Qəsəbə
Nümunənin reyestr kodu : DA0202000020
Azərbaycanda tarixin ayrı-ayrı mərhələlərində yaşayış məskənlərinin müxtəlif tip və formaları mövcud olmuşdur. Zəmanəmizə qədər gəlib çatmış yaşayış məskənlərinin tip və formalarının meydana gəlməsində təbii-coğrafi şəraitin, mövcud ictimai-iqtisadi və siyasi quruluşun, məhsuldar qüvvələrin inkişafının, həmçinin sosial-iqtisadi inkişaf xüsusiyyətlərinin, ailə həyatı normalarının və təsərrüfat fəaliyyəti yönümünün həlledici rolu olmuşdur. Bu amillərin fəal təsiri sayəsində xalq məişətində əmələ gələn yeni keyfiyyət dəyişikliyi, yaşayış məskənlərinin müxtəlif tip və formalarının meydana gəlməsinə zəmin yaratmışdır. Görkəmli tədqiqatçısı İ.V.Vitova görə, “yaşayış məskəni sosial həyatın maddi ifadəsidir”, “istehsal münasibətləri və sosial formasiyalar isə yaşayış məskənlərinin xarakterini müəyyənləşdirən əsas amillərdir”.
Yaşayış məskənlərinin ən cavan tiplərindən biri qəsəbədir. Sovet dönəmində yaranan qəsəbə öz inkişafına görə kənddən böyük və şəhərdən kiçik olan, özünün memarlıq-kompozisiya və plan quruluşuna görə kənddən tam fərqli bir məskən tipidir. Bu vaxta qədər isə özünün plan quruluşuna görə müasir qəsəbəni xatırladan Basqal, Ağsu, Lahıc, Vənənd, Əylis, Zəyəm, Dəllər və s. yaşayış məntəqələri qəsəbə deyil, məhz kənd adlandırılmışdır. Məsələn, Əylis yaşayış məskənindən bəhs edən A.M.Mehdiyev yazır ki, Naxçıvan bölgəsində elə iri kəndlər olmuşdur ki, özünün planlama strukturuna görə şəhər tipli yaşayış məskəninə yaxın olmuşdur. Bunlardan biri də iki hissədən (Yuxarı və Aşağı) ibarət olan Əylis kəndidir. Kəndin əsas küçəsi olan Poçt küçəsi çaya paralel uzanır. Bu küçədən ikinci dərəcəli qol-küçələr ayrılır. Hər iki kəndi iki körpü birləşdirir. Kəndin əsas kompozisiya şəbəkəsini sol sahildə yerləşən meydan tamamlayır ki, burada məscid və hamam vardır. Poçt küçəsindən şaxələnən yol sağ sahildə yerləşən bazar meydanına aparıb çıxarır. Kəndin öz kəhriz sistemi də vardır.
Qəsəbəni kənddən fərqləndirən əsas cəhət onun əhalisinin sayının çoxluğu və təsərrüfat məşğuliyyətinin fərqli xarakteridir. Sovet dövründə yaranan kolxoz və sovxoz qəsəbələri plan əsasında salınaraq geniş küçələrə, xiyabanlara, vahid layihə əsasında tikilmiş yaraşıqlı evlərə malikdir. Adətən, düzənlik sahələrdə salınmış bu qəsəbələr səlis küçə planı ilə xarakterizə olunur. Qəsəbənin mərkəzi ilə uzanan baş küçədə inzibati binalar, dükan, yeməkxana, çayxana, klub, kino-teatr, məktəb, uşaq bağçası, xəstəxana və s. yerləşir. Yaşayış binalarından ibarət digər küçələr mərkəzi küçəyə köndələn olub, vahid memarlıq görkəmi əmələ gətirir. Şamaxı rayonundakı Sabir adına qəsəbə, İsmayıllı rayonundakı Diyallı kəndi yaxınlığında eyni adlı qəsəbə plan əsasında salınmışdır. Qəsəbə yaşayış məskəninin sonrakı mərhələsini şəhər tipli qəsəbə təşkil edir. Şəhər tipli qəsəbə də əhalisinin sayının çoxluğuna və məskunlaşmanın şəhərsayağı xarakterinə görə belə bir statusa malik olur.
Azərbaycanın yaşayış məskənləri uzaq keçmişdən üzü bəri daimi və müvəqqəti yaşayış məskənləri olmaqla iki qrupa bölünür. Daimi yaşayış məskəninə təbii və süni mağara (kaha, zağa, kühül, daran və s.), kənd, şəhər, qəsəbə, şəhər tipli qəsəbə; müvəqqəti yaşayış məskəninə isə оbа, binə, qışlaq, şenlik, sığırxana, yataq, yurd, düşərgə, yaylaq, dəkkə, dəngə və s. aid edilir.
Qəsəbə, bir yaşayış məskəni tipi kimi, Sovet dövrünün məhsuludur desək, heç də yanılmarıq. XX əsrin 30-cu illərindən başlayaraq məhsuldar qüvvələrin sürətli inkişafı, yeni təsərrüfat formalarının yaranması ilə əlaqədar olaraq xalq yaşayış məskənlərinin yeni tipi kolxoz və sovxoz qəsəbələri meydana gəlmişdir. Hazırda Azərbaycan Respublikasında 25 şəhər tipli qəsəbə, paytaxt Bakıda isə 4 bu tip qəsəbə mövcuddur. Azərbaycanın, demək olar ki, kənd rayonlarının əksəriyyətində yeni tipli qəsəbələr vardır. Belə məskən tiplərinin əsas memarlıq-plan quruluşuna daxil olan baş küçə özündə inzibati, mədəni-məişət, ticarət və yaşayış binalarını birləşdirir. Belə qəsəbələr geniş xiyabanları, işıqlı küçələri, mədəniyyət və istirahət parkları, müasir memarlıq üslubunda tikilmiş yaraşıqlı binaları ilə diqqəti cəlb edir.