əkinçilik – “dəmistan” daha xarakterik idi.

Suvarma əkinçiliyində ən geniş yayılan əsas əmək aləti bel idi. Sadə formaya malik bu alətdən suvarmada, arx çəkilişində, bənd bağlamaq, yer belləmək və s. işlərdə istifadə edilirdi.

Azərbaycanda dəhnə və bəndlərin tikilməsində yerli şəraitdən, tikinti materiallarından asılı olaraq “çatma”, “dəhnəbasma” və s. üsullardan istifadə edilmişdi.

Azərbaycanda ənənəvi olaraq taxıl əkinləri, bostan və bağlar arxla selləmə (subasma), şırım, çala (lilman) və s. qaydalarla suvarılmışdı.

Azərbaycanda suvarma əkinçiliyinin tarixini Eneolit dövründən izləmək olar. Kür-Araz düzənliyində suvarma əkinçiliyinin inkişafı eramızdan əvvəlki minilliklərdən izlənilir. İsti iqlimə malik Azərbaycanda süni suvarma cüt əkinçiliyilə eyni dövrdə meydana gəlmişdir. Strabon yazırdı ki, Albaniyanın düzənlikləri arx və qeyri-sular vasitəsilə Babilistan və Misir torpaqlarından daha yaxşı suvarılır, həmişə yamyaşıl bir görkəmə malikdir, otlaq yerlərinin sayı-hesabı yoxdur.

Qədim suvarma sistemlərinin qalıqlarına hazırda Muğanın suvarılan ərazi​sində rast gəlmək olar, burada 29 kanalın yeri qalır. Başlanğıcını Araz çayından götür​müş bir-birinə paralel olan üç böyük suvarma kanalı (Hacı Hüseyn arxı, Govurarx, Qaşqay arxı) Mil düzünün suvarılmasında əsas rol oynamışdı. Mil düzün​dən keçən, başlanğıcını Araz çayından götürən Govurarx eramızın II əsrindən sonra çəkilmişdi. Şirvan düzənliyi isə Kür çayından çəkilmış ana arxlar vasitəsilə suvarılmışdı. Burada Xanarx, Govurarx, Qumlavar və başqa kanalların, qədim süni göllərin izləri bu gün də qalır.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Kür və Akuşa (Kürün qolu) çaylarından çarxla (taxta çarx) su çıxarılaraq əkinlərə axıdılırdı. XX əsrin əvvəllərində təkcə Kür çayı üzərində 850-dən çox, Akuşa çayında isə 600-ə qədər suqaldıran çarx işləyirdi. 1900-cü ildən etibarən Kür və Akuşa çaylarının sahillərində mühərriklə işləyən suqaldırıcı qurğular işə salınır, 1910-1915-ci illərdə Kür çayı üzərində bu qurğuların sayı 100-ə çatırdı.

XIX əsrdə Mil və Muğan torpaqlarının məhsuldarlığı və əlverişli iqlimi pambıqçılığın inkişafına geniş imkan yaradırdı. 1900-cü ildə Muğanda suvarma sisteminin tikintisinə başlanılır və bir il sonra Sarıcallar kanalı, 1902-1908-ci illərdə isə Aşağı və Yuxarı Qolitsin kanalları çəkilmiş, sonrakı illərdə Aşağı Muğan, Yuxarı Muğan kanalları işə düşmüşdü.

Azərbaycan Cənubi Qafqazda kəhriz suvarma sisteminin vətəni hesab olunur. Naxçıvan, Qarabağ, Gəncə, Qazax, Abşeron bölgəsində, hətta Lerik rayonunda qədim kəhrizlərin qalıqları mövcuddur.