AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Məjdiyyə (məcidiyyə)

Nümunənin reyestr kodu : SD0303000021

Muncuq düzümlü boyunbağılar kimi, qızıl boyunbağıların sikkə düzümündən ibarət tərtib olunmuş tipoloji növləri də ayrıca bir qrup təşkil etmişdir. Həm də sikkə boyunbağılar müxtəlif ölkələrə məxsus qızıl və gümüş pullara qulp bənd edilərək düzəldildiyindən, fərqli adlarla tanınırdı. “Bacaqlı”, “imperial”, ”əşrəfi” boyunbağı, yaxud “məjdiyyə” (məcidiyyə) yaxalıq bu qəbildən olan boyun-yaxa zinətlərinə daxil idi. Qulplu sikkələrdən düzəldilən boyunbağı hansı ölkənin sikkə növündən hazırlanırdısa, həmin adla da tanınırdı.

“Məjdiyyə” Türkiyədə Sultan Əbdülməcid tərəfindən 1844-cü ildən kəsdirilən qızıl və gümüş sikkələr idi. Azərbaycanda o, Sultan Əbdülməcidin şərəfinə “məjdiyyə” (məcidiyyə) adı ilə yayılmışdır. Çəkisi 7,2 q, nominal dəyəri 100 quruşa bərabər olan bu qızıl sikkələr “Osmanlı lirəsi” kimi də tanınmışdır. Azərbaycanın Muğan bölgəsi üçün daha xarakterik olan “məjdiyyə” və “imperial” boyunbağını hazırlamaq üçün zərgərlər, bir qayda olaraq, sapa (ipə) əvvəlcə böyük “hil”i, sonra isə xırda “apra hil”ləri sıra ardıcıllığı ilə düzürdülər. Altı ədədi sağda, altı ədədi isə solda olan həmin hillərin arasına qulplu qızıl imperial və yaxud da məjdiyyə qızıl sikkəsi asılırdı. Boyunbağı boğaza elə səliqə ilə bağlanırdı ki, onun məjdiyyə və ya imperial taxılan hissəsi sinənin ortasında qalırdı. Qadının görkəmindən (boğazının ölçüsündən) asılı olaraq böyük və kiçik hillərin sayı arta və ya azala bilərdi.

Sikkə düzümlü boyunbağılar qrupuna aid edilən məjdiyyə boyunbağının elə bir tipoloji təsnifatı yoxdur. Ancaq o, boyunbağıya salınan hillərin sayına görə böyük və kiçik olmaqla fərqlənirdi.

Sikkələrdən hasilə gətirilən boyunbağılardan istifadənin tarixi çox qədimlərə gedib çıxır. Bəşərin ilkinlik çağlarında ibtidai insanlar boyunbağıların magik gücünə inanaraq daş muncuqlar və balıqqulağından sikkəyəbənzər boyunbağılar gəzdirərdilər. Məlum olduğu kimi, qədim dünyanın güclü dövlətlərinin əksəriyyətində zərbxanalar mövcud olmuşdur. Burada zərb olunan metal sikkələr (qızıl, gümüş və s.) təkcə tədavül vasitəsi olmamış, ondan yerli zərgər emalatxanalarında həm də bəzək əşyaları (boyunbağı, yaxalıq, ətəklik, bilərzik və s.) hazırlanmışdır. Bizans imperiyası zərgərlərinin hazırladıqları qızıl sikkələrdən ibarət bəzəklər buna misal ola bilər. Fransada Luvr Muzeyinin kolleksiyasında Bizans imperatoru Böyük Konstantinin (306-337-ci illər) və onun oğlanları Krisp və II Konstantinin əksi həkk olunmuş qulplu, şəbəkəli sikkə-asma boyunbağı, Misirdə Likopol yaxınlığında aşkar olunan, Bizans imperatorları II Feodosi (402-450-ci illər) və ya I Yustinian dövrünə (527-565-ci illər) aid edilən, hazırda Nyu-Yorkda Metropoliten Muzeyində saxlanılan, mərkəzində bir böyük və hər kənarında yeddi ədəd qızıl sikkəni imitasiya edən qulplu qızıl pektoral (boyun-yaxa bəzəyi), eləcə də anqlo-sakson zərgərlərinin VI-VII əsrlərdə hazırladıqları qulplu asma sikkə-medalyonlar, Gürcüstan Milli Muzeyində saxlanan və miladdan əvvəl 330-cu ilə aid edilən sikkəli boyunbağı və s. metal sikkələrdən zərgərlik işində fəal surətdə istifadə edildiyini sübut edir. Sikkələrdən hazırlanan baş bəzəkləri, boyunbağı, ətək və yaxa bəzəkləri orta və son orta əsrlərdə də, onun magik – ovsun (sehr, tilsim) qüvvəsinə inanılaraq varlılıq və firavanlıq simvolu kimi istifadəsi daha intensiv olmuşdur. Sikkə düzümlü boyunbağılar, xüsusilə də məjdiyyə XIX-XX əsrin otalarına qədər Muğan bölgəsində, Abşeronda, Qarabağda geniş şəkildə qadın bəzət-zinət dəstinə daxil edilmişdir.